İlham Əliyev diplomatiyasının növbəti təntənəsi

 

Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməsi həm ölkənin, həm də onun liderinin böyük nüfuzuna, müstəqil siyasətinə göstərilən etimaddır

 

Cənubi Qafqazın lider ölkəsi sayılan Azərbaycan 2019-2022-ci illərdə BMT-dən sonra, dünyada ikinci mötəbər, böyük təşkilat olan, 120-si daimi, 17-si isə müşahidəçi olmaqla 137 dövləti və 10 beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatına sədrlik edəcək.

2016-cı ilin sentyabrında hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunmuşdur.

Bir sıra ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə bu ilin 21-26 oktyabr tarixlərində Bakıda "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda XVIII Zirvə görüşü keçiriləcək. Həmin tarixdən etibarən Azərbaycan növbəti 3 il üçün təşkilata rəhbərlik funksiyasını yerinə yetirəcək.

Təbii ki, bu tarixi hadisə Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir.

Ötən həftə isə Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin Qoşulmama Hərəkatına hazırda sədrlik edən Venesuela Bolivar Respublikasının Karakas şəhərində Hərəkatın Nazirlər Şurasının iclasında iştirakı zamanı Bakıda keçiriləcək Zirvə Görüşünə hazırlıqla bağlı məsələlər müzakirə edilib. Tədbirin sonunda Qoşulmama Hərəkatının məqsəd və prinsipləri ilə əlaqəli beynəlxalq sülh, təhlükəsizlik və sosial-iqtisadi inkişafa dair bir çox məsələlərin əks olunduğu yekun sənəd qəbul olunub. Sənəddə Azərbaycanın mövqeyini dəstəkləyən bənd öz əksini tapıb. Eyni zamanda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qaldığı, beynəlxalq və regional sülh və təhlükəsizliyə təhdid yaratmaqda davam etdiyi nazirlər tərəfindən təsdiqlənib. Həmçinin sözügedən bənddə Qoşulmama Hərəkatına üzv ölkələrin nazirləri BMT Nizamnaməsində əks olunan gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha təsdiqləyərək tərəfləri münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində danışıqlar yolu ilə nizamlanması axtarışını davam etdirməyə çağırırlar.

Azərbaycanın 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rolu olan çoxtərəfli platformadır. 137 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə vermək olan hərəkat qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir.

Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə ölkəmizin daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaradıb. Qoşulmama Hərəkatına üzv olduğu nisbətən qısa müddət ərzində Azərbaycan özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuzetimad qazanıb.

Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin məqsədi üzv dövlətlərlə birlikdə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolununüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa öz töhfəsini artırmaq olacaq. Prezident İlham Əliyevin sərəncamı ilə XVIII Zirvə Görüşünün təşkili məqsədilə Təşkilat Komitəsi də yaradılıb.

Son onillikdə qlobal tərəfdaşlığın, sivilizasiyalararası əməkdaşlığın ən səmərəli platformasına çevrilən, onlarca beynəlxalq təşkilata həm sədrlik, həm də tədbirlərə evsahibliyi edən Azərbaycana bu Hərəkata rəhbərliyin həvalə edilməsini yalnız onun təcrübəsi ilə əlaqələndirmək yanlış olardı. Əlbəttə ki, bu qərarın qəbulunda təcrübədən daha üstün mövqe nüfuz və qətiyyət amilidir. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasət Azərbaycanı etibarlı və məsuliyyətli tərəfdaşa çevirib. Bu isə Azərbaycan xarici diplomatiyası üçün böyük nailiyyətdir və dünya bu zəfəri aydın görür.

Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Hərəkatın prinsipləri və niyyətləri üzv ölkələrin sabit inkişafına yardım edir. Qoşulmama Hərəkatı hansısa tərəfin hegemonluğuna və digər ölkələrin sabitliyinə olan hücumlara qarşıdır.

Digər tərəfdən Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək Zirvə Görüşünün böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən evsahibliyi edəcək. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha dünyaya nümayiş etdirəcək.

Ötən il aprelin 5-6-da Bakıda Qoşulmama Hərəkatının "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda xarici işlər nazirlərinin konfransında Prezident İlham Əliyev bu təşkilatın fəaliyyətini dəyərləndirərkən bildirmişdi ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Hərəkat beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir: "Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Biz bu ailəyə 2011-ci ildə qəbul olunduq, dərhal təşkilatın və onun üzvlərinin dəstəyini hiss etməyə başladıq. Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı nümayiş olundu. Bu 2011-ci ildə, ölkəmizin təşkilata qəbul olunduğu eyni ildə baş verdibiz tərəfdaşlarımızın güclü dəstəyini hiss etdik. Bu, o qədər də asan məsələ deyildi, çünki bizim güclü rəqiblərimiz var idi və həmin rəqiblər təşkilatımıza üzv olmayan ölkələr idi. Seçilməyimiz üçün 16 raund tələb olundubiz 155 dövlətin dəstəyi ilə qeyri-daimi üzv seçildik. Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi bizim ən mötəbər beynəlxalq quruma üzv seçilməyimizdə həlledici rol oynadı”.

Dövlət başçısı onu da bəyan etdi ki, Azərbaycan "Ekspo 2025”ə öz namizədliyini irəli sürən Qoşulmama Hərəkatının yeganə üzvüdür. Bu addımın özü göstərir ki, Azərbaycan bu cür mühüm qlobal tədbiri keçirməyə qadirdir.

Onu da əlavə edək ki, paytaxtımızda keçirilən son konfransda qəbul olunan Bakı Bəyannaməsində ölkəmizin maraqları baxımdan fundamental məsələlər öz əksini tapıb. Sənədin giriş hissəsində Qoşulmama Hərəkatının suverenlik və dövlətlərin suveren bərabərlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutduğu, təcavüz və sülhün pozulması hallarının qarşısının alınması üçün effektiv tədbirlərin həyata keçirilməsi, həmçinin dövlətlərin ərazi bütövlüyüsiyasi müstəqilliyinə qarşı hərbi təcavüzdən kənar durulması təsbit olunub.

Ümumiyyətlə, 2012-ci ildən etibarən Qoşulmama Hərəkatının qəbul etdiyi bütün sənədlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına birmənalı dəstək və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında həllinə çağırış ifadə olunur.

2012-ci ildə Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Yekun Sənədində Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə olunmuşdu. 120 ölkənin münaqişənin məhz Ermənistan və Azərbaycan arasında olmasını təsbit etməsi də çox əlamətdar məqam idi. Həmin il Hərəkatın Dövlət və Hökumət Başçılarının Zirvə Görüşünün Yekun Sənədində də üzv dövlətlər münaqişənin məhz Azərbaycanın "ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllinə dəstəyi ifadə etmişlər. Həmçinin 2014-cü ildə də Hərəkatın sammitinin yekun sənədində eyni məzmunlu münasibət bildirilib.

Yeni dünya sisteminin reallıqlarına uyğunlaşdırılan fəaliyyətilə insan yaşayan bütün qitələrdə, bölgələrdə təmsilçi üzvü olan Hərəkatın prinsipləri də ədalətlidir. 10 əsas müddəa içərisində - dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək; digər ölkələrin daxili işlərinə qarışmaqdan çəkinmək; böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək; digər ölkələrin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək; qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək; ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək kimi məqsədlər əslində Qoşulmama Hərəkatının mahiyyətini müfəssəl izah edən məqamlardır.

Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi məsələsinə gəlincə isə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, prioritetlərin hazırlanması prosesi hazırda son mərhələdədir. Məqsəd üzv dövlətlərlə birgə hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolununüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa töhfəmizi artırmaq olacaq: "Qoşulmama Hərəkatının fəaliyyətinin əsaslarını təşkil edən tarixi "Bandunq Prinsipləri”, - o prinsiplər ki, özündə bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, başqa ölkələrin suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyətdən güc tətbiqindən imtina, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların və əməkdaşlığın təşviqi, ədalətə və beynəlxalq öhdəliklərə hörmət kimi prinsipləri ehtiva edir, - tam olaraq Azərbaycan Respublikasının xarici siyasətinin ana xətti ilə uzlaşır. Azərbaycan Respublikasının QH-də sədrliyi zamanı fəaliyyəti, prioritetləri məhz bu təməl prinsiplər üzərində qurulacaq”.

Hikmət Hacıyevin fikrincə, tərkibində 120 ölkəni birləşdirən bu hərəkata sədrlik etmək böyük siyasi iradə, məsuliyyət, diplomatik gücimkanlar tələb edir. Azərbaycan Prezidenti İlham Əliyev qarşıdan gələn 3 il ərzində bu məsuliyyəti öz üzərinə götürməyə hazırdır və qadirdir.

Bir sözlə, oktyabrda keçiriləcək XVIII Zirvə Görüşü, Venesuelada sədrliyin ölkəmizə keçməsi həm Azərbaycana, həm də onun Prezidentinin müstəqil siyasətinə verilən ən yüksək qiymətdir. Hərəkata sədrlik dövrü isə Azərbaycan dövləti üçün yeni hədəflərin müəyyənləşməsində əsas istiqamət və mühüm istinad olacaq desək, yanılmarıq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 2 avqust.- S.1; 4.