Ulduz və Ədirnə fəthi

 

Səhnə əsərləri

 

Cəfər Cabbarlı yaradıcılığa başladığı gündən həyatın səsinə qulaq asmış, reallığın və cəmiyyətdə gedən mübarizələrin tərcümanı olmağa çalışmışdır. O, bütün varlığı ilə əsl yazıçı, əsrlə, zamanla yaşayan böyük sənətkar idi.

Yaradıcılığına şeirlə başlasa da, nəsrə, dramaturgiyaya daha çox üstünlük vermişdi. Ən məşhur əsərlərini dram janrında yazmışdı. Onun əsərləri zamanın danışan dili idi, dövrün həqiqətlərindən bəhs edirdi. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca 20-dən çox gözəl səhnə əsəri yaratmışdır. Lakin bu pyeslərin bir qismi məfkurəvi cəhətdən ziyanlı kimi səciyyələndirilmişdir. Cəfər Cabbarlının 1917-ci ildə Osmanlı tarixi ilə bağlı qələmə aldığı "Trablis müharibəsi və ya Ulduz, "Ədirnə fəthi kimi pyesləri onillər boyu gün işığına çıxarılmamışdır. Onlar türk məişətini, qəhrəmanlığını və şücaətini təbliğ etdiyi üçün yazıldığı vaxtdan vulqarsovet tənqidi tərəfindən "pantürkist, "panislamist təmayüllü əsərlər kimi qarşılanmışdır. Az sonra isə tamamilə səhnədən çıxarılmışdır. Hər iki əsər görkəmli aktyor Abbas Mirzə Şərifzadənin rəhbərlik etdiyi "Bakı Müsəlman Aktyorları İttifaqı tərəfindən tamaşaya qoyulmuşdu.

"Ulduz bitkin kompozisiyaya malik beşpərdəli səhnə əsəridir. Hadisələr İtaliya- Osmanlı müharibəsi fonunda daha dramatik xarakter alır. Müharibə şəraitində qabarıq şəkildə üzə çıxan xəyanət, namərdlik, mənəvi pozğunluq kimi əxlaqi keyfiyyətləri ifşa etmək üçün C.Cabbarlı ləyaqət, nəciblik, sədaqət, dostluq kimi bəşəri duyğuları önə çəkmişdir. Bununla da Ramiz, Ulduz, Şəmsə, Əbdürrəhman kimi surətlərin simasında saf, mətin xarakterlər silsiləsi yaratmışdır. Əsər 1918-ci ilin köhnə təqvimlə mart ayının 10-da "İsmailiyyə binasının böyük zalında bayram əhvali-ruhiyyəli tamaşaçıların böyük sevincisevgisi ilə keçmişdir. Tamaşanın quruluşçu rejissorubaş rollardan birinin - Ramizin ifaçısı bənzərsiz səhnə ustası Abbas Mirzə Şərifzadə idi.

"Ədirnə fəthi faciəsini isə gənc Cabbarlı 1917-ci ilin oktyabrında bitirmiş, əsər elə həmin il dekabrın 15-də görkəmli səhnə ustalarımız tərəfindən müvəffəqiyyətlə tamaşaya qoyulmuşdu. Pyesin uğurları səhnə təfsirindən əlavə sosial-ictimai ədalətin təntənəsindən ayrılmazdır. Balkan müharibələri dövründə təslimçi, riyakar mövqe tutmuş hakim dairələrə qarşı türk xalqının qəzəbi, itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, insanların qəhrəmanlığı və rəşadəti əsərin əsas mövzusunu, ana xəttini təşkil edirdi. Görkəmli yazıçı, tənqidçi Seyid Hüseyn "Ədirnə fəthinin elmi təhlilinə, səhnə təcəssümünə iki məqalə qələmə almışdır. O yazırdı: "Ədirnə fəthində gənc mühərririn müvəffəqiyyəti tamaşaçılarını məşğul edə bilmək məziyyətidir. Bir mühərrir üçün bu, böyük müvəffəqiyyətdir ("Azərbaycan qəzeti, 1919-cu il, 254).

Bu əsərlər meydana çıxdığı gündən ədəbi-mədəni həyatda mübahisələrə, fikir ayrılıqlarına səbəb olmuşdu. A.M.Şərifzadənin rəhbərliyi altında aktyor kollektivi mədəni fəaliyyəti genişləndirmək məqsədilə 1918-ci il martın 16-da "İsmailiyyə binasında sənətsevərləri və teatr ictimaiyyətini yenidən "Ulduzun işığına toplamışdı. Əsərin uğurlu səhnə taleyi təkcə müəllifə deyil, bütövlükdə aktyor truppasına, teatrsevərlərə sənət sevincləri yaşatmışdı.

Cəfər Cabbarlı "Trablis müharibəsi və "Ədirnə fəthi əsərlərinin ilk tamaşasından sonra verilən ziyafətdə çıxış edərək türk xalqının zəngin mədəniyyətə və döyüş ənənələrinə malik olduğundan söhbət açmışdı. "Trablis müharibəsində Nuru paşanın hərbi xadim və şəxsiyyət kimi bədii obrazını təsvir etməklə yanaşı, generalın Bakının xilası uğrundakı zəfər yürüşündən bəhs olunacaq yeni əsərini yazacağına söz vermişdi. General ziyafətdən sonra C.Cabbarlının dəvətini qəbul edərək onun qonağı olmuşdu.

Vədinə xilaf çıxmayan ədib "Bakı müharibəsi əsərini yazmışdı. Bu əsər daha ağır tale ilə üzləşmişdi. Pyesdə 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaklarının azərbaycanlılara qarşı zülmləri təsvir edilir, başda Nuru paşa olmaqla xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsi haqqında söhbət açılırdı. Həmin faciə 1919-cu il sentyabrın 16-da Abbas Mirzə Şərifzadənin rəhbərliyi ilə "Türk ocağında tamaşaya qoyulmuşdu. Amma əsər sonradan itirilmişdir.

 

İ.ƏLİYEVA

 

Azərbaycan.- 2019.-4 dekabr.- S.11.