İnkişafa təkan verən dostluq münasibətləri

 

Dünyada heç bir dövlət özünü təcrid etməklə inkişaf yoluna qədəm basa bilməz. Dövlətlərin, xalqların, millətlərin tərəqqisinə təkan verən əsas şərt, onların qloballaşmasını labüd edən ilk addım məhz dünya birliyində dostluq, həmrəylik əlaqələrinin yaranması, görüb-götürmək, dünyaya, bəşəriyyətə töhfələr vermək ləyaqətinə, bacarığına söykənir.

Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi nailiyyətlərin mühüm hissəsi uğurlu xarici siyasət kursundan irəli gəlir. Kifayət qədər mürəkkəb geostrateji şəraitdə ölkəmiz balanslaşdırılmış xətti təmin etməyi, dünyanın böyük güclərinin regional maraqlarını uzlaşdırmağı bacarır. Yaxın qonşularla bərabərhüquqlu, mehriban münasibətlərin qorunub saxlanması, əlaqələrin müxtəlif sahələrdə birgə əməkdaşlığa, inkişafa yönəlməsi Azərbaycan diplomatiyasının uğurudur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu günlərdə Rusiyaya rəsmi səfəri, Moskvada keçirdiyi yüksək səviyyəli görüşlər də bunun daha bir parlaq nümunəsinə çevrildi.

 

Tarixi bağlar, ortaq dəyərlər

 

Rusiya Federasiyası ilə münasibətlər Azərbaycanın xarici siyasətində hər zaman mühüm yer tutub. Bu da təsadüfi deyil. Dünyanın ən böyük dövlətlərindən olan Rusiya şimal qonşumuzdur. Azərbaycan və Rusiya arasında tarixi bağlar, uzun onilliklər ərzində birgə yaradılmış zəngin mədəni dəyərlər mövcuddur. Müstəqillik dövründə iki ölkə arasında münasibətlər bərabərhüquqluluq, dövlət maraqlarına qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirilir. Azərbaycanla Rusiya arasında iqtisadi-ticari əlaqələr getdikcə genişlənir və hər iki tərəfə böyük faydalar gətirir. Ölkələrimiz arasında humanitar sahədə hərarətli, hörmətli münasibətlər də Azərbaycan-Rusiya əməkdaşlığına böyük töhfələr verir.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunu yüksək diplomatik məharətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin birgə səyləri nəticəsində ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Son ayların siyasi hadisələri də bu münasibətlərin getdikcə inkişafına, Rusiyanın Azərbaycanı Cənubi Qafqaz regionundakı yeganə siyasi və iqtisadi güc, güvənli tərəfdaş kimi qəbul etməsini təsdiqləyən faktlarla zəngindir. Prezident İlham Əliyevin 3 oktyabr 2019-cu ildə Soçi şəhərində keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə iştirak etməsi böyük maraq doğurdu.

Müasir dünyanın ən aktual məsələlərinin müzakirə edildiyi həmin sessiyadan əvvəl cənab İlham Əliyevin və Vladimir Putinin görüşündə əsas müzakirə mövzusu iki dövlət arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi haqqında mülahizələr idi. Mehriban xanım Əliyevanın Rusiyaya rəsmi səfəri isə bu istiqamətdə həyata keçirilən birgə fəaliyyətin unikal göstəricisi və davamı oldu. Bütün sahələrdə əlaqələrin keyfiyyətcə yeni mərhələsini, dostluq körpüsünün daha etibarlı dayaqlarını yaratdı.

 

Fotolarda əbədiləşən sayğı nümunəsi

 

Mehriban xanımın səfər proqramı Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarətlə başladı. Onun şərəfinə təntənəli mərasim təşkil edildi. Rəsmi yöndən baxsaq, bu, bir protokol tədbiri olsa da, Azərbaycanın Birinci vitse-prezidentinin abidəni ziyarət mərasimindən çəkilmiş, yüksək bədii məzmuna malik fotoları xalqlarımızın onilliklər əvvəl birgə adladığı məşəqqətli günlərin xatirəsinə, faşizmə qarşı mübarizədə canından keçən oğullarımıza, əmək cəbhələrində əziyyət çəkmiş insanlarımıza, ümumən Böyük Vətən müharibəsindəki qələbədə canını qoymuş, əməyi olmuş hər kəsə sayğı nümunəsi kimi böyük rəğbət doğurur.

MDB dövlət rəhbərlərinin cari ilin oktyabrında Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən görüşü zamanı Azərbaycan Prezidentinin Ermənistanda Qaregin Njde ləqəbli faşist cəlladı, satqın Qaregin Ter-Arutyunyana abidə qoyulması faktını ifşa etməsindən sonra Mehriban xanımın naməlum əsgər məzarını ziyarəti xüsusilə tarixin unudulmaz həqiqətlərini təsdiqləyən fakt idi.

 

İqtisadi faydalar

 

Mehriban xanım Əliyevanın rəsmi səfər çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər, Rusiya Prezidenti Vladimir Putin, Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev və Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə apardığı müzakirələr, bunların fonunda Mehriban Əliyevanın şəxsiyyətinə olan ehtiram Azərbaycan-Rusiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin parlaq örnəyinə çevrildi.

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedyevlə görüş xüsusilə iqtisadi sahədə əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından böyük maraq kəsb edirdi. Mehriban xanım Əliyevanın da qeyd etdiyi kimi, iqtisadi əməkdaşlıq Azərbaycanla Rusiyanın ikitərəfli əlaqələrinin ən mühüm komponentlərindən biridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Bu müstəvidə müşahidə olunan müsbət dinamika nikbinlik üçün əsas verir. Çünki hər il müvafiq istiqamətdə inkişaf özünü göstərir, ölkələrimiz arasında əmtəə dövriyyəsi artır. Mehriban xanım ötən il 19 faiz artım olduğunu, bu ilin 9 ayında isə artımın 24 faizə çatdığını, qarşılıqlı sərmayə qoyuluşunda yüksəldiyini diqqətə çatdırdı. Xatırlatdı ki, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan isə Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub. Ən mühüm məqam isə bundan ibarətdir ki, hökumətlərarası komissiyanın təhlilinə görə bu potensialdan hələ tam şəkildə istifadə edilməyib. Mövcud dinamikanı daha 2-3 dəfə artırmaq mümkündür.

İki ölkə arasındakı münasibətlər sanballı müqavilə-hüquq bazasına söykənir. Hazırda Azərbaycanla Rusiya arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Ötən il isə 2024-cü ilədək olan dövr üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb. Bu proqram sənədi özündə 5 "yol xəritəsi”ni ehtiva edir. Onlar ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılmasına, nəqliyyat potensialının inkişafına, birgə müəssisələrin yaradılmasına, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsinə, həmçinin humanitar əlaqələrə istiqamətlənib. Bütün bunlar hər iki dövlətin dostluq əlaqələrindən yaranan inkişaf səviyyəsindən soraq verən və qürur gətirən məsələlərdir.

 

Strateji tərəfdaşlıq

 

Azərbaycan-Rusiya əlaqələrinin hazırkı yüksək inkişaf səviyyəsini digər amillərlə yanaşı, təbii ki, həm də iki ölkə liderlərinin yaxın dostluq münasibətləri şərtləndirir. Bunu Prezident İlham Əliyev "Valday” Diskussiya Klubundakı tarixi çıxışı zamanı da xüsusi vurğulamışdı. Azərbaycanla Rusiya arasındakı münasibətlərin mövcud səviyyəsini belə qiymətləndirmişdir: "Ölkələrimiz arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, biz bir-birimizi strateji tərəfdaşlar adlandırırıq. Bu gün biz ikitərəfli münasibətlərin çox geniş gündəliyini nəzərdən keçirdik və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirdik. Ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Dövlət başçılarının və digər rəsmi şəxslərin müntəzəm görüşləri əməkdaşlığımızın dərinləşməsinə şərait yaradır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, ən mühüm, ümdə məsələlərdə ənənəvi olaraq bir-birimizi dəstəkləyirik”.

Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə intensiv görüşlər keçirdiyini diqqətə çatdıraraq qeyd etmişdi ki, hətta görüşlərə bir neçə ay ara verdikdə, bu, böyük fasilə hesab olunur. Qeyd edək ki, təkcə ötən ilin əvvəlindən Azərbaycan və Rusiya prezidentlərinin doqquz görüşü baş tutub.

Mehriban xanım Əliyeva ilə görüşündə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də Azərbaycan Prezidenti ilə etimada əsaslanan mehriban münasibətlərin formalaşdığını xüsusi diqqətə çatdırdı. Azərbaycan Prezidentinə ən xoş arzularını yetirməsini Mehriban xanımdan xahiş etdi və ümidvar olduğunu bildirdi ki, dekabrın 20-də cənab İlham Əliyevlə Peterburqda görüşmək şərəfinə nail olacaq.

Mehriban xanım Əliyeva da Azərbaycan Respublikası Prezidentinin rusiyalı həmkarı ilə münasibətləri çox yüksək qiymətləndirdiyini, Rusiya-Azərbaycan münasibətlərinə xüsusi əhəmiyyət verdiyini bildirdi. Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı müntəzəm görüşlərin iki ölkə arasındakı qarşılıqlı əlaqələrin çoxcəhətli və dinamik olduğunu vurğuladı və Azərbaycan Respublikası Prezidentinin münasib vaxtda ölkəmizə səfər etmək təklifini Vladimir Putinə çatdırdı.

 

Rus dilinə ən yüksək münasibət

 

Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər mehriban qonşuluq və dostluq ənənələrinə əsaslanır. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. Bütün bu nailiyyətlərin əldə olunmasında isə ölkələrimiz, cəmiyyətlərimiz arasındakı humanitar əlaqələr çox mühüm rol oynayır. Mehriban xanım Əliyevanın Vladimir Putinlə görüşü zamanı diqqət mərkəzinə gələn əsas məsələlərdən biri də elə məhz humanitar əlaqələrin inkişafı idi.

Ölkələrimiz üçün bu məsələnin önəmi çox böyükdür. Müstəqil dövlət kimi Azərbaycan və Rusiya arasında diplomatik münasibətlər təxminən 26 illik dövrü əhatə etsə də, tarixilik baxımından münasibətlərin kökü daha qədimlərə gedib çıxır. Azərbaycan və rus xalqlarını təkcə ərazi yaxınlığı, ortaq sərhədlər deyil, həm də tarixi, mədəni, sosial bağlar bir-birinə bağlayır. Bu mənada, iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə söykənən qonşuluqla əlaqədar deyil, həm də dostluq və əməkdaşlığa əsaslanan ən mühüm əlaqələrdır. Humanitar tərəfdaşlıq münasibətlərimizin qorunaraq daha da inkişaf etdirilməsinə, qarşılıqlı iqtisadi-ticari əlaqələrin güclənməsinə, insanların yüksək rifahının təmin olunmasına, təşəbbüslərin daha da genişlənməsinə, iki ölkənin bir-birinə inamının sarsılmazlığına möhkəm zəmin yaradır.

Azərbaycan-Rusiya humanitar əlaqələrinin mühüm hissəsi təhsil sferasını əhatə edir. Artıq neçə ildir ki, Azərbaycanda Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyət göstərir. Hazırda Rusiyanın müxtəlif nüfuzlu ali məktəblərində 11 mindən çox tələbə təhsil alır. Bu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı nəcib ənənənin davamıdır. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə başlanıb. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 dövlət ali məktəbində rusdilli bölmə fəaliyyət göstərir.

Azərbaycanın çoxminlik rus icması da ölkəmizin ümumi inkişafına öz layiqli töhfəsini verir. Təsadüfi deyil ki, Cənubi Qafqazda etnik rusların ən böyük icması məhz Azərbaycanda məskunlaşıb. Onların öz ana dillərini, mədəniyyətlərini, milli adət-ənənələrini qoruyub saxlamaları, cəmiyyətin ictimai-siyasi, elmi-mədəni və sosial-iqtisadi həyatında geniş təmsil olunmaları, dövlətçiliyimizin möhkəmlənməsində fəal iştirak etmələri ölkəmizdəki multikulturalizm mühitinin nailiyyətidir.

Rus Pravoslav Kilsəsi Azərbaycandakı Rus İcmasının mədəni və mənəvi irsinin, adət və ənənələrinin qorunub saxlanılmasında mühüm rol oynayır. Respublikamızda digər dini konfessiyalar kimi kilsəyə də dərin hörmət bəslənir, onun fəaliyyətinə maddi-texniki və mənəvi dəstək verilir.

Azərbaycanın bu istiqamətdə tutduğu mövqeyi, həyata keçirdiyi dövlət siyasətini görüş zamanı Rusiya Prezidenti Vladimir Putinin də yüksək qiymətləndirdiyinin şahidi olduq. Humanitar əlaqələri, Azərbaycanda rus dilinə münasibəti xüsusi təqdir etdi: "Həqiqətən bu, keçmiş Sovet İttifaqı ölkələrindən, keçmiş Sovet İttifaqı respublikalarından biridir ki, orada, - biz bunu hiss edirik, - rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır”, deyən V.Putin Mehriban xanım Əliyevanın şəxsən bu işdə daim fəal iştirak etdiyini, Azərbaycan Prezidentinin də bunu dəstəklədiyini qeyd etdi: "Biz bunu çox yüksək qiymətləndiririk. Ona görə ki, bu baza bizim bütün başqa istiqamətlərdə münasibətləri, o cümlədən iqtisadi və humanitar əlaqələri, sözün geniş mənasında, inkişaf etdirməyə imkan verir. Buna görə biz Sizə çox təşəkkür edirik və öz tərəfimizdən bu trendi dəstəkləmək üçün nə lazımdırsa edəcəyik. Hesab edirəm ki, bu, bizim ümumi sərvətimizdir. Ona görə ki, bu, insanların öz aralarında hər hansı sədlər və maneələr olmadan ünsiyyət saxlamalarına, həm şəxsiyyətlərarası, həm də dövlət səviyyəsində münasibətləri inkişaf etdirməyə imkan verir”.

Azərbaycan dövlətinin müstəqillik illərində rus dilinə bir çox keçmiş ittifaq ölkələrindən fərqli olaraq ögey münasibət göstərməməsi, bu dilin ənənələrini qoruyub saxlaması Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü milli inkişaf kursunun kamilliyindən irəli gəlir. Rus dilinə hörmət bir çox postsovet ölkələrində hakim olan yanlış düşüncənin əksinə olaraq, milli dilimiz, milli mədəniyyətimiz üçün heç bir təhdid doğurmur. Bir anlıq təsəvvür edək: rus dilinin dominant mövqedə olduğu, bütün dövlət idarələrində sənədləşmə işlərinin, təhsilin ancaq bu dildə olduğu 200 illik tarix boyu belə Azərbaycan xalqı yenə öz dilini, milli özünəməxsusluğunu tam qoruyub saxlaya bilmiş, rus dilinin imkanlarından mədəni inkişaf üçün yetərincə bəhrələnmişdir. Bu xalqın ən böyük mütəfəkkirləri, milli köklərə bağlı ən vətənpərvər ziyalıları rus dilində təhsil almış maarifçilərimiz, cümhuriyyət qurucularımız olublar. Bu halda Azərbaycan xalqı rus dilindən müstəqillik dövründə də çəkinməyə ehtiyac görmədi və bu gün də görmür. Əksinə, mükəmməl rus dili bilikləri müsəlman və türk mədəniyyətinin bir parçası olaraq, eyni zamanda, rus dilində məlumatlar, təhsil və mədəniyyət zənginliyi əldə etmək arzusunda olan vətəndaşlarımıza əlavə imkanlar yaratmışdır.

Mehriban xanım Əliyeva da, görünür, bu mülahizələrlə rus dilinə qayğının Azərbaycanda bir dövlət siyasəti olduğunu diqqətə çatdırdı: "Düşünürəm ki, biz gələcəkdə bu sahəyə daha çox diqqət yetirməliyik. Ona görə ki, gənc nəsil böyüməkdədir. Bizim nəslin ortaq kökləri, ortaq tarixi var. Gənc nəsil böyüyür. Ona görə də insanlar arasında, xüsusən gənc nəsil arasında humanitar sahədə bu gün mövcud olan əlaqələrin qorunub saxlanması və bu əlaqələrin daha da möhkəmlənməsi lazımdır”.

Böyük qürur hissi ilə qeyd edirəm ki, Bakıda rus dilinin öyrənilməsi, ölkəmizdə bu dilin mədəniyyət ənənələrinin qorunması və inkişafı sahəsində illərdən bəridir ki, uğurla fəaliyyət göstərən mərkəzlərdən biri də məhz Bakı Slavyan Universitetidir. Universitetimiz ölkəmizdə digər slavyan dilləri ilə yanaşı, rus dili üzrə də həm peşəkar pedaqoji kadrların hazırlanmasında, həm də elmi tədqiqatların aparılmasında mühüm rol oynayır.

Rusiya Federasiya Şurasıının sədri Valentina Matviyenkonun X Azərbaycan-Rusiya Regionlararası Forumundakı çıxışı zamanı Bakı Slavyan Universitetinin fəaliyyətinə mühüm önəm verməsi də universitetimizin çoxsaylı kollektivi üçün qürurverici oldu: "Bakı Slavyan Universiteti əsl mənada nadir təhsil, elm və mədəniyyət mərkəzidir. Onun divarları arasında rus dilinin öyrənilməsi, slavyan xalqlarının ənənələri və mənəvi dəyərlərinin qorunub saxlanılması üzrə böyük iş aparılır”, - deyən Federasiya Şurası sədri də öz növbəsində millətlərarası ünsiyyət dili olan rus dilinə bu cür diqqətli münasibətə görə Azərbaycan rəhbərliyinə bir daha dərin təşəkkürünü yetirdi.

 

Faşizmin dostlarına qarşı birgə etiraz

 

Azərbaycan və Rusiya arasındakı humanitar əlaqələr, təbii ki, çox geniş istiqamətləri əhatə edir. Bakıda postsovet məkanında Rusiya və xarici ölkə yazıçılarının müxtəlif janrlarda rus dilində nəşr olunmuş kitablarının təqdim edildiyi ilk ixtisaslaşmış mağaza Rus Kitab Evi fəaliyyət göstərir. Bir neçə ay əvvəl Bakıdakı Rus Kitab Evinin fəaliyyətinin 10 illiyi təntənəli şəkildə qeyd edildi.

Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun Rusiyanın müxtəlif şəhərlərində həyata keçirdiyi çoxsaylı layihələr, fondun vitse-prezidenti və Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın bu ölkənin müxtəlif şəhərlərində yerinə yetirdiyi sosial-mədəni təşəbbüslər humanitar əlaqələrin inkişafına çox mühüm təsir göstərir.

Azərbaycanın Birinci vitse-prezidentinin Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirakı da səfər proqramının kifayət qədər əhəmiyyətli tədbirlərindən idi. Yada salaq ki, belə bir əməkdaşlıq forumu on il əvvəl Azərbaycan və Rusiya Prezidentlərinin dəstəyi ilə yaradılıb. Bu illər ərzində Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkə arasındakı əlaqələrin inkişafı yönündə səmərəli mexanizmə, regionların, ictimaiyyət nümayəndələrinin, biznes təmsilçilərinin faydalı dialoq məkanına çevrilib.

Forum zamanı Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko məmnunluqla diqqətə çatdırdı ki, hazırda ölkəsinin 72 subyekti Azərbaycanla ticari münasibətlər, humanitar əlaqələr saxlayır. Moskva, Moskva vilayəti, Sankt-Peterburq, Çelyabinsk, Volqoqrad, Saratov, Nijni-Novqorod, Həştərxan, Sverdlovsk vilayətləri, Stavropol və Krasnodar diyarları bu sahədə liderdirlər. Valentina Matviyenkonun ölkələrimizin nasizmə bəraət qazandırılmasının, antihitler koalisiyasının döyüşçülərinin xatirəsinin təhqir edilməsinin yolverilməzliyi barədə MDB Parlament Assambleyasına üzv dövlətlərin parlamentlərinin rəhbərlərinin bəyanatını dəstəkləməsi barədə fikirləri də maraq doğurdu. Valentina Matviyenko belə dedi: "Gələn il biz Böyük Vətən müharibəsində Qələbənin 75 illiyini birlikdə qeyd edəcəyik. Ortaq tarixin yenidən yazılması cəhdləri, nasizm üzərində qələbədə, Avropanın və dünyanın "qəhvəyi taun”dan xilas edilməsində bizim xalqlarımızın rolunun azaldılması cəhdlərinin qarşısının alınmasında səylərimizi birləşdirmək vacibdir. Burada, həmçinin çox ümid edirik ki, regionlararası səviyyədə də bu tarixi hadisəyə layiqincə diqqət yetiriləcək”.

Bu, Azərbaycan Prezidentinin Aşqabaddakı tarixi çıxışından sonra Rusiya rəsmisinin dilindən Ermənistan rəhbərliyinə ünvanlanan, bu ölkədə faşist cəlladına abidə qoyulmasını pisləyən daha bir irad, işğalçı ölkənin növbəti dəfə nümayişkəranə ifşasıdır.

 

Dostluğa verilən layiqli qiymət

 

Bu gün Azərbaycanla Rusiya arasında mədəniyyət sahəsində daimi dialoq həyata keçirilir, mütəmadi olaraq sərgilər, teatr qastrolları, konsertlər, musiqi və kino festivalları təşkil olunur. Artıq 25 ildir ki, iki ölkə arasında irimiqyaslı Mədəniyyət Günləri layihəsi reallaşdırılır.

Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə yaradılmış Bakı Beynəlxalq Humanitar Forumunun müntəzəm toplantıları ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafına böyük təkan verir. Bu beynəlxalq platforma humanitar sahədə əlaqələri gücləndirməklə bərabər, həm də beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırır.

Azərbaycanla Rusiya arasındakı münasibətlərin ən perspektivli istiqamətlərindən biri də turizmdir. Ötən il Rusiyadan Azərbaycana gələn turistlərin sayı rekord həddə - təqribən 900 min nəfərə çatıb. Ölkəmizə gələn turist sayına görə Rusiya birinci yeri tutur. Azərbaycan da öz növbəsində, Rusiyanın Şimali Qafqaz regionunun turizm infrastrukturu üçün əsas investorlardan biridir.

Səfər çərçivəsində xanım Mehriban Əliyevanın Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan "Azərbaycan” pavilyonunun açılış mərasimində iştirakı, 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi ilə tanış olması ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına xidmət edən maraqlı anlar kimi yadda qaldı. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin səfəri Rusiya kütləvi informasiya vasitələrində də böyük maraq doğurdu. TASS agentliyi, "Rossiya 24” telekanalı, "Rossiyskaya qazeta” Mehriban xanım Əliyevadan geniş müsahibələr yaydı.

Mehriban xanımın Rusiyaya səfərinin ən tarixi anlarından biri isə Rusiya Prezidentinin bu ölkənin yüksək dövlət mükafatlarından olan "Dostluq” ordenini ona təqdim etməsi və söylədiyi bu fikirlər idi: "Əlbəttə, bu dövlət mükafatı, bu "Dostluq” ordeni bir tərəfdən, sanki formal hissə, formal məsələdir, lakin digər tərəfdən, Sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, bu, düşünülmüş qərardır. Sadəcə, Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu, Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır. Biz bunu çox yüksək qiymətləndiririk. Ordenin adı Sizin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafı üçün gördüyünüz işləri əks etdirir. Onun adı belə də səslənir: "Dostluq” ordeni. Sizin işinizə görə və bu dostluğa görə çox sağ olun”.

Azərbaycanda dostluq hər zaman ən yüksək dəyərlərdən sayılıb. Dövlət rəhbərinin bütün dünyada apardığı multikulturalizm siyasəti, bütün dünyada qarşılıqlı inamı, güvəni, birliyin gücünü, bu gücün yaratdığı nailiyyətləri özündə ehtiva edib və fərəhlidir ki, Azərbaycan və Rusiya arasındakı dostluq münasibətləri də bu dəyərin gücü ilə regionda sülhə, təhlükəsizliyə, davamlı inkişaf mühitinə, insanların rifahına xidmət edir.

 

Nurlana ƏLİYEVA,

Bakı Slavyan Universitetinin rektoru, professor

 

Azərbaycan.- 2019.- 3 dekabr.- S.1; 5.