Azərbaycandan keçən Yeni İpək yoluna fəlsəfi baxış

 

Tarix təkrar olunur, lakin hər kəs üçün deyil. Bəzi xalqlar, millətlər tarixi proseslərə öz ənənəsindən, kökündən ayrılmadan qoşulur və istənilən şəraitdə öz milli kimliyini qorumağa çalışır. Onların bu proseslərdə ölçüsündən asılı olmadan öz səsi, öz mövqeyi olur.

Bəziləri isə hansısa güclü bir tərəfin kölgəsində öz mövcudluğunun qayğısı ilə ümumi selə qoşulub gedir, hər şəraitə uyğun siması da dəyişə bilir. Tarix məhz birincilər üçün təkrar edilir. Azərbaycan məhz birincilərə aiddirbu səbəbdən zaman-zaman tarixin hərlənən çarxının şahidi olur. Təkrarlanan səhifələrdən biri də İpək yoludur.

İslam dini və İpək yolunun istər ayrıca, istərsə də qarşılıqlı təsirinin tarixində Azərbaycanın da xüsusi yerirolu vardır.

 

İpək yolu yalnız ticari, iqtisadi əlaqələr deyil, müəyyən ideyaların yayılma arealının göstəricisidir

 

Əsrlər əvvəl Şərqdən Qərbə və əksinə uzanan karvanlarla həm də alimlər, kitablar gedirdi - ipək-qumaşla bərabər hikmət də daşınırdı. Və bu, hər dövrdə belə olub - Antik dövrdə Qədim Misirdən, Babilistandan, Azərbaycandan, Ərəbistandan, Hindistandan, Həbəşistandan Pifaqor, Demokrit qiymətli "yükü” - hikməti öz vətəninə gətirəndə də, islam peyğəmbəri "elm arxasınca Çinə qədər gedin” deyə bəyan edəndə də, bu gün də.

Məsələn, məlum olduğuna görə, İpək yolu Çin ipəyinin Qərbə daşınmasına şərait yaratmaqla yanaşı, həm də Uzaq Şərqdə islam dininin yayılmasına bir yol açdı. Xatırladaq ki, Əbu Həfs Sührəvərdi Hindistanda (1234) sührəvərdiyyə təriqətini qurmuş, yaxud Mənsur Həllac orada islamın yayılmasında xüsusi rola malik olmuş və Əbul Muğis - "Xilaskarın atası” adını almışdır. Deməli, bu bir təsadüfdür ki, dünyada müsəlmanların daha sıxlıq təşkil etdiyi ölkələr məhz İpək yolu üzərində duranlardır.

Bəli, İpək yolunun ən vacib tərəflərindən biri onun məhz mənəvi, ideoloji mahiyyətə sahib olmasıdır. Belə ki, müəyyən məkanlar arasında iqtisadi əlaqələrin yaranması üçün ilk növbədə onlar eyni müstəvidə düşünüb, eyni ideyaları özləri üçün prioritet hesab etməlidirlər.

Xüsusilə vurğulayaq: eyni düşünmək deyil, eyni müstəvidə və eyni ideyalar haqqında düşünmək! İpək yolu fərqli tərəflər arasında qurulan bir ünsiyyət olduğuna görə qarşılıqlı zənginləşmə mümkündür. Bunu müəyyən mənada fərqlər arasındakı mübadilə prosesi, yaxud ortaq məxrəcin axtarılması da adlandırmaq olar.

İpək yolu ilə hansı ideyalar "daşına” bilər? Əslində sualın cavabı Pifaqorun, Platonun, yaxud Sührəvərdinin fəlsəfəsində əks olunub. Məhz zaman və məkan çərçivəsinə sığmayan, ümumbəşəri dəyərə sahib ideyalar İpək yolu boyunca fərqli millətləri, fərqli formasiyalı dövlətləri birləşdirə bilir. Eyni zamanda bu ideyalar həm də yolun ömrünü uzada bilir. Burada bir neçə məsələyə xüsusi diqqət yetirək.

İpək yolu elmi "oazislər” arasında əlaqədir, yəni artıq müəyyən bir səviyyəyə, inkişafa malik məkanlar arasında əlaqədir, əks halda bu, istismara, talana gətirib çıxarar. İpək yolu müəyyən məkanda doğulmuş ideyanın universallaşması vasitələrindən biridir. Yəni İpək yolu həmin ideyanın vətəni ilə yanaşı, onun zənginləşməsi və universallaşması trayektoriyasının da xəritəsidir. Deməli, hər "oazisin orijinallığını, əhəmiyyətini nəzərə alaraq, onların ayrıca təsir qüvvəsini və bu təsirin düşüncə yükünü öyrənmək bütövün hissələrini öyrənməklə yanaşı, həm də aralarında bir müqayisə aparmaqla, əlaqə qurmaqla onların daha mütərəqqi tərəflərini ön plana çəkmək mümkündür.

İpək yolu boyunca daşınan universal ideyalar arasında islami dəyərlər, prinsiplər də olmuşdur, yaxud əksinə, tarix boyu islamın çiçəklənməsi və geniş yayılmasında İpək yolu xüsusi rol oynamışdır.

 

Azərbaycan Yeni İpək yolunun "oazislərindən” biri kimi

 

Azərbaycan həmişə öz coğrafi mövqeyinə uyğun bir təfəkkürə malikdir: Qərbə nisbətdə Şərq dəyərlərinin, Şərqə nisbətdə də Qərbə məxsus keyfiyyətlərin daşıyıcısıdır. Bu xüsusiyyət onun bayrağında çox mükəmməl şəkildə rəmzləşib. Məsələn, XX əsrdə Qərbə məxsus Demokratik Respublika Şərqdə ilk dəfə Azərbaycanda - uzun illər islam mədəni bölgəsinin ən mütərəqqi məkanlarından birində elan edilib. Təbii ki, eyni təfəkkür XXI əsrdə də qorunub: 2012-ci ildə "Eurovisionmusiqi yarışmasına, 2015-ci ildə Avropa Oyunlarına, 2017-ci ildə isə eyni uğurla İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmək bu təfəkkürün məhsuludur. Başqa sözlə desək, Azərbaycan hər iki istiqamətdə gedən prosesə üzvi şəkildə nəinki qoşula bilir, üstəlik onu daha dolğunlaşdırır. Dediyimizdən çıxış edərək belə bir nəticəyə gəlmək olar ki, İpək yolunun istər iqtisadi, istərsə də ideoloji müstəvidə Şərqdən Qərbə və əksinə cərəyan edən proseslərdə dövlətlər bir əlaqələndirici kimi böyük əhəmiyyətə malikdirlər. Məsələn, bəzi dövlətlər sadəcə təhlükəsiz keçid rolunu oynayırsa, digəri bununla kifayətlənməyib, üstəlik bu prosesə öz bəhrəsini verir, onu zənginləşdirir. Azərbaycan ikinci növ ölkələrə aiddir.

Yeni İpək yolu gələcəkdə bütün dünyanı ehtiva edə biləcək "Bir kəmər - bir yol” layihəsi əsasında təşəkkül tapıb və Azərbaycan bu konsepsiyanı Qafqaz ərazisində dəstəkləyən ilk ölkələrdəndir. 2019-cu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə deyib: "... Azərbaycan lap əvvəldən Sizin təşəbbüsünüzü dəstəkləyib və bu layihəni bizim irəli sürdüyümüz təşəbbüslər çərçivəsində fəal irəlilədir”. Burada diqqətçəkən məqamlardan biri Azərbaycanın ön planda olmasıdırsa, digər məqam da bu layihənin Azərbaycanın öz təşəbbüsləri ilə səsləşməsidir. Deməli, bir var İpək yolu keçdiyi məkanın çiçəklənməsinə səbəb ola, birvar artıq kifayət qədər inkişaf yolu keçmiş bir ölkə özünü yeni təşəbbüs və təklifləri ilə oradan keçən İpək yolunun inkişafına öz bəhrəsini verə. Buna çox gözəl nümunə kimi Bakı-Tbilisi-Qars dəmir yolunu göstərmək olar. Deməli, Azərbaycan öz mövqeyinə görə karvan yolunda bir oazis statusu qazana bilib. Yenə qayıdaq məsələnin ideya müstəvisinə.

Azərbaycanın Yeni İpək yolundakı rolunun iqtisadi əhəmiyyəti ilə, onun layihəyə verdiyi təşəbbüslərlə yanaşı, bir vacib fakt da var - Azərbaycan islam ölkəsidir. Lakin bir şeyi dəqiqləşdirək: Azərbaycan islami dəyərlərə hörmətlə yanaşan və gündəlik həyatında islami prinsipləri hər şeyin önündə qoyan demokratik respublikadır. Din mənəvi hadisədir və siyasiləşəndə silaha, müəyyən maraqları həyata keçirən alətə, "xalq üçün opiumaçevrilir. Azərbaycanda isə islamın məhz mənəvi dəyərləri qüvvədədir. Yəni bir Azərbaycan vətəndaşının şəxsi keyfiyyətlərinin, mənəviyyatının formalaşmasında islam prinsiplərinin əhəmiyyəti çox böyükdür. Bununla yanaşı, vacib bir məqamı da vurğulayaq - Azərbaycan ümumi xəttə - islam ümmətinə sadiq olmaqla yanaşı, öz milli xüsusiyyətlərini, dəyərlərini də qoruyub saxlayan bir ölkədir. Yəni burada həm milli təfəkkür, həm qərbləşmə, həm də islamlaşma var. Əslində, bu, bir modeldir - fərqli dəyərləri özündə cəmləyən, vəhdət halına salan bir model. Yeni İpək yolunun üzərində belə bir modelin olması bütün layihəyə müsbət təsir göstərir. Belə ki, islam dinini olduğu kimi, yəni mənəvi prinsiplərini ön planda tutduğuna görə Azərbaycan tolerantlıq, xoşgörülük nümunəsi kimi tanına bilir.

 

Yeni İpək yolu Azərbaycana nə verir?

 

Azərbaycanın Yeni İpək yolunda əlverişli tərəfdaş olmasından, bu layihəyə verdiyi əhəmiyyətli bəhrələrdən danışanda, təbii ki, alternativ sual da yaranır: bəs Azərbaycan bundan nə qazanır?!

Azərbaycan tarixi İpək yolunun da üzvi hissəsi olmuşbunun müsbət təsirini kifayət qədər yaşamışdır.

İpək yolu mürəkkəb və çoxşaxəli bir sistemdir. Onun bir çarxı, bir əhəmiyyətli hissəsi olmaqbu sistemin mövcudluğuna görə cavabdehlik daşımaq böyük məsuliyyətdir. Mürəkkəb orqanizmlərdə hər detalın üzərinə onun missiyasına uyğun yük düşür. Burada ölçülərin əhəmiyyəti yoxdur, yəni ümumi sistemin fəaliyyətində ən kiçik detal da taleyüklü rol oynaya bilir. Məsələn, Azərbaycan kimi kiçik bir dövlət Rusiya ilə tərəzinin gözündə eyni çəkiyə malikdir. Düzdür, kiçik dövlətlər böyüklər tərəfindən sıxışdırıla, hətta layihədən kənarlaşdırıla bilir. Yaxud bu da danılmaz faktdır ki, öz maddi resursları, uyğun coğrafi mövqeyi ilə başqa dövlətlər üçün ya ucuz işçi qüvvəsinə, ya da xammala çevrilmək təhlükəsi də var. Belə olan halda dövlətlərin maddi deyil, məhz mənəvi potensialı ön plana keçir - üzərinə düşən yükün mahiyyətini və öz gücünü nə dərəcədə dərk edə, eyni zamanda öz yerini ümumi layihədə necə dəyərləndirə biləcək. Bunları düzgün və zamanında dərk etməklə öz varlığının, iştirakının zəruriliyini çatdırmaq, böyük dövlətlərlə eyni çəkiyə malik olduğunu sübut etmək mümkündür. Bu, qlobal düşünmə bacarığı, həm özünü bütöv sistemdə, həm də bütöv sistemi öz maraq dairəndə görə bilmək qabiliyyətidir. Belə bir prizmadan baxanda Yeni İpək yolunun Azərbaycana təsirini daha aydın görmək mümkündür: bütün dünyanı ehtiva edə biləcək böyük və mürəkkəb bir sistemin uzunömürlüuğurlu olmasının məsuliyyəti həm də Azərbaycanın üzərində olduğuna görə ondan güclü olmaq tələb olunur. İndi isə reallığa baxaq: Ermənistan tərəfindən işğala məruz qalan, 20 faiz torpağını itirən, 1 milyondan artıq köçkün və qaçqın problemi olan Azərbaycan bütün bunlara baxmayaraq ən böyük layihələrə qoşulmaqdan, yeni layihələr təklifi irəli sürməkdən nəinki çəkinmir, üstəlik öz uğuruna inanır və qazanır. Çünki Yeni İpək yolunun bir hissəsi olmaq Azərbaycana bütün potensialını səfərbər etməyə imkan verir. Şübhəsiz ki, burada mənəvi sabitliyinböyük payı varbu xüsusiyyəti onu etibarlı, uzunmüddətli tərəfdaş kimi tanıdır. Axı, məhz mənəvi sabitlik imkan verir ki, bütün güc və potensialı üzə çıxsın, reallaşsın. Deməli, belə bir böyük layihədə iştirak etmək üçün maddi resurslarla bərabər, həm də dövlətin tədbirli və qətiyyətli idarəsi böyük əhəmiyyət kəsb edir.

 

Bu kontekstdə vurğulanmalı olan ikinci cəhət birincinin məntiqi davamıdır. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, Yeni İpək yolu keçdiyi trayektoriya boyunca yaşayan xalqların həm maddi resursları, həm də mədəniyyəti ilə zənginləşir. Bu mənada həmin xalqlar ümumi cərəyana qoşulsalar da, öz identikliklərini qorumaq məcburiyyətindədirlər. Əks halda orijinallığını itirər və bununla sadəcə xammala çevrilər. Azərbaycan tarixən elə bir coğrafi mövqeyə malik olub ki, həm öz kimliyini qorumalı, həm də ümumi prosesdən kənarda qalmamaq təcrübəsinə yiyələnməli olub. Bu mənzərə bu gün də dəyişməyib. Yəni burada həm tarixən, həm də bu gün iki paralel proses gedir: daxildən güclənmə və xarici qüvvələrlə ayaqlaşma. Azərbaycanın bugünkü prioritet istiqamətlərinə, diqqət yetirdiyi sahələrə baxsaq, bunun vizual mənzərəsini görərik. Bir tərəfdən ən cəsarətli layihələrlə çıxış edir, sərfəli təkliflərə qoşulur, digər tərəfdən öz milli-mənəvi dəyərlərinin qorunması üçün ciddi addımlar atır, milli kimliyini daha da sabitləşdirir. Bura milli təfəkkürün musiqi şəklində ifadəsi olan muğamdan tutmuş milli köklərimizin tarixi olan Dədə Qorqud eposuna, bir kəlağayının təbliğatına qədər milli təfəkkürü korşalmağa qoymayan hər təşəbbüs daxildir. Biz kəlağayını təsadüfən xatırlatmadıq. Axı ən zərif ipəkdən toxunan bu baş örtüyünün timsalında Azərbaycan həm İpək yolunun rəmzi olan ipəyin vətəni, həm də öz milli ənənəsini yaşadan bir məkan kimi tanınır.

 

QloballaşmaYeni İpək yolu

 

Həm qloballaşma, həm də İpək yolunun qədimdən başlayan bir tarixi var. XX əsrdə hər ikisi yenidən canlandı və yeni bir rəng qazandı. Azərbaycanın hər iki prosesin içində olmasını nəzərə alaraq onları dərindən təhlil etmədən aralarında kiçik bir müqayisə aparacağıq. Yəni müqayisənin mərkəz nöqtəsində Azərbaycan və onun maraqları duracaq.

Əvvəla, hər ikisi bir ölkədən çıxıb bütün dünyanı ehtiva etmək iddiasında olan layihədir: qloballaşma Qərbə, İpək yolu isə Şərqə məxsus bir ideyadır. Maraqlıdır ki, yalnız bu faktı vurğulamaqla artıq hər ikisi haqqında bütün təsviri yaratmış olduq. Qərb və Şərq təfəkkür tərzlərini müqayisə edən mütəfəkkirlər, tədqiqatçılar adətən vurğuladıqları cəhətlər sırasında onu da əlavə edirlər ki, Qərbdə Şərqə nisbətdə sistemləşmə daha çox inkişaf edibbu, özünü istər dövlət quruculuğunda, istər cəmiyyətdə, istərsə də adi futbol oyununda qabarıq göstərir.

Qloballaşma bir dalğadır - hər şeyi bəlli bir marağın standartına salan dalğa. Bu dalğada liderlik təbii ki, Qərbə aiddir. Yalnız ona görə yox ki, ideyanın sahibi o idi. Səbəb maddi resurslarda da deyil, çünki Şərq daha zəngindir. Deyilənlərə istinad etsək, digərləri sırasına belə bir səbəb əlavə etmək olar: Qərbin özgüvəni Şərqə nisbətdə daha çox möhkəm idi. Əlbəttə, bu özgüvəni yaradan faktlar ayrıca bir araşdırmanın mövzusudur. Biz burada yalnız nəticəni vurğulayırıq: bütün maddi sərvətinə, keçmiş zəngin tarixinə, neçə sivilizasiyanın, neçə elmi kəşfin beşiyi olmağına baxmayaraq, Şərqin özünə inamı Qərbdən qat-qat aşağıdır. Bu özgüvənin nəticəsində dövlətlər fərqli səviyyələrə bölündü bunu çox gözəl dərk edən Hantinqton yazırdı ki, "soyuq müharibə zamanı dünya birinci, ikinci üçüncü dünyalara bölündü”. Düzdür, o əlavə edir ki, bu bölgü artıq aktual deyil, lakin qloballaşmanın hərəkət trayektoriyasına məqsədlərinə baxanda belə anlamaq olur ki, dalğa məhz bu bölgünü nəzərdə tutaraq yayılmağa başlayıb - birinci, hazırda lider, yaxud superdövlətlər digər ölkələrə öz maraqlarını diktə edirlər, ikinci dünyaya müəyyən danışıqlar vasitəsilə, üçüncü dünyadan isə heç soruşmadan.

İpək yolu Şərq hadisəsi, Şərq təfəkkürünün nəticəsidir. Əsrlər əvvəl bu yolu öz maddi resurslarına və iqtisadi gücünə güvənən Çin salıb. XXI əsrdə də öz qüdrətini qaytarmağa başladıqca eyni layihəni yenidən canlandırmağı təklif edib. İlk dəfə Yeni İpək yolunu detallarına qədər şərh edən çinşünas Tavrovski belə hesab edir ki, məhz Qərbə etibar edən dünyanın 2008-2009-cu illərdə böyük iqtisadi böhran yaşaması Yeni İpək yolunun bərpasına təkan oldu. Əslində bu dərin böhran mənəviyyatda və düşüncələrdəki böhranın təzahürü idi. Hələ illər əvvəl məhz bu məsələdə mütəfəkkirlər Şərqin xüsusi gücünü vurğulayırdılar.

Azərbaycan zidd dəyərlərin qovşağında yerləşməsinə baxmayaraq, onların yanında öz milli dəyərlərini də qoruya bilir; qonşu Ermənistan tərəfindən işğala məruz qalsa da, digər dinlərə və mədəniyyətlərə qarşı yüksək tolerantxoş mövqeyi ilə tanınır. Və bütün bunlarda islam dininin prinsiplərinin böyük rolu vardır. Yeni İpək yolu dünya miqyasına hesablanmış bir layihədir və onun uğuru, uzunömürlülüyü bilavasitə üzvlərindən asılıdır. Azərbaycan belə bir uğurlu tərəfdaş nümunəsidir.

 

Könül BÜNYADZADƏ,

AMEA-nın müxbir üzvü

 

Azərbaycan.- 2019.- 9 avqust.- S.1; 4.