Bu, Naxçıvandır - nəqşi-cahandır

 

Maddi-mənəvi, təbii sərvətlər və möcüzələr diyarının iqtisadi, ictimai, mədəni yüksəlişi, firavan həyatı qurub-yaratmaq əzmi ilə çalışanların əməyinin bəhrəsidir

 

Qoca Şərqin yaxasında ucalıqlar məskəni, müdriklər oylağı, ulular məkanıdır Naxçıvan. Bəşər ilkinliyinin müqəddəslik simvolu, möhtəşəmlik diyarıdır bu torpaq. Köz rəngində, alov biçimində olan və bir-birinə sığınan uca dağlarla əhatələnən, həsrət, qubar timsallı Xan Arazın sahilinə söykənən bu Oğuz-Türk yurdunun yaşı qədimdən də qədimdir.

Məxəzlərdə bu tarix 5000 ildən yuxarı göstərilir. Lakin qoynunda tarixin sərt amansızlıqlarından hifz etdiyi izlər, nişanələr, saxlanclar bəşər ilkinliyindən soraq verir. Adının Nuhçıxan, Nuh varan yer, torpaq anlamında bu diyarın qədimliyinə dəlalət edir.

Şərqə açılan qapı kimi karvan yolu üzərində qərar tutan Naxçıvanın mədəniyyətlər qovuşağında inkişafının, tərəqqisinin təntənəsi antik səyyahların dilində, salnaməçilərin qələmində vəsf edilib. Nəqşicahan - dünyanın naxışı, bəzəyi, yaraşığı kimi tərənnüm olunub.

 

Ta qədimdən bu yurdda söz daşa yazılıb, daş sözə...

 

kəlama çevrilib. Gəmiqayada qayaüstü rəsmlərdən ulu əcdadlarımızın hikməti süzülür. Memar Əbubəkir oğlu Əcəmi Naxçıvaninin zəkasının, sirli, ovsunlu əllərinin yaratdığı incilərdən dürlü-dürlü kəlamlar dil açır.

Naxçıvanda təbiətin də özünəməxsus ecazkarlığı, füsunkarlığı var.

Bu diyarda hər ucalıqda bir möhtəşəmlik, hər qaya, hər daşda bir vüqar, əzəmət boy verir. Qapıcıq zirvəsi ənginliyin sədası, hər tərəfdən görünən Haçadağ isə əzəmət nidasıdır. Haqqında "Qurani-Kərim”də danışılan Əshabi-Kəhf mağarası sirr-ovsun soraqlı müqəddəslik nişanəsidir. Əmir Teymur qəzəbinə 14 il sipər olan Əlincə qalası əyilməzlik möhürüdür.

Sərt, sıldırım qayalarla əhatələnən bu strateji məkan zaman-zaman Naxçıvan hakimlərinin iqamət yeri olmuş, Eldəgizlər səltənəti dövründə xüsusi əhəmiyyət kəsb etmiş və xəzinəsinin saxlanc yeribu məkan seçilmişdir.

Bu əzəmət simvolunun digər tarixi abidələrə qayğı fonunda bərpa edilib abadlığa qovuşması, eləcə də Əshabi-Kəhf ziyarətgahında görülən işlər, Nuh Peyğəmbərin məzarüstü türbəsi, Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksinin ərazisində yaradılan möhtəşəmlik təqdirəlayiq quruculuq tədbirləri sırasında çox dəyərlidir.

Altı maddi sərvətlərlə zəngin, üstü ruzi-bərəkət mənbəyi olan Naxçıvan torpağına uca yaradan da çox səxavət göstərib: ona şöhrət gətirən çeşid-çeşid nemətlər bəxş edib. Bunlardan biri də hələ qədim zamanlardan emal edilən, nəinki Yaxın Şərqdə, onun hüdudlarından çox-çox uzaqlara aparılan Naxçıvan duzudur. Əsrlərdir şöhrəti aləmlər dolaşan bu sərvət təkcə qida məhsulu kimi deyil, onun bitib-tükənməyən yataqları şəfaverici xüsusiyyətinə görə də məşhurdur. Bu gün Duzdağda yaradılan şərait, sözün gerçək anlamında təqdirolunasıdır. Dünyada tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən, şəfa diləyənləri doğma diyara cəlb edir.

Bu torpaqda çağlayan mineral su mənbələri də özünəməxsusluğu, zəngin tərkibi ilə seçilir. Bu gün də "Sirab”, "Badamlı”, "Vayxır” və sair adlarla süfrələr bəzəyinə çevrilən həmin mineral sular, şəfaverici xüsusiyyətləri ilə də məşhurdurlar. Eləcə də bu torpağın yetirdiyi çeşid-çeşid nemətlər, ekoloji baxımdan saf məhsullar dadı-tamı ilə seçilir, dillər əzəbərinə çevrilir.

Naxçıvan torpağı bərəkət rəmzi, ruzi mənbəyidir. Onun dağında-daşında bitən gülü, çiçəyi belə can dərmanı, şəfa məlhəmidir. Yamyaşıl tarlaları, çörək ətirli zəmiləri bərəkət çətiridir. Burada torpağın nazını çəkən, ona alın təri qatan zəhmətkeş yurdsevər insanların əməyi sayəsində bol məhsulu bitib-tükənmir. Bu səbəbdəndir ki, muxtar respublika iqtisadiyyatının sürətli inkişafı dinamik xarakter alıb. Yerli xammal hesabına yeni-yeni emal müəssisələrinin, istehsal sahələrinin yaradılması əhalinin ərzaq təminatını yaxşılaşdırmaqla yanaşı, məşğulluğun təmin edilməsinə, yaşayış səviyyəsinin yüksəlməsinə stimul verir.

Bu qədim diyar, eyni zamanda elm, sənət, mədəniyyət beşiyi kimi də möhtəşəmdir. Bəşər tarixinə böyük mütəfəkkirlər, dahi şəxsiyyətlər, müdrik dühalar bəxş edib.

 

Memar Əcəminin möcüzəli əlləri, yadigar inciləri

 

Bu incilər yurdun sənət simvollarıdır. Sufi şairi İmadəddin Nəsiminin "Aləmin həqqi” adlandırdığı insanı yaradılmışların ən alisi, ən kamili hesab edən, hürufilik cərəyanının banisi F.Nəimi də bu ulu yurdun övladı, yetirməsidir. Bəşəri ideyalar carçısı, şair Hüseyn Cavid ucalığı dünyaya bu yurd yerindən boy göstərib. Böyük yazıçı Mirzə Cəlil bu torpaqda dünyaya göz açıb. Parlaq, nurlu ideyaları ilə insanlığı qəflətdən oyanmağa səsləyib. Əlvan rəng çalarları ilə möcüzəli sənət nümunələri yaradan Bəhruz Kəngərlinin də vətənidir Naxçıvan. Və beləcə bu qocaman diyar onlarla, yüzlərlə elm, sənət korifeyi, böyük dühalar, sərkərdələr, dünya şöhrətli dahi şəxsiyyətlər yetirib cahana. Naxçıvanın müqəddəslik əlaməti həm də ondadır ki, əvəzsiz dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi kimi tarixə yazılan Ümummilli Lider Heydər Əliyev də bu yurdun övladıdır.

Bəli, sirr deyil ki, bugünkü Naxçıvanın möhtəşəmliyi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu möhtəşəmlik onun pak məfkurə işığında yurda, torpağa sevgi, vətənə məhəbbət, xalqa xidmət amalları aşılayan ideyalarının, qurub-yaratmaq siyasətinin nəticəsidir. Bu gün Naxçıvanın sözün həqiqi mənasında adını, tarixi şöhrətini - Cahanın naxışı, dünyanın bəzəyi olduğunu ehtiva edir. Bütün sahələrdə dinamik xarakter alan iqtisadi inkişaf, sosial-mədəni tərəqqi, mənəvi yüksəliş yurdun hər qarışında parlaq naxışlarla üzə gülür. Çəkilən rahat, abad yollar, ətrafının yaşıllıqlara qərq olan ormanlığı gül-çiçəyə bürünən görkəmi bu diyarda insanların qəlbinin yurda, vətənə sevgi amalları ilə çağladığından soraq verir.

Muxtar respublikanın bütün yaşayış məntəqələri, o cümlədən ən ucqar kəndləri belə müasir tələblər səviyyəsində abadlaşıb...

 

Görkəmi ilə gözəlliyə qovuşan diyar

 

Bu sırada Naxçıvan şəhəri xüsusilə qeyd olunmalıdır. Burada müasir arxitektura üsulunda inşa olunan yeni binalar, orijinal memarlıq quruluşuna malik tikililər, eləcə də tarixi abidələrin mənsub olduqları dövrün memarlıq ənənələrinə uyğun bərpası, mövcud binaların gözoxşayan şəkildə təmiri, aparılan abadlıq işləri onun hüsnünə ecazkarlıq gətirib, əsrarəngiz görkəm bəxş edib.

Yurda, torpağa sevgi aşılayan, doğma diyarı gözəlliklər - cənnət-məkana çevirən təqdirəlayiq işlər burada yaşayan insanların yaşayış səviyyəsinin, rifahının yüksəlməsinə xidmət etməklə yanaşı, mədəni-mənəvi tərəqqinin də göstəricisi kimi dəyərlidir. Təbii ki, bütün bunlar, həmçinin Naxçıvanı dünyanın diqqət mərkəzinə çevirir, regiona turist axınının artmasına da stimul verir. Bu mənada tarixi məkanlara, memarlıq abidələrinə diqqət və qayğı, o cümlədən Əlincə qalası ərazisində, Naxçıvanqala Tarix Memarlıq Muzey Kompleksində, xüsusən də Nuh Peyğəmbərin məzarüstü türbəsinin bərpası, habelə Əshabi-Kəhf ziyarətgahında, Əcəmi Seyrəngahında, Qarabağlar Türbə Kompleksində görülən təmir-bərpa, abadlıq işlərinin mahiyyəti, onların tariximizdə, günümzdə kəsb etdikləri önəm böyük əhəmiyyət daşıyır.

Muxtar respublikada digər sahələr kimi, elmin, təhsilin, mədəniyyətin inkişafı istiqamətində həyata keçirilən layihələr də öz bəhrəsini verir. Bu gün Naxçıvan həm də elm, təhsil, mədəniyyət mərkəzinə çevrilib. Burada fəaliyyət göstərən 3 böyük ali təhsil ocağı, eləcə də çoxsaylı orta ixtisas təhsili müəssisələri bütün sahələr üzrə təkcə region üçün deyil, geniş coğrafiyada mütəxəssislər yetişdirmək funksiyasını uğurla yerinə yetirir. Təbii ki, burada AMEA Naxçıvan Bölməsinin fəaliyyətinin də iqtisadiyyatın, elmin, mədəniyyətin inkişafında rolu müstəsna amil kimi qeyd olunmalıdır. Bunun nəticəsidir ki, Naxçıvan bu gün beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərə - elmi konfranslara, simpoziumlara, festivallara, sərgilərə, müxtəlif yarışlara evsahibliyi edir.

Ötən il Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması, burada Avropa günlərinin keçirilməsi, Türk Şurası Gənclər Forumunun gerçəkləşməsi, eləcə də onlarla birgə beynəlxalqmiqyaslı tədbirlər doğma diyarın dünyanın diqqət mərkəzində olmasının bariz nümunəsidir.

Qədim Naxçıvan bu gün yeni günlərini - inkişafın, tərəqqinin möhtəşəmliyini yaşayır. Adının etimoloji anlamını - Cahanın naxışı, bəzəyi olduğunu inikas etdirir.

...Bütün bunlar deməyə əsas verir ki, 20-ci yüzilliyin sonu, XXI əsrin ilk 10 illikləri tariximizdə inkişaf, tərəqqi, yüksəliş dövrü kimi səciyyələnir. Tariximizə qızıl hərflərlə yazılan bu dövrün iqtisadi, sosial inkişafı, yüksəlişi, insanların rifahı, yaşayış şəraiti, mədəni-mənəvi səviyyəsi, həmçinin onların yurd-vətən sevgisindən güc alan qurub-yaratmaq əzmini də əks etdirir.

 

Adilə SƏFƏROVA,

Əməkdar mədəniyyət işçisi

 

Azərbaycan.- 2019.-24 avqust.- S.5.