Akademik Zərifə Əliyevanın nailiyyətləri Azərbaycan tibb elminin parlaq səhifələridir

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində təntənəli tədbirlər keçirilib.

Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları ənənəvi olaraq Fəxri xiyabanda Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçək dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Sərhəd Xidmətinin aparatında dünya şöhrətli alim, ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanışlıqdan sonra rəsmi mərasim keçirilib.

Tədbirdə minlərlə insanın gözlərinə nur bəxş etmiş istedadlı alim, bacarıqlı pedaqoq Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolu barədə geniş məlumat verilib, elm üçün gözəl tədqiqatçı, ulu öndər Heydər Əliyev üçün ömür-gün yoldaşı, sadiq dost, qayğıkeş ana və ən yüksək mənəvi keyfiyyətlərə malik nəcib xanım olması xüsusi qeyd edilib.

Diqqətə çatdırılıb ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə yorulmadan apardığı tədqiqatlar, qazandığı nailiyyətlər Azərbaycan tibb elminin parlaq səhifələrindəndir. Görkəmli alimin elmi fəaliyyətinin nəticələri 150-dən artıq əsərdə, 10 monoqrafiyada, həkimlər üçün dərs vəsaitlərində, sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodiki tövsiyələrdə əksini tapıb. Göz xəstəlikləri üzrə elmi-tədqiqat işləri akademik Zərifə xanım Əliyevaya böyük şöhrət gətirib və onu dünyada məşhurlaşdırıb.

Bildirilib ki, fundamental elmi tədqiqatları ilə oftalmologiyanın inkişafına böyük töhfələr verən akademik Zərifə xanım Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın olub. Akademik Zərifə xanım Əliyeva həm də böyük ictimai aparıb, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik” Cəmiyyətinin İdarə Heyətinin üzvü olub, əməkdar elm xadimi fəxri adına layiq görülüb.

Tədbirin sonunda rejissor Vaqif Mustafayevin "Heydər Əliyev. Əsl məhəbbət haqqındasənədli filmi nümayiş etdirilib.

 

Azərbaycan.- 2019.- 28 aprel.- S.3.