C.Cabbarlının “Solğun çiçəklər”i alqışlarla qarşılandı

 

Sumqayıt Dövlət Dram Teatrı son illər respublikamızda keçirilən tədbirlərdə maraqlı repertuarı ilə çıxış edir.

Dövlət başçısının görkəmli dramaturq C.Cabbarlının 120 illiyinin xüsusi qeyd edilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın sonu Cəfər Cabbarlı həftəsi çərçivəsində teatr bayramı keçirilir. Bakı və bölgə teatrlarının qatıldığı tədbirdə ədibin ayrı-ayrı əsərləri nümayiş etdirilir.

Sumqayıtlılar bu bayrama əliboş gəlməmişdilər. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Sumqayıt Dövlət Dram Teatrında ərsəyə gəlmiş "Solğun çiçəklər” tamaşası oynanıldı. Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Plastik həll və rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur. Quruluşçu rejissor E.Zeynallının klassikaya yeni baxış bucağı özünü maraqlı traktovkada göstərdi. Teatr ictimaiyyəti, gənclər, ziyalılar, bir sözlə, müxtəlif kontingentdən olan insanlar iki saat ərzində truppanın mükəmməl oyununu seyr etdi.

Səhnədə obrazları Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar İlahə Səfərova, Şəhla Məmmədova, İlqar İbrahimov və Rövşən Əsgərov canladırırdılar. Tamaşadan sonra maraqlı müzakirə oldu. Cəfər Cabbarlının nəvəsi Qəmər xanım yaradıcı heyətə minnətdarlığını bildirdi. O söylədi ki, Cəfər Cabbarlı təfəkkürünü və ruhunu qoruyub saxlamaqla səhnə əsərində müxtəlif dəyişikliklər, eksperimentlər yerinə düşürpyesin uzunömürlülüyünə fayda gətirir.

Digər sənətsevərlər belə bir tamaşaya görə yaradıcı heyəti təbrik etdilər və vurğulandı ki, eksperimentə, improvizəyə, aktyor məharətinin açılmasına rəvac verən əsərlər ölməzdir. Böyük Cabbarlının ədəbi materialları da özündə məhz bu nüansları birləşdirir.

Tamaşanın sonunda maraqlı anlar yaşandı. Səhnədən zala enən aktyorlar tamaşaçılarla söhbət edib diskussiya apardılar.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.- 5 dekabr.- S.9.