Bakıda “yaşıl ada

 

Keçmiş "Sovetskinin yerində salınan Milli Parkın gecə-gündüzü uşaqların, gənclərin, yaşlıların əsl istirahət guşəsinə çevrilib

 

Son on-on beş ildə paytaxt Bakının dünyanın diqqət mərkəzinə çevrilməsi könülaçan faktlardandır. Şəhərdə bir-birinin ardınca beynəlxalq tədbirlərin keçirilməsinin səbəbləri arasında onun hüsnünün gözəlliyinin ildən-ilə artması da əsas amillərdəndir. Bakı Xəzərin laylasında da gözəldir, təlatümündə də, Dənizkənarı Park-Bulvarında istirahət edən əcnəbilərin çoxluğu ilə də.

İyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlət başçısı paytaxt Bakının gündən-günə, aydan-aya inkişafının ürəkaçan olmasına da toxundu. Ölkə başçısı xüsusi olaraq qeyd etdi ki, Bakı şəhərində bir çox layihələr icra edilir, abadlaşdırılan 50-dən artıq nümunəvi həyət artıq vətəndaşların sərəncamına verilib: "...Ümumiyyətlə, Bakı şəhərinin abadlaşması, müasirləşməsi, gözəlləşməsi istiqamətində çox böyük işlər görülüb. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq eyni zamanda mövcud problemlər də var. Bu problemlərin həlli daim diqqət mərkəzində olmalıdır... Bakıda yeni istirahət zonaları yaradılır. Bakı bu gün parklar, bağlar şəhəridir, istirahət zonaları vətəndaşların sərəncamına verilirbu, əhali tərəfindən yüksək qiymətləndirilir”.

Bakını bir vaxtlar heç də ötəri yerə "küləklər şəhəri” adlandırmamışdılar. Xəzərdən gələn meh Bakı sakinləri ilə yanaşı, onun qonaqlarının da ciyərlərinə sərinlik gətirir. "Küləklər şəhəri” bu gün həm də parkları, xiyabanları ilə yaddaşlara yazılır. Salınan hər yeni park əsl istirahət guşəsinə çevrilir, xüsusən də ilin isti, qızmar yay günlərində.

Bir vaxtlar Bakının köhnə qəsəbələrindən biri kimi məşhur olan "Sovetskinin yerində də şəhərin ən böyük istirahət guşəsi - Milli Park salınıb. Bu ilin may ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva parkın açılışında iştirak etdilər.

Parkda bütün yaş qruplarından olanlar üçün 7 istirahət və oyun meydançası yaradılıb. Ərazidə böyüklər üçün şahmat, nərd və idman qurğuları, balacalara isə yelləncəklər, futbol meydançası salınıb. İstirahət guşəsində ümumilikdə 9 fəvvarə tikilib. Ərazisi 20 hektar olan parkın 14 hektarında yaşıllıq salınıb. Mirzəağa Əliyev küçəsi və Təzəpir məscidi arasında müasir standartlara cavab verən 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib.

Bir neçə il öncə Bakının gözəlliyinə kölgə salan "Sovetskinin ərazisində belə bir parkın salınması, vətəndaşların istirahəti üçün şərait yaradılması yalnız alqışa layiqdir. Elə parkda dincələnlər də bu fikirlə razıdırlar ki, dövlət başçısı Bakının Azərbaycanın ana şəhəri kimi tanınması üçün var gücü ilə çalışır. Yeni park zonası şəhərin mərkəzini onun dağlıq hissəsi ilə birləşdirən "Qış bağı”nın davamıdır. Burada böyüklərin istirahəti, balacaların isə əylənmələri üçün gözəl şərait yaradılıb. Məhz belə inkişaf göstəricilərinə görə deyə bilirik ki, müasir Bakı yaraşığı, gözəlliyi, Şərqlə Qərbin sintezindən doğan bənzərsiz memarlıq nümunələri ilə dünyanın əksər məşhur paytaxtları ilə bir sıradadır.

Paytaxtla ilk tanış olan turistlər isə Bakını çəkinmədən Milan, ParisDubay kimi dünyanın tanınmış məşhur şəhərləri ilə müqayisə edirlər. Bakıya vurulanların, onunla görüşə can atanların sayı ildən-ilə artmaqdadır. Bunu ölkəyə turist axınının artması da təsdiqləyir.

Bu ilin may ayının 22-də yeni parkın açılışı nəinki Bakının, hətta dünya memarlığı tarixində baş verən unikal hadisəyə çevrildi. Füzuli meydanının ətrafında Bakının yeni yaşıllıq zolağının salınması sakinlərin, eləcə də onun qonaqlarının əsl istirahət yerinə çevrilib.

Parkda 2 mindən artıq, 19 növdə ağac, 137 mindən çox gülkol bitkiləri əkilib. Bir sözlə, keçmiş "Sovetskinin yerində salınan "yaşıl ada”nın - Milli Parkın gecə-gündüzü uşaqların, gənclərin, eyni zamanda yaşlılarındır...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.-6 avqust.- S. 5.