Qloballaşan dünyaya Azərbaycan həm də təhsil və elmlə qovuşur

 

Heydər Əliyev Fondunun təhsilin inkişafında müstəsna xidmətləri və gerçəkləşən layihələri buna hesablanmışdır

 

Müasir dövrdə hər bir ölkənin inkişafı ilk növbədə onun təhsilinin səviyyəsi ilə müəyyən olunur. İnkişaf etmiş ölkələrdə davamlı iqtisadi inkişaf insan kapitalının məqsədyönlü fəaliyyəti hesabına əldə edilmişdir. Ümumiyyətlə, bütün dövrlərdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və ona verilən önəmin əhəmiyyətindən asılı olmuşdur.

Azərbaycanda təhsilin yeni ideyalar zəminində inkişafı onun mahiyyət və məqsədinə yeni baxışların formalaşması ilə müşayiət olunur.

''Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır'' müddəasını strateji vəzifə kimi qarşıya qoymuş Ümummilli Lider Heydər Əliyevin bu deyimini, "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir'' fikirləri ilə tamamlayan, təhsili cəmiyyətin ən vacib sahəsinə çevirən Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin davamlı inkişafını bilavasitə təhsilin inkişafında görür. Sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində qarşıya qoyduğu məsul vəzifələr bu gün Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir.

Bu istiqamətdə Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. On beş il öncə yaradılan Heydər Əliyev Fondu ötən müddət ərzində bir çox sahələrdə - mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə çox böyük işlər görüb. Təhsil sahəsində isə fondun təşəbbüsü ilə başlanan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ölkə miqyasında geniş vüsət alıb və ondan sonra dövlət xətti ilə 3 min 200-dən çox məktəb tikilib, təmir edilib.

"Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır. Təhsil millətin gələcəyidir”. Ulu Öndər Heydər Əliyevin təhsillə bağlı müdrik, aforizmə çevrilmiş bu fikirlərindən də görünür ki, bu sahənin inkişafı dövlətin humanitar siyasətinin tərkib hissəsidir. Ölkənin təhsil müəssisələrinin yenidən qurulması və hərtərəfli şəraitin yaradılması baxımından paytaxta yaxınlaşdırılması da məhz yuxarıdakı amillərlə bağlıdır. Təhsil sahəsinin inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətləri və gerçəkləşən layihələri isə xalq tərəfindən birmənalı şəkildə təqdir edilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva müntəzəm olaraq istər paytaxtdakı, istərsə də regionlardakı təhsil ocaqlarında olduqdan, buradakı problemləri öyrəndikdən dərhal sonra müəyyən tədbirlər həyata keçirilib ki, bu da ölkənin Birinci xanımının adıçəkilən sahəyə diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirilib. Ölkənin elm və təhsil sahəsinin Avropa standartlarına uyğun yeniləşdirilməsi qarşıda duran mühüm məsələlərdən biridir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanın Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olarkən Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbə baş çəkmələri də təsadüfi deyildi. 6 min nəfərlik qəsəbədə fəaliyyət göstərən orta məktəblə tanışlıqdan məlum oldu ki, iki korpusdan ibarət, ötən əsrin yetmişinci illərində tikilən bu təhsil ocağı müxtəlif illərdə yalnız cari təmir edilib. 1971-ci ildə inşa olunan birinci korpusda sonuncu təmir işləri 2006-cı ildə aparılıb. Tədrisin Azərbaycan dilində aparıldığı məktəbdə ümumilikdə 2320 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100 müəllim məşğul olur. Məktəbdə darısqallıq olduğu üçün dərslər ikinövbəli keçilir. Məktəbin 2008-ci ildə inşa olunan 2-ci korpusunun da əsaslı təmirə ciddi ehtiyacı var. Birinci vitse-prezident məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasının vacibliyini nəzərə alaraq xüsusi göstəriş verdi. Bu, elm və təhsilə dövlət qayğısının təzahürü kimi diqqətdən yayına bilməzdi.

Heydər Əliyev Fondunun irimiqyaslı proqram və layihələrinin həyata keçirilməsi nəticəsində ölkəmizdə təhsilin inkişafında uğurlar və nailiyyətlər davamlı xarakter alıb. Hər il aliorta ixtisas məktəblərinə qəbulda göstərilən bal göstəriciləri də bunun məntiqi nəticəsidir. Ölkəmizdə təhsil artıq beynəlxalq standartlara uyğunlaşdırılıb. Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi humanitar missiya, eyni zamanda dövlətin yürütdüyü siyasət də buna hesablanıb.

Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələrin və nəzərdə tutulan proqramların reallaşması Azərbaycanın qloballaşan dünyaya inteqrasiyasında mühüm məsələdir. 2006-cı ildə "Yeniləşən Azərbaycana yeni məktəb” proqramının 2-ci mərhələsinə start verildikdən sonra bu mərhələyə Bakıətrafı qəsəbələrdəki orta məktəblər də daxil edildi. Təhsilin inkişafına xüsusi diqqət yetirən fond bir daha müasir dünyada hər bir ölkənin inkişafının, onun dünya birliyinə inteqrasiyasının əsasında yalnız mükəmməl təhsilin dayandığını təsdiqlədi. Ölkədə tikilən yeni məktəb binalarının sayı hər biri zəruri infrastrukturla təmin edildi, ən yeni texniki avadanlıqlarla, kompüterlə təchiz olundu.

Heydər Əliyev Fondunun "Təhsilə dəstək” layihəsi də bu qəbildən diqqətçəkəndir. Tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilən bu proqram məktəblərin əyani vəsaitlə və şagirdlərin dərs ləvazimatı ilə təmin olunmasına imkan yaradıb. Keçirilən silsilə aksiyalar təhsil sahəsində qarşıya çıxan bəzi problemlərin aradan qaldırılmasında öz müsbət təsirini göstərib. 2004-cü ildən başlayaraq hər il məcburi köçkün ailələrinin birinci sinfə gedən uşaqlarına məktəbli çantaları və dərs ləvazimatı fondun dəstəyi ilə hədiyyə olunub. "Təhsilə dəstək” layihəsində eyni zamanda milli azlıqların təhsilinin inkişafına xüsusi diqqət yetirilir. Həmin layihə çərçivəsində Qax rayonunun Qax-İngiloy kənd orta məktəbinin birinciikinci sinif şagirdlərinə gürcü dilində nəşr olunan yeni dərsliklər və məktəb ləvazimatı təqdim edilib.

Fondun prezidenti Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi ilə bağlı ictimaiyyətə ünvanladığı əməkdaşlıq çağırışı da böyük rəğbətlə qarşılandı və qısa zamanda geniş əks-səda doğurdu. Azərbaycanın bölgələrində - dağ kəndlərində, ən ucqar yaşayış məntəqələrində məktəb binalarının tikintisi geniş vüsət aldı. Azərbaycanın birinci xanımı çıxışlarının birində bu layihənin geniş əks-səda doğurmasına belə münasibət bildirib: "Ölkəmizdə çox böyük əks-səda doğuran "Yeniləşən Azərbaycana yeni məktəb” proqramıdır. Biz ilk dəfə bu proqramı təqdim edəndə "dəyirmi masakeçirmişdik. Çox adam inanmırdı, şübhə ilə yanaşırdı ki, bu necə ola bilər, üç-dörd ay ərzində 132 məktəb tikiləcək, özü də əksəriyyəti ucqar rayonlarda, ölkəmizin dağlıq rayonlarında inşa olunacaqdır. Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa bilər”.

Nəhayət, bu ilali məktəb qapılarını yüksək balla açan dünənki orta məktəb məzunlarının sayı az olmayıb. Son illər bir qayda olaraq tələbə adını şərəflə daşımaq üçün onlara münbit şəraitin yaradılmasında isə Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Ölkədə təhsilin daha da inkişaf etdirilməsi fondun əsas fəaliyyət prioritetlərindən sayılır.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.-27 avqust.- S.9.