Bakı daha bir beynəlxalq tədbirə evsahibliyi edir

 

XXXI Beynəlxalq İnformatika Olimpiadasında 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət nümayəndə heyətləri iştirak edirlər

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla irəliyə gedən Azərbaycan müxtəlif beynəlxalq və regional tədbirlərə evsahibliyi edir. Cəmi iki həftə əvvəl Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçirildi. Hələ 2012-ci ildə "Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2016-cı ildən bəri "Formula-1” yarışlarının Azərbaycan Qran-prisi mərhələsi və bir çox digər beynəlxalq tədbirlər də Bakıda uğurla sona çatdırılıb.

1989-cu ildən keçirilən, informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadasında isə hər il dünyanın bir çox ölkəsindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradılır. Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə iştirak edir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, 5 medal qazanıblar.

Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən, Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə Bakı Konqres Mərkəzində avqustun 5-də keçirilən XXXI Beynəlxalq İnformatika Olimpiadasının rəsmi açılış mərasiminə hökumət nümayəndələri, xarici ölkə səfirləri və digər qonaqlar da qatıldılar.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın XXXI Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Məktubda deyilir: "Sizi - dünyanın müxtəlif guşələrindən Bakıya toplaşmış XXXI Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarını səmimi-qəlbdən salamlayır, hamınıza uğurlar arzu edirəm. Ümidvaram ki, olimpiada informatika sahəsində yeni istedadların üzə çıxarılması, gənclərin informatikaya marağının daha da güclənməsi və təmsilçi ölkələrin sıralarının genişlənməsi işinə öz töhfəsini verəcəkdir”.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi tədbir xüsusilə gənclər arasında dostluq, sülh və mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynayır. Təhsil naziri Ceyhun Bayramov da olimpiada ilə bağlı fikirlərini bildirərkən qeyd edib ki, beynəlxalq elmi olimpiadalar elmin populyarlaşdırılması üçün bir vasitədir: "Son 6 ildə məktəblilər bu olimpiadalardan 150-dən çox medal gətiriblər və bu sayın artacağı gözlənilir. Təhsil müddətində əldə olunan biliklərdən səmərəli istifadə etmək bu medalları qazanmaq qədər vacibdir. Bu gün dünya dördüncü sənaye inqilabında hansı bilik və bacarıqların tələb olunacağını müzakirə edir. Robototexnika, böyük məlumatlar, süni intellekt və avtomatlaşdırma gündəlik həyatımıza daxil olub. Belə bir dövrdə vacib məsələ kəşf edilən və ediləcək qabaqcıl texnologiyalardan bəşəriyyətin daha çox faydalanacağına əmin olmaqdır...”

Yeri gəlmişkən, informatika üzrə ilk beynəlxalq olimpiada 30 il əvvəl Bolqarıstanda keçirilib. Bu beynəlxalq nüfuzlu tədbirə maraq ildən-ilə artıb. "IOI” iştirakçılarının bir çoxu hazırda startapinnovasiya ilə məşğul olan aparıcı İT mütəxəssisləridir. Danılmaz həqiqətdir ki,1965-ci ildə Berklidə, Kaliforniya Universitetinin professoru, görkəmli Azərbaycan alimi Lütfi-Zadə qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmdə inqilab etdi. O zaman yəqin ki, qeyri-səlis məntiqin gündəlik həyatımıza avtomobil, elektronika, tibb, nəqliyyat, telekommunikasiya və digər sahələrdəki texnologiyalar vasitəsilə daxil olacağını təsəvvürə gətirmək indiki kimi asan deyildi. Məhz bu yanaşma ilə deyə bilərik ki, Lütfi-Zadə bugünkü gənclər üçün elm və bəşəriyyətin gələcəyinə sadiqliyin bir rəmzidir.

ADA Universitetinin rektoru, "IOI 2019”un fəxri sədri Hafiz Paşayev açılış mərasimindəki çıxışında bildirib ki, olimpiadanın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini onlara çatdırmaqdır: "Bu gün auditoriyada əyləşənlər növbəti 10-15 ildə texnoloji inkişafın meyillərini və gündəmini formalaşdıracaqlar. Buna görə də bizim bu tədbirə evsahibliyimiz Azərbaycanın həm təhsil, həm də İT sektoruna dərin marağı, qayğısı və dəstəyini nümayiş etdirir”.

Beynəlxalq İnformatika Olimpiadasının prezidenti, professor Qreq Li "IOI 2019”un açılış bəyannaməsini diqqətə çatdırıb, yarışmanın dəyəri barədə ətraflı söz açıb.

Olimpiadanın rəsmi qlobal sponsoru "Acerin Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski isə "Acer” və "IOI” əməkdaşlığından danışıb.

Qeyd edək ki, XXXI Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-dək davam edəcək. Bu beynəlxalq tədbirin də yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Bağlanış mərasimi Heydər Əliyev Mərkəzində keçiriləcək olimpiadanın iştirakçıları "Atletlər kəndi”ndə yerləşdirilib. Mədəni-kütləvi tədbirlər proqramının bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və digər məkanlara ekskursiyalar təşkil olunacaq. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və həmçinin onlar müxtəlif tədbirlər, maraqlı proqramlar sayəsində yarışdankənar, asudə vaxtlarını da səmərəli keçirə biləcəklər.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 7 avqust.- S.1;3.