TÜRKSOY-un gənc səslərinin Balkan turu başa çatıb

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən 2015-ci ildə qurulan Gənclər xoru daha bir qastrol turunu - Balkan yarımadası ölkələrində konsertlərini başa vurub.

Bu ilin iyul ayında Ankarada bir araya gələn xor kollektivi Azərbaycan və Qazaxıstandan olan dirijorlar Elnarə Kərimova və Gülmira Kuttibadamovanın rəhbərliyi ilə hazırlanan konsert proqramını orada təqdim etmişdi. Daha sonra Balkan ölkələrinə səfərə çıxan xorun ilk dayanacağı Bolqarıstan (2019-cu ildə Avropanın "Mədəniyyət paytaxtı” olan Plovdiv şəhəri) olmuşdu.

Kollektivdə yer alan ifaçılarımız - Tamilla Axundova, İntiqam Allahverdiyev, Kamilla Heydərova, Dilarə Mahmudova və Ülviyyə Məstanova Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil ediblər. Xorun ifasında "Nə baxırsan” və "Dağlarda çiçək” xalq mahnılarımız səslənib.

Balkan turundan sonra TÜRKSOY-un Gənclik xoru Lissabon şəhərində keçirilən "Dünya xor sərgisi”nə qatılmaq üçün Portuqaliyaya səfər edib.

 

Azərbaycan.- 2019.- 18 avqust.- S.3.