Ümummilli hərəkata çevrilən təşəbbüs

 

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 650 illik yubileyi münasibətilə dünən respublikamızın bütün bölgələrində ağacəkmə kampaniyası keçirildi. Prezident İlham Əliyevin və Mehriban Əliyevanın iştirakı ilə Şamaxı rayonundan başlanan kampaniyada 650 min ağac əkildi. Bu təşəbbüs ölkədə həyata keçirilən ekoloji siyasətə layiqli töhfə və İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş nəcib addımdır.

Ümumiyyətlə, ətraf mühitin mühafizəsi, insanların sağlamlığı Azərbaycan dövlətinin ekoloji siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu Öndər tərəfindən əsası qoyulan ənənəni bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. 2010-cu ilin ölkədə "Ekologiya ilielan edilməsi isə bunun bariz nümunəsi olmaqla yanaşı, bir daha sübut edir ki, Azərbaycanda ekoloji siyasətə xüsusi diqqət ayrılır.

Bir gündə 650 min ağacın əkilməsi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən ilk layihə deyil.

Hələ 2007-ci ilin mart ayında, Novruz bayramı ərəfəsində Ulu Öndərin ölməz ideyalarının layiqli davamçısına çevrilmiş Heydər Əliyev Fondu xalqımızın mənəvi dəyərlərinə yüksək ehtiram nümayiş etdirərək "Hərəmiz bir ağac əkək!” devizi altında yaşıllaşdırma kampaniyasına başlamışdı. O zaman Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslə fond Bakı ətrafındakı qəsəbələrin istifadəsiz qalmış sahələrində 20 min həmişəyaşıl ağac əkməklə respublikada rezonans doğuran layihənin əsasını qoydu. Xəzər rayonundan başlayan bu kampaniyaya ölkənin dörd bir yanından ictimaiyyət böyük dəstək verdi. Ölkənin bütün şəhər, qəsəbə və kəndlərində vətəndaşlar bu təşəbbüsə qoşularaq yaşıllaşdırma kampaniyasında həvəslə iştirak etdilər. Ətraf mühitin qorunmasına yönəlmiş layihə çərçivəsində ölkə ərazisində bir milyondan çox yeni ağac əkildi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci ildən fəaliyyətə başlayan IDEA İctimai Birliyinin də fəaliyyət istiqamətlərindən biri yaşıllıqların çoxaldılmasıdır. Yarandığı gündən bəri IDEA Azərbaycanda yaşıllıqların qorunması və genişləndirilməsi üzrə bir çox misli görünməmiş layihələrə imza atıb. Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Cavan ruh üçün cavan ağac”, "Ümumrespublika yaşıllaşdırma” marafonu, "Hər kağızı bir yarpağa dəyişək”, "Ağacların kəsilməsinə yox!”, "Ağac əkək, qoruyaq, yaşadaq”, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” və digər layihələr çərçivəsində könüllülərin dəstəyi ilə ölkə ərazisində milyonlarla ağac əkilib, yaşıllıq zolaqları salınıb və yüzlərlə qanunsuz ağac kəsintisi cəhdinin qarşısı alınıb.

Hər bir yaşıllaşdırma layihəsi respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə ekoloji vəziyyətin sağlamlaşdırılmasına töhfələr verir. Bu layihələrin həyata keçirilməsində, o cümlədən hər il müxtəlif əlamətdar tarixlərdə keçirilən yaşıllaşdırma tədbirlərində yaşından, vəzifəsindən asılı olmayaraq insanların iştirakı ilə minlərlə ağac əkilir. Mehriban Əliyevanın təşəbbüsü ilə dünən keçirilən və ümummilli hərəkata çevrilən ağacəkmə kampaniyası da respublikamızın bütün rayonlarını əhatə etməklə yaşıllıqların daha da artırılmasında, Nəsiminin və bütövlükdə Azərbaycanın ədəbi-mədəni irsinin təbliğində müstəsna rol oynayır. 83 şəhər və rayonda 38 növdə əkilən 650 min ağac həm də Nəsimiyə qoyulmuş yaşıl abidə kimi tarixə düşdü.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 7 dekabr.- S.1; 4.