Dünya şöhrətli yazıçı və şairlərin həyatından maraqlı məqamlar

 

Qabriel Qarsiya Markes bir gün xarici ölkədə səfərdə olarkən romanlarının birinin tərcümə keyfiyyəti ilə maraqlanır. Roman yazıçının yaxşı bildiyi ingilis dilinə tərcümə edilmişdi. Məşhur yazıçıya hörmət əlaməti olaraq əsəri onun üçün oxuyurlar. Bir saata yaxın Markes romana diqqətlə qulaq asır. Oradakılardan biri yazıçıdan soruşur: "Cənab, elə diqqətlə qulaq asırsınız ki, sanki haqqında bilmədiyiniz bir şeydir. Axı bu, sizin öz əsərinizdir”.

Markes hamının gülüşünə səbəb olan bir cavab verir: "Mane olmayın, qulaq asım görüm bu romanın qəhrəmanı axırda öləcək, ya sağ qalacaq?”

 

***

 

Fransız yazıçısı Onore de Balzak gün boyu içdiyi qəhvənin hesabına düz 48 saat fasiləsiz işləyə bilirmiş. Məhz bu səbəbdən yazıçının əlyazmaları üzərində xeyli qəhvə ləkələri aşkar edilib. Həkimlərin qənaətinə görə, Balzakın ölümünə də əndazəsiz dərəcədə qəhvə içməsi səbəb olub.

 

***

 

Bir gün avstriyalı yazıçı Peter Altenberq vəziyyəti ağırlaşdığı üçün həkimə müraciət etməli olur. Onun həyat tərzi ilə tanış olan həkim yazıçıya məsləhət görür ki, spirtli içkidən uzaq dursun. Yazıçı heç bir söz demədən palto və şlyapasını götürüb getmək istəyəndə həkim ona deyir:

- Bağışlayın, bəs məsləhət üçün pul vermirsiniz?

- Niyə görə pul verməliyəm ki? - deyə Altenberq təəccüblənir, - axı mən sizin məsləhətlərinizi qəbul etməmişəm.

 

Azərbaycan.- 2019.- 18 avqust.- S.4.