Milli Kitabxana Direktorları Konfransının növbəti iclası Yunanıstanın Afina şəhərində keçirilib

 

Milli Kitabxana Direktorları Konfransının növbəti illik iclası IFLA Dünya Kitabxanaİnformasiya Konqresi çərçivəsində Yunanıstanın Afina şəhərində keçirilib.

Azərbaycan Milli Kitabxanasından AZƏRTAC-a bildirilib ki, tədbirin əsas mövzusu “Gələcək nəsil” olub. Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova təmsil edib.

İclasda Milli Kitabxanalar Daimi Komitəsinin hesabatı dinlənilib. Milli Kitabxanalar bu gün və gələcəkdə niyə vacibdir?”, “Dünya Milli Kitabxanalarının funksiyaları və fəaliyyətinin vizuallaşdırılması”, “Gənclərin mütaliəyə marağını artırmaq məqsədilə Milli Kitabxanalarda həyata keçirilən layihələr” mövzularında təqdimatlar olub, diskussiyalar aparılıb. Müzakirələrdə gənclərin mütaliə maraqlarının artmasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi olan “Açıq Kitabxana” layihəsi müsbət rəy alıb.

Yekun olaraq Milli Kitabxana Direktorları Konfransının sədri Lily Knibbeler 2019-cu ildə görülən işlər haqqında hesabat verib. İllik iclasdan sonra Yunanıstan Milli Kitabxanasının baş direktoru Filippos Tsimpoglou qonaqları Milli Kitabxananın yeni binası ilə tanış edib.

Sonda iclas iştirakçıları IFLA Dünya Kitabxanaİnformasiya Konqresi iştirakçıları üçün nəzərdə tutulmuş Mədəniyyət proqramına qatılıb.

 

Azərbaycan.- 2019.- 29 avqust.- S. 3.