Palçıq vulkana çevriləndə...

 

Azərbaycan bu təbiət hadisəsinə görə dünyada ilk sıralardadır

 

Ötən əsrin 20-ci illərində görkəmli tədqiqatçı, professor D.V.Qolubyatnikov palçıq vulkanını pulsuz kəşfiyyat "quyusu” adlandırmışdır. Qeyd etmişdir ki, bu cür "quyuların” dərinliyi hərdən 10-12 kmdaha çox olur.

 

XIX əsrdən tədqiqatına başlanıldı

 

Palçıq vulkanları adətən neftli-qazlı sahələrlə üst-üstə düşür. Məhz bu fakta əsaslanaraq palçıq vulkanlarının neft-qaz yataqları ilə mənşəcə yaxın olması müddəası irəli sürülür.

Bu təbii fenomenin öyrənilməsinə 1861-ci ildə başlanılıb. Səbəb isə Cənubi Xəzərdə Kumani (Çınqıl dəniz) bankasındakı möhtəşəm püskürmə olub. Get-gedə isə palçıq vulkanlarına olan maraq daha da artıb və bir sıra fundamental işlər görülüb.

Palçıq vulkanlarının elmi tədqiqatı Qafqazın böyük bilicisi, Sankt-Peterburq Elmlər Akademiyasının həqiqi üzvü G.V.Abixinin adı ilə bağlıdır. Abixin belə bir nəticəyə gəlmişdi ki, palçıq vulkanları səthə çıxmaq üçün lazım olan istilik enerjisini maqmadan, brekçiya əmələ gətirən qırıntı süxurlarını yarılma (qırılma) zonasından, suyu dənizdən, qazı bitumlu süxurlardan, palçıq vulkanlarının fəaliyyətinin başlanması üçün lazım olan impulsları isə zəlzələlərdən alır.

Digər geoloq alimlər palçıq vulkanlarının əsas yaranma səbəbini geodinamikada - qırışlar, boşluqlar və çatların yaranması və inkişafı ilə əlaqələndirirlər. Neftçi geoloqların fikrincə isə, palçıq vulkanları neft yataqlarında toplanmış karbohidrogen qazlarının ifrat təzyiqi nəticəsində yaranır. Palçıq vulkanları ətraf sahədən 400-500 metrədək yüksələn, əsasının diametri 100-dən 350 metrədək olan kəsik konus formalıdırlar.

 

2500 palçıq vulkanının 353-ü Azərbaycandadır

 

Dünyanın 42 ölkəsində ümumi sayı 2500-ə çatan palçıq vulkanlarının 353-ü Azərbaycandadır. Azərbaycan planetimizdə palçıq vulkanizminin inkişaf etdiyi unikalklassik ölkədir. Burada öz müxtəliflikləri və ölçüləri ilə fərqlənən, hər növ təzahürlü palçıq vulkanlarına (aktiv fəaliyyət göstərən, sönmüş, gömülmüş, sualtı, ada, bol neft ifraz edən) rast gəlinir. Morfoloji müxtəlifliyi, fəaliyyət aktivliyi və sayına görə dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər palçıq vulkanı yoxdur. Ölkəmiz palçıq vulkanlarının vətəni sayılır.

Azərbaycandakı palçıq vulkanları haqqında məlumatlara ölkəmizə gələn ayrı-ayrı səyahətçilərin gündəliklərində və qeydlərində rast gəlmək olar. Ərəb səyahətçiləri Əbu-əl-Həsən Əli Məsudi (IX əsrin axırı-956/957), Əbu Həmid Qarnatinin (1080-1170) yol qeydlərində Azərbaycanda palçıq vulkanlarının püskürməsi haqqında məlumatlar var. Şəmsəddin Diməşqi (1256-1327) qeydlərində bildirib ki, Xəzər dənizində bir ada var, oradakı böyük vulkandan alov çıxır, o, böyük hündür şama bənzəyir. Bu alov qurudan çoxlu fərsəq məsafəsində yerləşir.

Abşeron yarımadasının Gil adası, Xarə-Zirə (Bulla) adası, Yanan-Tava, Bozdağ-Qobu, Lökbatan, Keyrəki kimi dəniz və qurudakı vulkanları haqqında ilk məlumatlar 1810-1830-cu illərdə nəşr olunub.

Azərbaycanda palçıq vulkanına verilmiş yerli "pilpilə” adı geniş yayılmışdır. Səsi təqlid edən "pilpilə” (lilli kütlədə qaz qabarcıqlarının fırçıltısını əks etdirən) adından başqa, burada "palçıq gölü”, "bozdağ”, "ağtirmə” kimi adlar da palçıq vulkanlarına qoyulan milli adlar sırasındadır.

 

İndiyədək 457 püskürmə hadisəsi qeydə alınıb

 

Azərbaycanda palçıq vulkanları ən çox Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləri ərazisində yayılıb.

AMEA-nın GeologiyaGeofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyir ki, Cənubi Xəzər hövzəsi unikal hövzə olduğundan burda çoxlu vulkan var. Burda çöküntü qatının qalınlığı 30 km-dən artıqdır. Heç bir ərazidə bu qalınlıqda çöküntü qatı yoxdur. Vulkanların əmələ gəlməsi çöküntü qatı ilə əlaqədardır. Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelaqında yerləşən vulkanların 100-dən artığı Qobustandadır.

40 vulkan yer səthinə çoxlu neft çıxarır. Qeyd edilən palçıq vulkanlarının 154-ü isə dəniz vulkanıdır. Palçıq vulkanlarının dəniz şəraitində fəaliyyəti nəticəsində adalar, saylar, dayazlıqlar və sualtı dağ sıraları yaranır. Cənubi Xəzərin Bakı arxipelaqında palçıq vulkanı mənşəli 9 ada (Zənbil, Gil, Xarə-Zirə, Qarasu, Səngi-Muğan və b.) və çoxsaylı sualtı saylar mövcuddur.

Azərbaycanda ilk dəfə 1810-cu ildə Xəzər dənizində Gil və Xarə-Zirə adalarında püskürmə hadisələri baş verdiyini xatırladan Adil Əliyev bildirir ki, Şərqi Azərbaycanda 1810-cu ildən bugünə qədər 93 vulkanda 457 püskürmə hadisəsi qeydə alınıb. Bu, aktivlik sayılır. Demək olar ki, hər il 3-5 vulkan püskürməsi qeydə alınır. Lökbatan, Şıxzərli, Keyrəki, Quşçu və Xarə-Zirə (Bulla) vulkanları daha çox fəaldır: "Palçıq vulkanlarının adətən yaşayış məntəqələrindən uzaqda yerləşməsi, püskürmələrin qəflətən və qısamüddətli baş verməsi onları heç də həmişə müşahidə etməyə imkan vermir. Püskürmələr haqqında müəyyən məlumatları ancaq şahidlərin (yaxınlıqdakı yaşayış məntəqələri sakinlərinin, çobanların, dənizçilərin, mayak nəzarətçilərinin və s.) söylədiklərinə əsasən əldə etmək mümkün olur”.

 

Yatmış vulkanı oyatmaq olmaz

 

Adil Əliyev deyir ki, vulkan püskürmələrinə bir çox amillər səbəb olur. Bəzən isə insan amili "süni püskürmə”lər yaradır. Məsələn, 2000-ci ildə Ceyranbatan su anbarının sahilində yerləşən Keçəldağ vulkanının kraterinə yaxın hissədə boru xətti çəkilərkən püskürmə baş verib. Ona görə də yatmış vulkanı oyatmaq olmaz: "Abşeron yarımadasında Keyrəki, Bozdağ-Qobu vulkanlarının yaxınlığında evlər tikilib. 1999-cu ildə Bozdağ-Qobu vulkanında güclü püskürmə baş vermişdi. Vulkanın ərazisində 1100 metr uzunluğunda çat əmələ gəlmişdi. O vaxt orda yaşayan əhalini köçürdülər. İndi Hökməli kəndində böyük yaşayış massivi salınıb. Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunur, vulkanın yamacını kəsib yarısını aparırlar. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək mütləqdir”.

A.Əliyevin sözlərinə görə, 2002-ci ildə palçıq vulkanları "təbii abidə” statusu alıb. 2007-ci ildə dövlət qoruğu yaradılıb, lakin insanlar yenə də bu ərazilərə müdaxilə edirlər. Ələt yaxınlığında yerləşən "Bahar” vulkanı 1992-ci ildə sonuncu dəfə püskürüb. İndi vulkanın fəaliyyəti zəifləyib və yamac hissəsini tikinti üçün qazıb aparırlar. Bunlar da həmin vulkanın yenidən püskürməsinə səbəb ola bilər.

Yeraltı təkanın püskürmənin "təhrikçisi” rolunu oynadığını deyən Adil Əliyevin sözlərinə görə, zəlzələlərin aktivləşməsi palçıq vulkanları püskürmələrinin fəallaşmasına səbəbdir: "Müşahidələrin nəticələri göstərir ki, vulkanın fəaliyyəti zəlzələlərin axırıncı "hazırlıq” mərhələsi dövründə daha aktiv olur, 2-3 həftə sonra bu vulkana yaxın ərazidə zəlzələ baş verir. Maqnitudası 4-10 arası olan zəlzələlər vulkanın püskürməsinə təkan olur. Yeni minillikdə Xəzərdə baş vermiş 6-7 ballı güclü zəlzələdən sonra 16 püskürmə özünü göstərdi. Belə misallar çoxdur”.

Palçıq vulkanlarının qorunmasının vacibliyini xüsusi vurğulayan Adil Əliyevin fikrincə, indi palçıq vulkanlarının əksəriyyətinin yamacı zibilxanaya çevrilib. Belə hallar təkcə bu təbiət abidələrinin məhvinə səbəb olmur, müəyyən dərəcədə antisanitariya, həm də ətraf mühit üçün təhlükə törədir.

 

Palçıq müalicəxanası

 

Palçıq vulkanları gözəl ekoturizm obyekti kimi də istifadə edilə bilər. Yəni Bakıya çoxlu turistlər də cəlb etmək olar.

Vulkan palçığının tərkibində bor, manqan, litium, vanadium, miss. kimi çoxlu qiymətli mikroelementlər var, vulkan suları isə üzvi maddələr, bor, bromyodla zəngindir. Vulkan gilindən sement, keramzit, kərpic istehsal etmək, metallurgiya kürəsi düzəltmək üçün qiymətli xammal kimi istifadə etmək olar. Ondan tikintidə geniş istifadə olunur. Püskürmə məhsulu olan vulkan brekçiyasının tərkibində xalq təsərrüfatının ehtiyaclarını qarşılaya bilən bir sıra qiymətli kimyəvi elementlər, metallar da var.

Həmsöhbətimiz deyir ki, vulkan palçığı insan orqanizminə yaxşı təsir göstərməklə müalicəvi xassələrə malikdir: "Əsasən lilli, torflusapropelli palçıqlardan alınan preparatlardan müalicə məqsədi ilə dünyada infeksiya, vanna, yuyub dezinfeksiya etmə formasında geniş istifadə olunur. Vulkan palçığından dayaq-hərəkət aparatı, oynaqlar, onurğa, periferik əsəb sistemi, dəri, mədə-bağırsaq traktatı, şəkər diabeti, aterosklerozboyun osteoxondrozu kimi xəstəliklərin müalicəsində, daha sonra ginekologiyada, urologiyakosmetologiyada uğurla istifadə edilir. Azərbaycanda hələ keçən əsrin 80-ci illərində Bakı şəhərinin 15 tibb müəssisəsində həkimlər ilə birlikdə vulkan palçığının müalicəvi praktikası həyata keçirilirdi. Bundan başqa, Azərbaycanın bir sıra rayonlarında yerli əhali palçıq müalicəsinin "misirmetodundan istifadə etməklə öz təşəbbüsü ilə bilavasitə vulkanların özündə palçıq vannası qəbul edir. Vulkanın palçığını götürüb qabda saxlayırsan, durulur, üzündə şəffaf su əmələ gəlir və boğaz ağrısı zamanı onunla qarqara edilir”.

 

Püskürməsi ehtimal edilən vulkanlar

 

Ölkə ərazisindəki aktiv vulkanları sadalayan Adil Əliyev deyir ki, Keyrəki, Lökbatan, Quşxana, Şıxzərli, Torağay vulkanları daha aktivdir ki, bunların püskürmələrinin sayı 20-dən çoxdur. Abşeron yarımadasındakı Lökbatan vulkanı 200 il ərzində 25 dəfə püskürüb. Növbəti dəfə Bozdağ-Qobu, Mərəzə, Keyrəki, Şəkixan, Ayazaxtarma, Mərkəzi Qobustanda Şıxzərli, Nardaranaxtarma vulkanlarının püskürməsi ehtimal edilir.

Vulkanın fəaliyyətinin zəifləməsi onun püskürməsi haqqında məlumat verir. Elə vulkan var ki, püskürmədən sonra krater sahəsində qrifonlar, sopkalar əmələ gəlir və vulkan daim ordan suyu, qazı, palçığı çıxararaq tərkibində olan enerjini boşaldır. Ancaq bəzi vulkanlarda püskürməsonrası bu aktivlik müşahidə edilmirenerji toplanır, bir müddət sonra həmin vulkanda yenidən püskürmə baş verir.

Abşeronda "Üçtəpə”, Qobustanda "Mədrəsə”, "Qırqışlaq” vulkanları neft çıxaran vulkanlar sırasındadır. Bunlar yer səthinə bol neft çıxarır. Gec püskürən vulkanlardır.

Dünyanın möcüzələrindən biri sayılan palçıq vulkanlarının qorunması və gələcək nəsillərə çatdırılması, respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması işinin əhəmiyyətini hər birimiz dərk edib, bu işə öz töhfəmizi verməliyik.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.-24 avqust.- S.4.