Sovet hakimiyyətinin imtina edə bilmədiyi Cəfər Cabbarlı

 

Otuz beş illik ömür içərisində yaşadıqları, gördüyü işlər saysız-hesabsız məqalələrə, cild-cild kitablara sığmır. Cəfər Cabbarlı istedadı ilə, ədəbi-mədəni mühitə gətirdiyi yeniliklərlə çox gənc yaşlarından diqqəti cəlb etmişdi. Elə o vaxtlardan haqqında dəyərli fikirlər söylənilməyə və yazılmağa başlanıldı.

 

Cabbarlı yaradıcılığına həsr olunmuş ilk yazı...

 

Onun yaradıcılığından bəhs edən birinci yazı 102 il bundan qabaq işıq üzü gördü. Həmin vaxtlar Abbas Mirzə Şərifzadənin rəhbərliyi ilə Cəfər Cabbarlının "Ədirnə fəthi pyesi tamaşaya qoyulmuşdu. "Tamaşaçı imzası ilə "Açıq söz qəzetinin 1917-ci il 18 dekabr taixli sayında dərc edilən resenziyada da "Ədirnə fəthindən bəhs olundu. Müəllifinin görkəmli tənqidçi Seyid Hüseyn olduğu güman edilən yazıda əsərin doğurduğu təəssüratlar diqqət çəkirdi. Müəllif dekabrın 15-i, cümə günü sənət məktəbinin tələbələrindən biri - Cabbarzadənin yeni yazmış olduğu "Ədirnə fəthi adlı pyesinin Aktyorlar İttifaqı tərəfindən birinci dəfə tamaşaya qoyulduğunu yazırdı: "...Bu pyesa o qədər şirin, o qədər ruh qabardacaq bir üslub ilə yazılmışdır ki, doğrudan da, bu vəqtə qədər səhnəmiz şirinlikruh yüksəkliyi cəhətindən böylə bir əsər görməmişdir. Tənqidçi ədəbi əsərin uğurları ilə bərabər qüsurlarını da qeyd edirdi.

O zaman çox gənc olmasına baxmayaraq, C.Cabbarlı artıq "Vəfalı Səriyyə, "Solğun çiçəklər, "Nəsrəddin şah, "Ulduz pyeslərini yazmışdı. "Ədirnə fəthindən sonra da ədəbi-mədəni mühitdə maraqla qarşılanan neçə-neçə dram əsərinin müəllifi oldu. Bu pyeslər xalqımızın teatr zövqünün formalaşmasında mühüm rol oynadı.

Dramaturgiya yaradıcılığında xüsusi yer tutsa da, Cəfər Cabbarlı istedadı yalnız bir sahədə məhdudlaşmadı. Onun yaradıcılıq yolu zəngin və məhsuldar oldu. Gözəl şair olan Cəfər Cabbarlı həm lirik, həm də satirik şerlərin müəllifidir.

Siyasi qarşıdurmalarla müşayiət olunan dövrün Azərbaycan üçün nə qədər ağır və məsuliyyətli olduğunu yaxşı bilən C.Cabbarlı xalqın təəssübkeş ziyalılarına qoşuldu, Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil dövlətin güclənməsinə çalışdı.

 

"Azərbaycan sovet dramaturgiyasının banisi

 

Sovet hakimiyyəti onun cümhuriyyət dövründə və sonralar göstərdiyi ictimai-siyasi fəallığı unutmadı. Buna görə təqiblərə məruz qaldı, iki dəfə həbs edildi. Şübhəsiz ki, 1937-ci ilin repressiya burulğanı Cəfər Cabbarlıdan da yan keçməyəcəkdi. Amma böyük millətsevər o vaxtadək yaşamadı. 1935-ci ildə vəfat edən sənətkarın ölümü ilə bağlı yazılmış dövlət nümayəndələrinin rəsmi başsağlığında ondan "Azərbaycanın sevimli yazıçısı, Zaqafqaziyanın böyük dramaturqu, "təvazökar və sosializm quruluşu işinə sadiq adam deyə bəhs olundu. Buna baxmayaraq, bütün yaradıcılığı, əsərləri təqdir olunmadı. Çünki onların bir çoxunda C.Cabbarlının yolunda canından keçməyə hazır olduğu ideyalar əksini tapmışdı. Sovet dövründə lazımınca tədqiq olunmasa da, bir sıra əsərləri gizlədilsə də, bəzilərinin üzərindən sükutla keçilsə də, Cəfər Cabbarlı unudulmadı. Bu, mümkündeyildi. Ona görə ki, C.Cabbarlısız Azərbaycan teatr sənəti solğun, kasıb görünərdi.

Dövrün ideologiyasına uyğun olaraq onu "Azərbaycan sovet dramaturgiyasının banisi kimi təqdim etdilər. Cəfər Cabbarlı haqqında geniş məzmunlu elmi-tənqidi məqalələr, həyat və yaradıcılığına həsr olunmuş memuarlar yazıldı. 1917-ci ildən başlayaraq sovet hakimiyyətinin ilk illərinədək Seyid Hüseynlə yanaşı Abdulla Şaiq, Xəlil İbrahim, Abbas Mirzə Şərifzadə, Hacıbaba Nəzərli, Böyükağa Talıblı, Əziz Şərif, Hənəfi Zeynallı, Mustafa Quliyevdövrünün digər tanınmış ziyalıları cabbarlışünaslığın yaranmasında, formalaşmasında fəal iştirak etdilər. Sonrakı illərdə Əmin Abid, Əli Nazim, Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza, Məmməd Arif, Cəfər Xəndan, Mir Cəlal, Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, Məmmədhüseyn Təhmasib, Sabit Rəhman, Əziz Mirəhmədov və başqalarının C.Cabbarlıya həsr etdikləri elmi-tənqidi məqalələr respublikanın müxtəlif mətbuat orqanlarının səhifələrində dərc olundu. Sovet hakimiyyəti illərində həmçinin akademik Məmməd Arif "Cəfər Cabbarlının yaradıcılıq yolu (1956), Cəfər Cəfərov "Cəfər Cabbarlı (1960), Fəridə Vəzirova "Cəfər Cabbarlı yaradıcılığında sosializm realizmi (1960), Mərziyə Paşayeva "Cəfər Cabbarlı arxivinin təsviri (1965), Əmirxan Xəlilov "Sənət və sənətkar (1974), Elmira Gözəlova "Cəfər Cabbarlı və rus mədəniyyəti (1975), Rasim Tağıyev "Azərbaycan sovet dramaturgiyasının banisi (1979), Nəmidə Abbasova "Cəfər Cabbarlı dramaturgiyasında söz (1983), Paşa Əfəndiyev "Cəfər Cabbarlı və xalq yaradıcılığı (1985), Arif Abdullazadə "Şair Cəfər Cabbarlı (1989), Rəhim Əliyev "C.Cabbarlının yaradıcılıq təkamülü (1989) və başqa müəlliflər yazdıqları monoqrafiyalarda sənətkarın zəngin irsini araşdırdılar.

 

Cabbarlışünaslıq müstəqillik illərində

 

Ötən əsrin sonlarında Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Həmin illərdən başlayaraq əksər sahələr kimi, ədəbiyyatşünaslıqda da canlanma müşahidə olundu. Cabbarlışünaslığa sanballı töhfələr olan əsərlər yazıldı, sənətkarın həyat və yaradıcılıq yolu araşdırıldı. Ədəbiyyatşünas alilərimizdən professorlar Timuçin Əfəndiyev "C.Cabbarlı və romantik dramları (1999), Elçin "Cəfər Cabbarlı. Şəxsiyyəti və yaradıcılığı haqqında düşüncələr (2000), "Şəxsiyyət və istedad (2000), Səlahəddin Xəlilov "Sıxılmış zamanya Cabbarlı fenomeni (2000), "Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti (fəlsəfi etüdlər) (2001), Teymur Əhmədov "Böyük sənət baharı (2001), Alxan Bayramoğlu "Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat (2003), Asif Rüstəmov "Susmaz duyğuların səltənətində (2002), "Cəfər Cabbarlı: həyatı və mühiti (2009), bu günlərdə nəşr olunmuş "Cəfər Cabbarlı və cabbarlışünaslıq kitabları bu qəbildəndir. Həmçinin akademik Bəkir Nəbiyev, akademik İsa Həbibbəyli, professorlar Nizaməddin Şəmsizadə, Şamil Salmanov, Arif Səfiyev, Aydın Dadaşov, İlham Rəhimli, Aydın Kazımov, Firudin Qurbansoy və başqaları elmi-tənqidi məqalələrində Cəfər Cabbarlı yaradıcılığının əhəmiyyətindən bəhs etdilər.

Hər zaman müasirliyini, aktuallığını saxlayan ədəbi-bədii nümunələr bütün dövrlərdə ədəbiyyatşünaslığın diqqətini cəlb edir. Azərbaycan ədəbiyyatında öz dəstxəti olan Cəfər Cabbarlının zəngin bədii irsibu cəhətləri ilə həmişə ədəbiyyatşünaslar, tədqiqatçılar üçün maraqlı olaraq qalacaq və tədqiq ediləcək.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.-4 dekabr.- S.11.