Azərbaycanda alman irsinin qorunması tolerantlığa ən yaxşı nümunədir

 

Xalqımız bu dəyərə həmişə hörmətlə yanaşır

 

Göygöl şəhərinə daxil olanda ilk diqqəti çəkən yenicə təmirdən çıxmış və Azərbaycan arxitekturasına xas olmayan, eləcə də səliqə ilə yan-yana düzülmüş evlər olur. Çöl divarı, eyvanı taxta ilə bərpa edilən bu evlərin çoxu vaxtilə burada yaşayan almanlar tərəfindən tikilib. Əsaslı şəkildə yenidən qurulan, təmir və bərpa olunan küçə və prospektləri, park və xiyabanları gəzdikcə, arxitektura elementlərini seyr etdikcə bir daha xarici qonaqların, xüsusən almaniyalı turistlərin bu diyara vurğunluğunun səbəbini anlayırsan.

Almanların bu ərazilərə köçmələrinin maraqlı tarixi var. 1818-ci ildə almanlar Vyutenburq knyazlığından mühacir kimi bura köçürülərək onlar üçün ayrılan ərazilərdə yerləşdiriliblər. 124 ailə Helenendorf şəhərində -indiki Göygöldə 6 küçə salaraq 600 ev inşa ediblər. Onlar burada maldarlıq, əkinçilik və üzümçülüklə məşğul olublar. 1860-cı ildə isə Fohrer qardaşları şərabçılıq zavodu qurublar. 1870-ci ildə bu müəssisə "Kristofer Fohrer və oğlanları” adını daşıyıb. 1892-ci ildə isə Fohrer öz təsərrüfatını 4 oğluna verir. Həmin ildən müəssisə "Fohrer qardaşları” adlanıb. Sonra qardaşlar pıvə istehsal edən zavod, 1890-cı ildə isə Gəncə çayı yaxınlığında dördmərtəbəli su dəyirmanı tikiblər. 1903-cü ildə isə 13 kilometr məsafədən Köşkü kəndi ilə Üçbulaq (Murud) kəndi arasında yerləşən meşədəki bulaqlardan şəhərə su çəkdiriblər. 1911-ci ildə Azərbaycan ərazisində ilk dəfə olaraq su elektrik stansiyası tikiblər ki, bununla da bölgədə sənaye inkişaf etməyə başlayıb. Burada keramit və kərpiç istehsalı zavodları fəaliyyətə başlayıb. Helenendorfda bu inkişaf 1941-ci ilədək davam edib. Lakin həmin ildə başlanan müharibə nəticəsində Stalinin əmri ilə burada məskunlaşan alman ailələri Qazaxıstana sürgün ediliblər. Almanlar məskunlaşdıqları və qaynayıb-qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irs bugünədək qorunub saxlanılır. İndi rayona gələn almaniyalı qonaqlar əcdadlarının qəbirlərini ən kövrək hisslərlə ziyarət edir, öz təəssüratlarını burada bölüşürlər.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovla söhbətimiz zamanı o dedi ki, rayonda aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində alman irsinə də hörmətlə yanaşıldı. Ölkəmizdə yüzillərlə hökm sürən multikultural dəyərlərə və tolerantlıq ənənələrinə sadiq qalaraq vaxtilə burada yaşamış almanların da abidələrinin və evlərinin təmirinə başladıq. Özüheç bir əlavə etmədən əvvəlki görkəmini bərpa etdik. İndi şəhərə gələn hər bir turist evlərə və mədəniyyət abidələrinə heyranlıqla tamaşa edir. Məsələn, 1854-cü ildə almanlar tərəfindən inşa edilən Lüteran kilsəsi 1982-ci ildə əsaslı şəkildə təmir edildikdən sonra rayon tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyətə başlayıb. Muzeyin 2000-dən çox eksponatı var. Muzeyin ekspozisiyası qədim zamanlardan indiyədək Göygöl rayonunun tariximilli mentalitetini əks etdirir. 6 salondan ibarət olan muzeydə "Göygölün təbiəti. Göygöl qədim dövrdə”, "Göygöl orta əsrlərdə”, "Göygöl yeni dövrdə”, "Hərbi vətənpərvərlik tərbiyəsi”, "Azərbaycanda demokratik hərəkat, kommunist rejiminin iflası”, "Azərbaycan son 15 ildə” salonları fəaliyyət göstərir. Burada həm də 456 ədəd qədim məişət əşyası, 190 ədəd foto-şəkil, 236 ədəd sənəd, 85 ədəd digər eksponatlar nümayiş etdirilir.

Rayon icra hakimiyyəti başçısı onu da vurğuladı ki, almanlar burada yaşadıqları vaxt, yəni 1927-ci ildə Helenendorf diyarşünaslıq muzeyi də yaratmışdılar. Onlar sürgün ediləndə həmin muzey də dağıdılmış, müxtəlif yerlərə köçürülərkən əşyalar itib-batmışdır. Şəhərdə "Viktorun evikimi tanınan bir ev var. Bura Göygöldə yaşayan sonuncu alman Viktor Klaynın evidir. İndi Göygölə gələn qonaqlar bu evi ziyarət edirlər. 2007-ci ildə vəfat edən Viktor Klayndan sonra evdə yüngül təmir işləri aparılmışdır. Burada işlənən bütün məişət əşyaları olduğu kimi saxlanılır.

Bundan başqa, alman adamına məxsus malikanədə yeni Göygöl Tarix-Diyarşünaslıq Muzeyi də yaradılmışdır ki, burada almanların Cənubi Qafqazda, eləcə də Azərbaycan ərazisində məskunlaşmasına aid sənədlər və maraqlı fotolar yer alıb. Muzeydə vaxtilə Göygöldə yaşamış almanların məişətini, adət-ənənələrini əks etdirən eksponatlar da nümayiş etdirilir.

Öyrəndik ki, almanlar bu rayonda məskunlaşarkən yerli əhali ilə çox mehriban və səmimi olublar. Bunu ağsaqqal Fikrət İsmayılov da dedi. Ondan vaxtilə Azərbaycanda yaşamış almanların həyat tərzi ilə bağlı soruşduqda bildiklərini maraqlı faktlarla danışdı. Fikrət İsmayılov vaxtilə rayonda memarlıq və tikinti şöbəsində işləyib. Elə şəhərdəki alman evlərinin əvvəlki görkəminin saxlanılmasında, kilsənin yenidən bərpa edilməsində onun təklifləri də nəzərə alınıb. Dedi ki, uşaqlığı almanlarla birgə keçib. Hətta bir küçədə, bir məhəllədə almanlarla, ruslarla, aysorilərlə mehriban yaşayıblar. Bütün bu millətlər heç vaxt ayrı-seçkilik salmayıblar.

Bu sözləri şəhəri dolaşarkən rayonun ahıl yaşlı adamlarından da eşitdik. Onlar özlərinin uşaqlıq illərini ən unudulmaz xatirə kimi yad edirbu barədə danışmaqdan böyük zövq alırlar. Göygöl şəhərinin küçələrini gəzdikcə, yaşlı insanların yaddaşını təzələdikcə deyilən sözlər bizi 100 il əvvələ aparırdı.

Həmin dövrdə erməni millətçilərinin azərbaycanlılara qarşı apardıqları terror və soyqırımı siyasətindən Azərbaycanda yaşayan almanlar da əziyyət çəkiblər. 1905-ci ildən 1907-ci ilin avqustunadək "Daşnaksütyun” partiyasının Gəncədə yerləşən yerli təşkilatının nümayəndələri Helenendorf almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər. O cümlədən şərab istehsalçıları olan Fohrer qardaşlarını buna məcbur ediblər. Lakin onlar bu xəracı ödəməkdən imtina etdikləri üçün qətlə yetiriliblər.

Göygöl rayonuna gələn xarici turistlərin çox hissəsi almaniyalı qonaqlar olur. Onlar babalarının həyat və məişət şəraiti ilə yaxından maraqlanaraq hər il bu bölgəyə səfər edirlər. Səfər zamanı 200 il əvvəl burada yaşamış almanların olduqları evlərə baş çəkir, məzarlıqlarda olur, adət-ənənələrini əks etdirən muzeylərə gedirlər. Onu da deyək ki, rayon icra hakimiyyəti alman turistlərə böyük qayğı ilə yanaşmaqla onların arzu və istəklərini həyata keçirir. Söz yox ki, bu qonaqpərvərlik hər bir almanda razılıqla qarşılanır.

Ümumiyyətlə, Azərbaycanda alman irsinə göstərilən qayğı hər bir xarici turistdə böyük maraq oyatmaqla yanaşı, tolerant bir ölkə olmağımız barədə xoş təəssürat yaradır. Xüsusən Prezident İlham Əliyevin 2016-cı il avqustun 30-da "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” imzaladığı sərəncam rayona gələn alman turistləri tərəfindən minnətdarlıq hissi ilə qarşılanmışdır. Həmin sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir. Hətta həmin il noyabrın 23-də UNESKO-da almanların Azərbaycanda məskunlaşmalarının 200 illiyiqeyd edilmişdir. Göygöl rayonunda isə Almaniyadan gəlmiş qonaqların iştirakı ilə yubiley tədbiri keçirilmişdir. Tədbirdə çıxış edən qonaqlar Azərbaycanı əsl tolerant ölkə kimi dəyərləndirmiş, alman irsinə göstərdikləri diqqət və qayğıya görə azərbaycanlılara, eləcə də göygöllülərə minnətdarlıq etmişlər.

Göygöldə alman irsi ilə əlaqədar Turistik Məlumat İdarəetmə Sistemi də yaradılmışdır. Açılışda Mədəniyyət Nazirliyinin məsul şəxsləri ilə yanaşı Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab, Berlinin Humbolt Universitetinin professoru xanım Eva Maria Aux da iştirak etmişdir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2019.- 6 avqust.- S.5.