İçərişəhər dövlət səviyyəsində qorunur və lazımi qayğı göstərilir

 

Mehriban ƏLİYEVA: "İçərişəhər bütün Azərbaycan üçün, bizim bütün vətəndaşlarımız üçün çox doğma və əziz yerdir

 

Bakının tarixini özündə yaşadan İçərişəhər bu gün insanlar tərəfindən sevilən, yerli tarixi abidə kimi qorunan diqqətdə olan məkanlardan biridir.

Təsadüfi deyil ki, Şirvan-Abşeron memarlıq məktəbinin ən məşhur nümunəsi sayılan İçərişəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi özlüyündə xalqımız üçün böyük qürurverici bir faktdır. Qədim Bakının keçmişini, bakılıların məişətini, milli-mədəni arxitektura nümunələrini özündə yaşadan bu əraziyə istər ictimaiyyət nümayəndələri, tarixçilər, tədqiqatçılar, istərsə də Azərbaycan dövləti həmişə xüsusi qayğı nümayiş etdirir. Elə bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İçərişəhərdə olması, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə yaxından tanış olması deyilənlərə bariz nümunədir.

Görüş zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyeva bildirdi ki, İçərişəhər Azərbaycan üçün, bizim bütün vətəndaşlarımız üçün çox doğma və əziz yerdir: "Bakımızın ürəyidir. Bu, doğrudan da çox dəyərli tarixi və mədəni abidədir. Yadımdadır, bir zamanlar İçərişəhər UNESCO-nun "qara siyahısı”na salınmışdı. Çünki burada bərpa işləri aparılmırdı. Bütün bu qanunlara zidd hərəkətlər olub. O zaman məhz Prezidentin göstərişi ilə İçərişəhərdə bir çox işlər, bərpa, yenidənqurma işləri aparıldı. Sakinlərin, sahibkarların məramları nəzərə alınaraq İçərişəhərin hər binasına, hər bir daşına dövlət tərəfindən böyük diqqətlə yanaşıldı. Novruz bayramında Prezidentlə bizim burada gəzintimiz oldu və sakinlərlə ünsiyyətdə olduq. Fəxr edirik ki, Bakımızın belə İçərişəhəri var. Əminəm ki, bu, hər bir azərbaycanlının ürəyində yaşayan bir hissdir. Təbii ki, Qala divarının heç bir daşına da ziyan vurmaq olmazheç zaman vurulmayacaq”.

Bu tanışlıq zamanı bəzi mətbuat səhifələrində, sosial şəbəkələrdə İçərişəhərin qala divarlarının dağıdılması ilə bağlı ictimai rəydə narahatlıqlar yaradan informasiyaların da doğru olmadığı üzə çıxdı. Belə ki, bəzi araqarışdıranlar 1954-cü ildə dağılmış divarın rəsmlərini qəsdən indi qoyubbugünkü hal kimi təqdim ediblər.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Əsgər Ələkbərov Birinci vitse-prezident Mehriban xanım Əliyevaya görülən işlərlə bağlı ətraflı məlumat verərkən bildirmişdir ki, dövlət başçısının fərman və sərəncamlarına əsasən, qoruq ərazisində tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşününuzunömürlülüyün təmin edilməsi üçün daim müvafiq tədbirlər həyata keçirilir. Hazırda idarə tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların yenidən qurulması işləri həyata keçirilir. Aparılan təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl gətirməyəcək və o, əvvəlki görünüşünü saxlayacaq.

Məlum oldu ki, son illər İçərişəhərdə Qala divarı üzərində aparılan bütün bərpa işlərinə bu sahədə ən aparıcı ekspertlər cəlb olunub. Burada yeni aşkar olunmuş tarixi abidə - hamam yüksək keyfiyyətlə bərpa olunur, unikal strukturu qorunur. Təmir zamanı hamamdan tapılan ağac parçası bu memarlıq abidəsinin yaşını müəyyən etmək üçün Almaniyaya göndərilib. Heç bir yeni əlavə yoxdur, yalnız köhnə pilləkənlər və qübbələr yenilənib. Əvəz olunan bütün daşlar da əvvəlki dövrə uyğundur. Binanın içərisində saxlanan tarixi elementləri orijinal formada görməyə imkan verəcək konservasiya işləri aparılır. Bərpa və yenidənqurma işləri başa çatdıqdan sonra burada açıq havada muzey yaradılacaq və ziyarətçilər orta əsrlərə aid abidənin gözəlliyini daha yaxından seyr edəcəklər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunda görülən işlərlə tanışlıq zamanı demişdir:

"İçərişəhərdə hansısa bir bərpa, təmir işinin aparılması nəzərdə tutulubsa, bu işləri başlamamışdan əvvəl biz ictimaiyyətə geniş şəkildə məlumat verməliyik... Narahat olan insanları çox yaxşı başa düşürəm. Belə hallarla, belə yalanlarla üzləşməmək üçün biz gərək özümüz bütün informasiyanı dolğun şəkildə ictimaiyyətə təqdim edək. İşlər başlamamışdan əvvəl təqdim edək ki, belə işlər görülməlidir, niyə görülməlidir, necə görülməlidir. O zaman hər şey də yaxşı olacaq. Ona görə bir daha deyirəm, bir daşa da ziyan dəyməməlidir. İçərişəhərimiz gözəldir, bizim sərvətimizdir, bundan sonra biz onu qoruyub saxlayacağıq, gələcək nəsillərə eyni şəkildə təhvil verəcəyik”.

Xalqımız əmin ola bilər ki, Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi olan İçərişəhər dövlət səviyyəsində qorunur.

 

Rəhman SALMANLI

 

Azərbaycan. - 2019.-30 aprel.- S.1; 4.