Dar döngələr kasıbların, geniş meydanlar varlıların məskəni idi

 

Məhəllələr

 

İnkişaf etmiş orta əsrlərdə Bakı şəhəri tikilərkən əyri dar küçələrdən və dörd məhəllədən təşkil olunmuşdu. Orta əsrlərdə isə İçərişəhər artıq doqquz məhəllədən təşkil olunmuşdu. Hər məhəllə bir məscidin adı ilə adlanırdı və oranın öz mollası vardı. Cümə məscidi məhəlləsi, Şah məscidi məhəlləsi, Məhəmmədyar məscidi məhəlləsi, Hacı Qeyib məscidi məhəlləsi, Hamamçılar məscidi məhəlləsi, Sınıqqala məscidi məhəlləsi, Qasım bəy məscidi məhəlləsi və s.

Əlbəttə, məhəllələrin sayı və adları tarixi şəraitə, əhalinin məşğuliyyəti, assimilyasiya və məskunlaşma strategiyasına, həmçinin urbanizasiya ilə bilavasitə əlaqədar idi. Son orta əsrlərdə İçərişəhərin bəzi məhəllələrinin və məscidlərinin adları həmin ərazidə yaşayan xalqların və tayfaların adı ilə adlandırılmışdı. Məsələn, Giləklər məhəlləsi Gilandan gələn tacirlərin yaşadığı məhəllə idi. Ləzgilər məhəlləsində Dağıstandan gələn silahsursat ustaları yaşayırdı. İçərişəhərin əhalisinin çoxu ustalar, tacirlər və dənizçilər idi. Bəzi məhəllələr isə orada yaşayan ustaların peşələrinin adı ilə adlandırılmışdır. Məsələn, Hamamçılar, Bəzzazlar, Həkkakçılar və s. İçərişəhərin yerli sakinləri müxtəlif tayfaları, yaxud nəsilləri təmsil edirdilər. Bu tayfaların bəzilərinin çox maraqlı adları var idi. Məsələn, Ağşalvarlılar, Toyuqyeyənlər, Toyuqyeməyənlər, Hoppataranlılar, Bozbaşlılar və s. Hər bir tayfa digər tayfalar haqqında məzəli əhvalatlar uydururzarafatlar edirdi.

Ölçülərinə və memarlıq tərtibatına görə bu məhəllələr standart deyildilər, həmin səbəbdən şəhərin planı xaotik tikililər təsiri bağışlayır.

Əhalinin əsas kütləsi müəyyən zümrəyə malik tacir və sənətkarlardan ibarət idi. Yüksək təbəqədən olanlar şəhərin ən yaxşı hissələrində yerləşən ayrı-ayrı məhəllələrdə məskunlaşırdı. Dar döngələr kasıbların məskəni idi: "Daha xoşbəxt siniflərin gözündən uzaq olaraq onlar özləri necə bilirdisə, elə də yaşayırdılar”.

Şəhərdə hökmdararistokratiya yaşayan əsas "qala məhəlləsi” sayılırdı. Yazılı mənbələrdə şəhər əhalisinin yüksək təbəqəsi özlərinə gözəl binalar tikmişdilər.

Şəhər strukturunda sənətkar məhəllələrinin yeri istehsalın xüsusiyyətlərindən asılı idi. Zərgərlər mərkəzi bazara, dəri emalçıları su hövzəsinə, dəmirçilər şəhər qapılarına yaxın yerləşirdilər. Məsələn, iylitüstülü olduqlarına görə dəri emalı, dulusçuluq və dəmirçi istehsalı şəhər kənarında yerləşirdi.

Məhəllələrin formaları küçələrin istiqamətindən və sahənin relyefindən asılı olaraq çox müxtəlif idi. Düzgün olmayan formaya malik məhəllələrdə məskunlaşma çox sıx olduğundan yaşayış evlərinin inşası çətinləşirdi. Məhəllələrin aydın şəkildə yaşayış, ticarət-sənətkar məhəllələrinə bölünməsi izlənilmirdi, çünki sənətkarlar evlərində də işləyirdilər. Lakin bütün şəhər məhəllələrində mərkəzin yeri tam təyin edilmirdi. Tikilinin sistemsizliyi səbəbindən məscid və bir çox ticarət binalarının dislokasiyasını tamlıqla izləmək mümkün olmurdu.

Bakının köhnə planlarında küçələrin kəsişdiyi yerlərdə meydanlar göstərilmişdir. Lakin onların hamısı ölçülərinə görə çox kiçik və qeyri-müəyyən formadadır. Az bir hissəsi dövrümüzədək saxlanmışdır. Bəzi hallarda belə kiçik meydançalar küçələri müəyyən yerlərdə genişləndirmək yolu ilə yaradılırdı. İçərişəhərdəki məhəllə məscidləri onların ətrafında tikilmiş yaşayış binalarından çox da fərqlənmirdi.

 

Azərbaycan.- 2019.-3 avqust.- S.5.