Azərbaycan-Fransa iqtisadi əlaqələrinin səviyyəsi məmnunluq doğurur

 

İki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensial var

 

Azərbaycanın Avropada siyasi, iqtisadi və mədəni baxımdan sıx əlaqələri olan ölkələrdən biri Fransadır. Rəsmi Paris də həmişə Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verib. İndiyədək Azərbaycan və Fransa prezidentlərinin qarşılıqlı səfərləri siyasi anlaşmanın yüksək səviyyədə olmasını təsdiqləməklə yanaşı, digər sahələrdə də əlaqələrin dərinləşməsinə xidmət edib.

Hazırda iki dövlət arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olmasının səbəbi də məhz dərin siyasi anlaşmadır. Xatırladaq ki, Fransa öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyinə” daxildir. Ümumi iqtisadi göstəricilərinə görə Avropada Almaniyadan sonra ikinci olan bu ölkə dünyanın 5-ci iqtisadi gücüdür. O, dünyada ÜDM-in 5 faizini, ticarətin isə 6 faizini formalaşdırır.

Bu gün fransız şirkətləri Azərbaycanın enerji layihələrində yaxından iştirak edirlər. "Suez”, "Total”, "Thaleskimi şirkətlər respublikamızda dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrin mühüm tərəfdaşlarıdır. Bu layihələrin dəyəri təqribən 2 milyard avroya yaxındır. Ümumilikdə respublikamızda sənaye, xidmət, rabitə, ticarət, bank və sığorta, kənd təsərrüfatı sahələrində 45 Fransa kapitallı şirkət fəaliyyət göstərir. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində də iştirak ediblər.

Azərbaycan həm də Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Təsadüfi deyil ki, ötən il Fransanın Cənubi Qafqazın 3 ölkəsi ilə ümumi dövriyyəsinin 62,4 faizi məhz Azərbaycanın payına düşüb. Bu ilin ilk 5 ayında iki ölkə arasında ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 53 faizdən çox artıb. Xatırladaq ki, ötən il ticarət dövriyyəsi 624,7 milyon dollar təşkil edib.

İnvestisiyalar sahəsində də uğurlu əməkdaşlıq mövcuddur. Belə ki, Azərbaycan tərəfindən Fransaya 2,6 milyard dollar, Fransa tərəfindən isə Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollardan çox investisiya yatırılıb.

İyulun 29-da Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Meri qəbul edən Prezident İlham Əliyev iki ölkə arasındakı iqtisadi əlaqələrin səviyyəsindən razılığını diqqətə çatdırıb. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək bu baxımdan biznes əlaqələrinin və biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin önəmini qeyd edib. Dövlət başçısı fransız şirkətlərinin Azərbaycandakı səmərəli fəaliyyətini qeyd edərək, onların sayının artmasından məmnunluğunu ifadə edib, investisiya sahəsində də yaxşı əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Brüno Merin Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşündə də digər məsələlərlə yanaşı iqtisadi əməkdaşlıqdan da məmnunluqla söz açılıb. İqtisadi əlaqələrin münasibətlərin inkişafında xüsusi yer tutduğunu vurğulayan Birinci vitse-prezident son zamanlar bu sahədə müşahidə edilən müsbət dinamikanın ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə olacağını deyib. Mövcud potensialdan tam istifadə etməyin vacibliyini diqqətə çatdıran Mehriban Əliyeva həmçinin Azərbaycanda son illərdə iqtisadi sahədə böyük islahatların aparılmasında əsas məqsədin iqtisadiyyatın şaxələndirilməsi olduğunu bildirib. Mehriban Əliyeva özəl sektorun rolunun artırılmasının zəruriliyinə toxunub, bu sahədə Fransanın təcrübəsinin maraq doğurduğunu deyib.

Ümumiyyətlə, iki ölkə arasında iqtisadi sferada əməkdaşlığı daha da dərinləşdirmək üçün böyük potensial var. Xüsusən Azərbaycanda aparılan iqtisadi islahatlar Fransa şirkətləri üçünyeni əlverişli sərmayə imkanları yaradır. Öz növbəsində Fransa da Azərbaycanla iqtisadi əməkdaşlığının yeni mərhələyə yüksəlməsində maraqlıdır. Bu ölkə Azərbaycanda neft-qaz layihələri çərçivəsində əməkdaşlığın genişləndirilməsini istəyir. Bundan əlavə, fransız şirkətləri Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, nəqliyyat sektoru, maliyyə, ekologiyasair sahələrdə əməkdaşlıq etməyə maraq göstərirlər.

Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Merin Azərbaycana səfəri əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradır. İqtisadi əlaqələrin yeni mərhələyə qaldırılmasında Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya son səfərləri mühüm rol oynayıb. Belə ki, ötən ilin iyulunda Prezident İlham Əliyevin, bu ilin martında Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya rəsmi səfərlərinin nəticəsi olaraq iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verilib. Məhz bu səfərlərdən sonra iqtisadi əməkdaşlıq sahəsinə böyük işlər görülməkdədir və bir sıra layihələr üzrə sazişlər imzalanıb. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın vaxtlarda Azərbaycan-Fransa iqtisadi əməkdaşlığı daha da dərinləşəcək və yeni uğurlara nail olunacaq.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 1 avqust.- S.1; 4.