Musiqili Teatr beynəlxalq festivalda ölkəmizi təmsil edib

 

Türkiyənin Bayburt şəhərində növbəti dəfə Beynəlxalq Dədə Qorqud Festivalına start verilib. Ölkəmizi bu tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet truppası təmsil edib.

Tədbirdə 1300 illik bir zaman kəsiyində öz tarixi öyüdləri ilə yaşayantürk coğrafiyasında hikmətli nəsihətləri ilə mənəvi varlığını sürdürən Dədə Qorquda məhəbbətin izharı olaraq bütün türkdilli dövlətlərdən dəvət olunmuş qonaqlarla yanaşı, qonşu ölkələrdən gəlmiş folklor kollektivləri də iştirak edirlər. Masat yaylasında başlayan şənliklər Dədə Qorqudun şəhər mərkəzindəki abidəsi önündən yürüşlə davam etdirilib. Yerli sakinlər, habelə bu günlərdə dünyanın hər yerindən axışaraq bu şənliyə qatılan yüzlərlə tədbir iştirakçısı Mustafa Kamal Atatürkün adını daşıyan möhtəşəm meydanda Azərbaycan, Gürcüstan və Türkiyənin müxtəlif rəqs və folklor kollektivlərinin çıxışlarını maraqla izləyiblər.

Festival çərçivəsində iştirakçı ölkələrin yaradıcı kollektivləri maraqlı və yaddaqalan proqramlarla çıxış ediblər.

Qeyd edək ki, bu mədəniyyət və sənət bayramı ilk dəfə 25 il əvvəl təşkil olunub.

 

Azərbaycan.- 2019.- 9 avqust.- S.5.