Tarixi irsimizin Xanı...

 

Şəkinin qədim memarlıq nümunəsi dünya mədəniyyətinin incisinə çevrilir

 

XVIII əsr...

Ölkələrin çalxalanan, inqilaba şahidlik edilən, yeni torpaq iddiasında olanların at oynatdığı bir əyyam...

O əyyam ki, ölkəmiz də təlatümlər astanasında, cənubdan qonşu tapdağından yaxa qurtarmamış şimal hücumları ilə sarsılır, daxili didişmələr, çəkişmələrlə zəif düşürdü...

Amma elə həmin zamanda arzusu bütün Azərbaycanı vahid dövlət tərkibində birləşdirmək olan Şəki xanı Hacı Çələbi çıxdı tarix səhnəsinə...

Çarpışdı, vuruşdu, bu müqəddəs amal uğrunda çox çətinliklərə sinə gərdi, xəyanətlərlə üzləşdi, hətta şücaət göstərərək ona qarşı ittifaq quran xanları belə əsirlikdən azad etdi...

Şəki xanlığını Azərbaycanda ən güclü siyasi qurum etdi, Şimal-Qərbi Azərbaycan torpaqlarının gürcü çarları tərəfindən işğalının qarşısını aldı...

Vergi sistemini nizama saldı, quruculuq işləri apararaq Şəkidə məscid, mədrəsə və digər ictimai binalar tikdirdi...

Və bu quruculuq işləri özündən sonrakı varislərinə də genetik ötürüldü...

Babası Hacı Çələbi xanın ənənələrini davam etdirərək Şəkidə neçə-neçə saray, məscid, mədrəsə tikdirən Hüseyn xan Müştaq yazdığı poetik əsərlər kimi, tikdirdiyi binaların daş və kərpiclərinin, ağac və şəbəkələrinin rənginə, naxışına, ölçüsünə də həssaslıqla yanaşırdı. Şəki Xan sarayı da bunun ən möhtəşəm nümunələrindən biridir.

Və belə olmasaydı, haqqında danışdığımız sarayın bu gün UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması barədə qərar qəbul olunmazdı...

 

Hələliksə zaman tunelindəyik

 

Günlərin bir günü, Şəki xanı adlı sanlı bir ustanı yanına çağıraraq tapşırıq verir ki, ona elə bir saray ucaltsın ki, dünyada tayı-bərabəri olmasın. Vədə tamam olur və saray tikilib başa çatır. Qala divarları ilə əhatə olunmuş, həyətində ağlayan söyüdləri, hovuzu olan ikimərtəbəli geniş saraya gələn xan sanki əsrarəngiz bir diyara düşür. "Leyli və Məcnun”, "Yeddi gözəl” əsərlərinin qəhrəmanları ilə qarşılaşır, irəlilədikcə döyüş və ov səhnələri bir-birini əvəz edir, yırtıcı heyvanlar nərildəyir, qırqovullar, tovuzquşular lələklərinin parlaqlığı, min rəngə çalması ilə öyünür.

Şan-şöhrətin, hakimiyyətin gəldi-gedərliyini, yalnız müdrikliyin daim var olmasını təlqin edən ibrətamiz mənzərələrlə, taxt-tacı çiyinlərində saxlayan iki nəhəng şirlə qarşılaşır. Onların ayaqlarının altında isə sürüşkən balıqlar var, yəni taxt-tacı igidlər, görkəmli dövlət adamları saxlayır, balıq isə işarə edir ki, öz gücünə çox güvənmək lazım deyil, düşüncə ilə idarəçilik vacibdir. Çünki bir zaman taxtdan sürüşüb yıxıla bilərsən. Bir az uzaqlaşdıqda isə ağzında gül olan qurdun quzu ilə bir yerdə otladığı möcüzəvi səhnə qarşısında mat qalır...

Saray əhlinin və kəndlilərin həyatı ilə tanış olur, bərq vuran şəbəkələrdən süzülən rəngarəng işıqlar qəlbində fərəh hissini coşdurur...

Bu möhtəşəmlik, əsrarəngizlikdən qürurlanan xan istəmir ki, ikinci belə bir saray ondan başqa kiminsə qisməti olsun. Elə buna görə də sarayı ucaldan ustanı yanına çağırıb ona belə bir sual verir, soruşur ki, bundan daha möhtəşəm bir saray tikə bilərsənmi? Ustanın düşünülməmiş "hə” cavabı isə xanın qəzəbinə düçar olmasına yetir...

Beləcə, Şəki xanlarının möhtəşəm sarayı dillərdə dastan olur, şəninə rəvayətlər qoşulur...

 

"Bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi”

 

Şəkidə olmuş dekabrist A.Korniloviç Qubadan qardaşına məktub yazır. Məktubunda 1828-ci ilə kimi Şəki əyalətində hakim olduğunu qeyd edən A.Korniloviç Şəki Xan sarayını belə təsvir edirdi: "Nuxada, əsas şəhərdəki qalada onların indi iş yerinə çevrilmiş sarayını gördüm. Bir neçə pilləkən və hündür portik bağ salınmış geniş dördbucaqlı həyətə aparır: qeyri-adi simmetriya ilə düzülmüş on altı italyan qovağı bağı dörd xiyabana bölür. Bağın kənarlarında saray əyanları, xanın həyat yoldaşları, onların qulluqçuları və digər qulluqçuların yaşadığı fligel binalar yerləşir; onların arxasında bir yarım insan boyu hündürlüyündə terras, həmin terrasda iki böyük çinarla əhatə olunmuş üçfəvvarəli hovuz, hovuzun arxasında isə saray binası yerləşir. Saray tərk edilmiş olsa da, daxildən keçmişin saxlanılmış möhtəşəmliyi ilə görənləri valeh edir. Mən dar, qaranlıq, daş pilləkənlə keçərək bütün rəng çalarlarının əks olunduğu qəbul otağına keçdim, həmin otağın sağ və solunda divar yerinə qoz ağacı və kiçik rəngli şüşələrdən yığılmış ən incə naxışlarla bəzədilmiş pəncərəli otaqlar yerləşir. Otaqlar, divarlar və günbəz, yuxarıda dediyim kimi, rəngarəng şüşələrlə bəzədilmişdir: onları birləşdirən karnizdə rəsmlər vardır...”

Fransız yazıçısı Aleksandr Düma isə 1858-ci ildə Şəkidə olarkən yazırdı ki, "...Tanrı Nuxadakı heyranedici sarayı vandallardan qorusun”.

Andrey Fadeyev, Arnold Zisserman Şəki Xan sarayını təsvir edir, Lev Tolstoy, Nikolay Rayevski, İlya Berezin, Elize Reklu və digər neçə tanınmış şəxs tikili haqqında ətraflı məlumat verirdilər.

"Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi” deyə dünya şöhrətli türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra heyranlıqla fikirlərini belə izhar etmişdi...

Bəli, tikildiyi gündən bu yana dünya bu saraydan danışırdı...

 

Gələcək nəsillərə ötürülməsi vacib olan irs

 

Üzərindən əsrlər keçib, amma yenə də dünya Şəki Xan sarayının füsunkarlığının cazibəsindən çıxmayıb. Onun özündə əksini tapan inkişaf etmiş incəsənəti, poeziyanı, fəlsəfi yükü bir daha qiymətləndirib və gələcək nəsillərə ötürülməsi vacib irsi nümunə kimi dəyərləndirib.

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında müzakirəyə çıxarılan nominasiyalardan biri Azərbaycanın təqdimatı - Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına salınması ilə bağlı məsələ olub.

Nominasiya ilə bağlı ICOMOS-un (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) hesabatı dinlənilib. Şəkinin tarixi, Xan sarayında aparılmış son bərpa işləri barədə məlumat verilib. Şəhərin tarixinin iki min ilə yaxın olduğu, qədim məhəllələrin 1790-cı ildə salındığı qeyd edilib. Müzakirə və çıxışların yekunu olaraq Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması barədə qərar qəbul edilib.

İndi qədim Şəki İçəri şəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanıdır.

 

Xalqla paylaşılan əlamətdar sevinc

 

Prezident İlham Əliyev bu əlamətdar hadisə ilə bağlı xalqa təbrik ünvanladı. Bildirdi ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılmışdır.

Son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilmişdir. Qeyd edilməlidir ki, bu fəaliyyətlər beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir. Təsadüfi deyil ki, "İçəri şəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, "Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır.

 

Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan sarayı, karvansaralar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur.

Əldə olunmuş nailiyyətə görə Birinci vitse-prezident Mehriban Əliyeva da öz sevincini xalqla bölüşdü: "Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm!”

 

Müstəsna xidmət

 

Xalqımız üçün böyük tarixi əhəmiyyətə malik bu qərarın verilməsi ölkə rəhbəri İlham Əliyevin birbaşa göstərişi ilə görülən bərpa işlərindən, Şəki ilə bağlı verdiyi çoxsaylı sərəncamlardan, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətindən irəli gəlir. Hələ 2011-ci ildən başlayaraq Mehriban xanımın təşəbbüsü ilə "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun, şəhərin qədim tarixi hissəsinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması istiqamətində iş aparılır. "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi də müvafiq istiqamətdə görülən işlərin daha bir müsbət nəticəsidir. Hələ bundan əvvəl UNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycanın muğam ifaçılığı, lavaş, dolma bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çövkən - Qarabağ ənənəvi atüstü oyunu isə UNESKO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alıb. İçəri şəhər, Qobustan Ümumdünya irs siyahısına salınıb.

Görülən iş, illərlə sərf edilən əmək sayəsində addım-addım Azərbaycanın qədim və zəngin mədəniyyəti bəşəri irs nümunəsinə çevrilir. O gün də uzaqda deyil ki, tezliklə işğal edilən torpaqlarımız azad olunacaq və hər daşı, torpağı, zəngin mədəniyyətə malik Qarabağımız da bütövlükdə toxunulmaz və müqəddəs yer kimi bu siyahıda öz əksini tapacaq...

 

Xan çinarların pıçıldadığı rəvayət

 

XXI əsr...

Texnologiyanın sürətli inkişafı, sivilizasiyalararası dialoqların baş tutduğu, dünyanın qloballaşdığı bir əyyam...

Məkan Şəki Xan sarayı...

Haradansa xanın səsi gəlir, məşhur bir ustanı yanına çağıraraq tapşırıq verir ki, ona elə bir saray ucaltsın ki, öz möhtəşəmliyi ilə dünyanı dilə gətirsin, görənləri əsirinə çevirsin, üzərindən qərinələr, əsrlər, minilliklər keçsə də, görənləri XVIII əsrin tilsiminə salsın...

Və üzərindən xeyli zaman ötdükdən sonra məlum olur ki, bəli, xan öz istəyinə nail olub və bu gün də Şəki Xan sarayı öz üslubu ilə dünyada təkrarolunmazdır, özünəməxsusdur...

Belə olmasaydı, haqqında danışdığımız qədim sarayın UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması barədə qərar qəbul edilməzdi...

Bu, Şəki Xan sarayı haqqında qədimliyi və müasirliyi özündə birləşdirən rəvayət idi...

Və bu gün sarayı ziyarət edənlərin hər birinin qulağında onun qarşısında əkilmiş yüz illik xan çinarların yarpaqlarının pıçıldadığı bir rəvayət...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 16 avqust.- S. 1; 7.