Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

Bu il Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq Mənəvi Dəyərlərin Təbliği Fondu 12 iyun tarixində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi "İmam Rza” məscidi dini icması ilə birlikdə "Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi elan edib. Müsabiqə qaliblərinin mükafatlandırılması avqustun 26-da keçirilən tədbirdə baş tutub.

Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov yazı müsabiqəsi haqqında məlumat verib. M.İsmayılov bildirib ki, Şeyxülislam Allahşükür Paşazadənin ölkəmizdəki milli həmrəyliyin bərqərar olması, dövlət-din münasibətlərinin formalaşdırılması, insanlar arasında mənəvi-əxlaqi dəyərlərin təbliğ edilməsi sahəsində böyük xidmətləri var. Şeyx həzrətləri eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində genişmiqyaslı səylər göstərmişdir. Azərbaycandakı multikultural dəyərlər və tolerant ənənələrin qorunub saxlanılmasında, eləcə də inkişaf etdirilməsində də Şeyxülislam Allahşükür Paşazadənin səmərəli fəaliyyəti var.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və digərləri çıxış edərək Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyəti barədə danışıblar. Bildirilib ki, Allahşükür Paşazadə ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təbliği, o cümlədən sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafı, eləcə də ayrı-ayrı dini etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılması sahəsində əvəzsiz xidmətlər göstərib.

Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2019.- 28 avqust.- S.2.