Uğurlu gələcək naminə müdrik və ədalətli qərarlar

 

Tədqiqatlar təsdiqləyir ki, dövlətin nüfuzu, ölkə rəhbərinin reytinqi idarəetmə sisteminin düzgün müəyyənləşdirilməsindən bilavasitə asılıdır. İctimai həyatın bütün sahələrində qazanılan uğurların əsasında da məhz dövlət başçısının bu reallığa əsaslanan inkişaf strategiyası dayanır.

Ümummilli Lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz tərəqqi etməyə və taleyüklü problemlərin həlli istiqamətində ardıcıl və uzun müddətə hesablanmış inkişaf strategiyası həyata keçirilməyə başlanmışdır. Bu gün Azərbaycanda zəngin idarəçilik təcrübəsinə əsaslanan sistem yaradılıb. Ulu Öndərin dövlət idarəetməsindəki zəngin təcrübəsi və siyasi uzaqgörənliyi müstəqillik yolunda ölkəmizin mövqelərini möhkəmləndirib. Ulu Öndərin "İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır” fikirləri Azərbaycanın əldə etdiyi uğurları təsdiqləyir. Hər hansı bir ölkənin əldə etdiyi nailiyyətlər onun iqtisadi vəziyyəti ilə yanaşı, eyni zamanda insan potensialının formalaşmasına yönəlmiş siyasəti ilə də bağlıdır.

Hazırda ölkə rəhbərinin nüfuzu, reytinqi kifayət qədər yüksəkdir. Əsas səbəb qəbul edilən qərarların cəmiyyətin maraqlarının ödənilməsinə yönəlik və nəticəyə hesablanmış fəaliyyətinin təmin olunmasıdır. Hər bir insanın şəxsi keyfiyyətlərinin, bilik və bacarığının inkişaf etdirilməsinə xüsusi önəm verilməsi, eyni zamanda ölkədə yaradılan yeni idarəetmə modelinin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır. "Siyasətimizin mərkəzində ölkə vətəndaşı dayanır” prinsipi işləyir və bu, qəbul edilən qərarlarda öz əməli təsdiqini tapır. Azərbaycan Prezidenti

İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, "Azərbaycanın enerji resursları hələ uzun illər bizə imkan verəcək ki, iqtisadiyyatımızı gücləndirək. Ancaq bizim əsas vəzifəmiz bu kapitalı insan potensialına çevirməkdir. Bu məqsədlə Azərbaycanda sosialhumanitar sahələrdə çox böyük tədbirlər görülür”. Bu isə öz növbəsində Azərbaycanın gələcək inkişaf istiqamətlərinin reallaşdırılmasına zəmin olacaqdır. İndi əsas məqsəd müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından birinə çevrilən dövlət qulluğu institutu və peşəkar dövlət qulluqçuları ordusunu təkmilləşdirməklə gələcəyə aparmaqdır.

Azərbaycan iqtisadi potensialı baxımından regionun ən qüdrətli dövlətidir. Elmi, sosioloji araşdırmalar, beynəlxalq reytinq agentlikləri, beyin mərkəzləri dünya dövlətləri arasında Azərbaycanın qabaqcıl yerlərdən birini tutduğunu qeyd edir. Bu reallıqlar yerli mütəxəssislərlə yanaşı, dünyanın nüfuzlu beynəlxalq təsisatları tərəfindən də təsdiqlənir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların uğurlu nəticələri Dünya İqtisadi Forumunun hesabatında da əksini tapıb. Prezident İlham Əliyevin ardıcıl və qətiyyətli tədbirləri dünyanın aparıcı institutlarının diqqətindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin növbəti uğuru "Doing Business” hesabatında da xüsusi vurğulanmışdır. Azərbaycanın ötən illə müqayisədə daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilməsi, Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında 8 indikator üzrə yüksəlişi onu göstərir ki, inkişaf strategiyası düzgün müəyyən edilib.

Azərbaycanın inkişafının hazırkı mərhələsinin özəlliyi ondadır ki, son illər xüsusilə intensivləşən və bütün ölkə boyu uğurla həyata keçirilən infrastruktur layihələri, yaradılan sənaye, kənd təsərrüfatı və xidmət müəssisələri ən müasir texnologiyalara əsaslanır. Çox önəmlidir ki, bu innovativ texnologiyaların işlənilməsi və tətbiqi istehsal və xidmət sahələri ilə bərabər olduqca böyük əhəmiyyət daşıyan idarəetmə proseslərini də əhatə edir. Bütün bunların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası, bu istiqamətdə qəbul edilən və reallaşdırılan qərarlar durur. Uzunmüddətli davamlı inkişaf strategiyasının tələblərinə cavab verən insan potensialının formalaşması, ölkənin zəngin təbii ehtiyatlarından olan "qara qızılın” insan kapitalına çevrilməsi, bu sərvətin formalaşdırılması və səfərbər edilməsi yüksək hədəflərə nail olunmasının əsas amili kimi çıxış edir.

Akademik Urxan Ələkbərov qeyd edir ki, "ölkədə sağlam, yüksək bilik və bacarığa malik olan yeni nəslin formalaşması tərəqqinin hərəkətverici qüvvəsidir. Prezident İlham Əliyevin səmərəli dövlət idarəçiliyinin təməlində də məhz elmtexnologiyalar, bilik iqtisadiyyatı, elmtutumlu istehsalın həvəsləndirilməsi, eyni zamanda, rəqabətədavamlı elmi-intellektual insan potensialının inkişaf etdirilməsi, bir sözlə, innovativ modernləşməyə transformasiya amili dayanır”.

Prezident İlham Əliyevin özünün də dəfələrlə vurğuladığı kimi, Azərbaycanda sistemli və ardıcıl islahatlar nəticəsində ötən illərdə iqtisadiyyatın və ictimai həyatın bütün sahələrində mühüm məqsədlərə nail olunub, ölkə keyfiyyətcə yeni modernləşmə mərhələsinə qədəm qoyub. Bu mərhələnin başlıca prioritetləri çoxşaxəli, səmərəli və innovativ iqtisadiyyatın formalaşmasına əsaslanaraq sosial sahədə önləyici inkişaf trendinin təmin olunması, əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara çatdırılmasıdır.

Bu fəaliyyətin əsasında dövləti yeni təfəkkürlə gələcəyə yönləndirən, ölkə rəhbəri imicini ləyaqətlə daşıyan Prezident İlham Əliyev dayanır. Azərbaycan Prezidenti tərəfindən qəbul edilən müdrik və ədalətli qərarlar xalqın ona olan etimad və inamını artırır. Bu isə öz növbəsində daxildə və xaricdə ölkənin və onun rəhbərinin reytinqini yüksəldir. "Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” deməklə vətəndaşların etimad və inamını qazanması bilavasitə reytinqə təsir edən amildir.

Heç şübhəsiz ki, Birinci vitse-prezident institutunun təsis edilməsi və bu yüksək vəzifəyə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təyin olunması da xüsusi əhəmiyyət kəsb edir. Məhz onun fəaliyyətinin nəticəsi olaraq ölkəmizdə dövlət idarəetməsi hüquqi və təşkilati əsaslarla yanaşı, eyni zamanda ictimaisosial institut imici qazana bilib. Bu gün dövlət qarşısında daha səmərəli, çevik və vətəndaşlara yönəlik, daim təkmilləşən instituta çevrilmək kimi bir çağırış var.

Hazırda ölkəmizdə gedən proseslər göstərir ki, Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyevin uğurla davam etdirdiyi uğurlu gələcək siyasəti artıq öz bəhrələrini verir. Məhz bu müstəqil siyasət ölkə rəhbərinin reytinqini yüksəldir və gələcəkdə əldə ediləcək uğurların əsasını təmin edir.

 

Yusif AĞAYEV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

İctimai əlaqələr, elektron tədris və informasiya

təminatı şöbəsinin müdiri, filologiya üzrə

fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2019.- 4 dekabr.- S. 6.