Qəzalı evlərin sakinləri üçün
inşa olunan
yaşayış kompleksində üç
binanın tikintisi başa
çatıb
Avqustun 7-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Pirallahı rayonunda qəzalı
binaların sakinləri üçün inşa edilən
kompleksə gələrək, binalardakı mənzillərdə
yaradılan şəraitlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin "Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq müvafiq komissiya tərəfindən rayon ərazisində qeydiyyata alınmış 369 qəzalı binada yaşayan 5181 nəfərdən ibarət 1510 ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış kompleksi inşa olunur. Rayon mərkəzində ayrılmış 6,5 hektar ərazidə yerləşən kompleks 28 çoxmərtəbəli, 807 mənzilli binadan ibarət olacaq. Hazırda kompleksdə 114 mənzildən ibarət üç binanın tikintisi başa çatıb. Kompleksə daxil olan digər binalarda isə tikinti-quraşdırma işləri davam etdirilir. Tikintidə 200 nəfər işlə təmin olunub. Kompleksə 340 şagird yerlik məktəb binası, 120 yerlik iki uşaq bağçası, üç idman meydançası və velosiped zolağı daxildir. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb.
Bu
layihənin icrası bir daha
sübut edir ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində Azərbaycan
vətəndaşı dayanır. Azərbaycan vətəndaşının
sosial məsələlərinin həlli, onun rifahının, o
cümlədən mənzil-məişət şəraitinin
yaxşılaşdırılması daim
diqqət mərkəzindədir.
Azərbaycan.-
2019.- 8 avqust.- S.2.