Nəsimi haqqında növbəti kitab İtaliyada işıq üzü görüb

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türkdilli xalqların zəngin mədəni irsinin dünyada nümayişi və təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir.

Bu çərçivədə fondun dəstəyi ilə növbəti kitab İtaliyada işıq üzü görüb.

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ilielan edilməsi haqqında sərəncamlarına uyğun olaraq nəinki ölkəmizdə, həm də dünyanın bir çox yerlərində silsilə tədbirlər və təqdimatlar keçirilir, kitablar çap edilirşairin yaradıcılığına yenidən nəzər salınır. Türk xalqlarının bir-birinə yaxınlaşması və onların ortaq mədəniyyətinin təbliği missiyasını üzərinə götürən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşrini də yubileyə töhfə adlandırmaq olar. Belə ki, fondun İtaliyanın "Sandro Teti” nəşriyyat evi ilə əməkdaşlığı çərçivəsində "Nəsimi poeziyası” kitabı italyan dilində çap olunub. Kitaba şairin 100-dən çox qəzəli və rübaisi daxil edilib.

Azərbaycan poeziyasının ən önəmli şəxsiyyətlərindən olan İmadəddin Nəsiminin əsərlər toplusu, Türk Dünyasının zəngin mədəni irsinin təbliği ilə yanaşı, italyan oxucusunun dahi şairin yaradıcılığı ilə daha yaxından tanış olmasına imkan yaradır. Kitabın təqdimatının bu ay ərzində İtaliyanın müxtəlif şəhərlərində keçirilməsi nəzərdə tutulub.

 

Azərbaycan.- 2019.- 6 dekabr.- S.10.