Azərbaycanın ilk dövlət muzeyi

 

7 dekabr Azərbaycan İstiqlal Muzeyinin yaradılması günüdür

 

Yüz il öncənin bu günü... Müstəqilliyinə qovuşmuş Azərbaycan dövlətinin 1919-cu il dekabrın 7-də ilk dövlət muzeyi yaradılır...

Əşya və materialların, bədii sənətkarlıq nümunələrinin qeydə alınması, mühafizəsi, tədqiqi, təbliği ilə əlaqədar hüquqi-normativ sənədlərin olmaması problemə çevrilmişdi. Belə bir zamanda maddi cəhətdən imkanlı avropalılar Azərbaycanın yerli sakinlərindən tarixi əhəmiyyətli əlyazmaları, qədim əşyaları alıb aparırdılar. 1919-cu ilin sentyabrında Azərbaycan şərqşünasları tarixi irsimizin qorunması məqsədilə "Şərqin arxeologiyası və tarixin həvəskarları dərnəyi”nin yaradılması məsələsini irəli sürdülər. Bakıda milli muzeyin yaradılması ilə bağlı "Yaşıl qələm” Ədəbi Cəmiyyətinin üzvləri Hüseyn bəy Mirzə Camalov və Məhəmməd Ağaoğlu Azərbaycan parlamenti qarşısında məsələ qaldırdılar. "Azərbaycan” qəzetinin 1919-cu ilin 23 sentyabr tarixli sayında muzeyin təşkili ilə əlaqədar yazılırdı: "...sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da vətənimiz Azərbaycanda bir milli muzey təsisidir... Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını "Milli muzeyqoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə, "İstiqlal muzesi” olmasını əhəmiyyətli görürüz”.

Parlamentin sədr müavini Həsən bəy Ağayev muzey üçün otaq ayrılması ilə bağlı İnventar komissiyasına sərəncam verdi. Muzeyin yaradıcıları - Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu, həmçinin Azərbaycan Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultanməcid Qənizadə, parlamentin rəyasət heyətinin digər məsul əməkdaşları tərəfindən 1919-cu ilin 6 noyabrında tərtib edilən sənəddə muzeyin əsasnaməsi, uçot-mühafizə üzrə təlimat, fond-satınalma komissiyası haqqında müddəalar əksini tapdı. "Həmişəlik Azərbaycan Parlamanı ixtiyarında olaraq hələlik parlaman imarətində təsis edilən "Muze İstiqlal” adına müəssisələr tərəfindən toplanmış olan şeylərin Birinci Parlaman Divani-Rəyasətinə təhvil verilməsi haqqında Şərait” adlanan, təhvil-təslim aktı formasında hazırlanan sənədin 3-cü bəndində bildirilirdi: "İstiqlal muzeyi milli bir müəssisə olduğu üçün muzeydə mövcud bütün əşya milli mal hesab edilir. Heç kəs və heç bir müəssisə o şeylərə sahib ola bilməz”. Parlamentin rəyasət heyəti İstiqlal muzeyinin təşkili və fəaliyyəti ilə əlaqədar xərcləri öhdəsinə götürdü. Muzey üçün gələcəkdə xüsusi binanın ayrılması, yaxud tikilməsi, proqram və nizamnaməsinin hazırlanması kimi məsələlərə də sənəddə yer verildi. "Azərbaycan” qəzeti yazırdı: "İstiqlal muzeyinin genişlənməsi üçün eksponatların toplanması işi gedir. Muzeyin təsisçiləri əhaliyə müraciət edərək muzeyin komplektləşdirilməsinə yardım göstərməyə və köhnə əşyaları ora bağışlamağa çağırırdılar. Muzeyə kömək göstərən şəxslərə bağışlanılan əşyaların adları və qiyməti göstərilməklə qəbz verilirdi”.

Beləliklə, AXC Parlamentinin quruluşunun birinci ildönümü münasibətilə 1919-cu il dekabrın 7-də parlamentin binasında İstiqlal muzeyi yaradıldı. Muzeyə təhvil verilən ilk eksponatların arasında Azərbaycanın istiqlalına dair sənədlər, tariximaddi mədəniyyət nümunələri, arxeoloji tapıntılar, silahlar, rəsm əsərləri, xalçaxalça məmulatları, bədii tikmələr, mis qablar, bəzək əşyaları və digər sənət əsərləri, Qurani-Kərimin nadir nüsxələri, müxtəlif əlyazmalar var idi.

Bolşevik Rusiyası 1920-ci ilin aprelində Azərbaycanı işğal etdi. Cümhuriyyət hökumətinin quruculuq işləri yarımçıq qaldı. İstiqlal muzeyi də fəaliyyətini dayandırmaq məcburiyyətində oldu.

1990-cı illərdə Azərbaycan yenidən dövlət müstəqilliyini qazandı. Ölkəmizin "unudulmuştarixi həqiqətləri üzə çıxdı. Azərbaycanın ilk rəsmi dövlət muzeyinin fəaliyyəti də yetmiş bir il sonra bərpa olundu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1991-ci il tarixli 9 saylı qərarına əsasən İstiqlal muzeyi yaradıldı. 1919-cu ildə fəaliyyət göstərmiş muzeydən heç bir eksponat qalmamışdı. Yenidən fəaliyyətə başlayan muzey "İstiqlal” adını alaraq birinci muzeyin mənəvi varisi oldu. 7 minədək eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 22 minə yaxın eksponat var. Muzey altı zaldan ibarətdir. Birinci ekspozisiya zalında Azərbaycanın dövlət rəmzləri - üçrəngli bayrağı, dövlət gerbi, Dövlət himni və dövlət Konstitusiyasını əks etdirən sənədlər nümayiş olunur. XVIII əsrin ikinci yarısında Azərbaycanın xanlıqlara bölünməsi, XIX əsrdə məmləkətimizin işğalı uğrunda Rusiya ilə İran arasında gedən müharibələr, 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələrinin bağlanmasına dair materiallar da zalda yer alıb.

Muzeyin ikinci zalında XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinədək olan dövr barədə məlumat verilir. Zal H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov kimi neft milyonçuları tərəfindən yeni binaların, məktəblərin, xəstəxanaların tikilməsi, eləcə də A.A.Bakıxanovun, milli mətbuatımızın banisi H.B.Zərdabinin və digər ziyalıların fəaliyyətini əks etdirən materiallarla zəngindir. Bölmələrində 1918-ci il 31 Mart soyqırımına həsr olunmuş fotofaktlar, arxiv materialları, sənədlər nümayiş etdirilir. Həmçinin cümhuriyyətin qurucuları - M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.M.Topçubaşovbaşqa görkəmli şəxsiyyətlərin tarixi anlarını əks etdirən fotolar, o zamanın pul vahidləri, poçt markaları, dövrün müxtəlif hadisələrini əks etdirən materiallar var.

Üçüncü zalda 1905-1911-ci illərdə Cənubi Azərbaycanda baş verən azadlıq hərəkatının rəhbəri Səttarxan və silahdaşlarının fəaliyyəti, 1917-1920-ci illər Şeyx Məhəmməd Xiyabani hərəkatı, Seyid Cəfər Pişəvərinin başçılığı ilə 1941-1945-ci illərdəki "21 Azər” hərəkatı barədə və digər materiallar toplanılıb.

Dördüncü zalda ötən əsrin 1920-1930-cu illərində Azərbaycanda repressiyaya məruz qalan şəxsiyyətlər, eləcə də II Dünya müharibəsində ölkəmizin qəhrəman oğul və qızlarının önarxa cəbhədə göstərdikləri rəşadət haqqında məlumatlar verilir.

Muzeyin beşinci zalında 1990-cı ilin qanlı Yanvar hadisələri, Ermənistanın başladığı müharibə, sonrakı illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğalı, Xocalı soyqırımının dəhşətləri, xalqımızın şəhid olan, evindən, yurdundan qaçqın düşən övladlarının faciələrni əks etdirən materiallar var.

XX əsrin sonlarında yenidən müstəqilliyini əldə edən Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, ordu quruculuğu və digər məsələlər altıncı zalda əksini tapıb. Bu zalda Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə respublikamızın nail olduğu böyük uğurlar, eləcə də onun yolunu davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti, son illərdə ölkəmizin qazandığı uğurlar barədə çoxsaylı məlumat və fotolar yer alıb.

Yüz yaşlı İstiqlal muzeyi tariximizin bütün dövrlərini əks etdirir. Muzey bütöv Azərbaycanın tarixi, mədəniyyəti haqqında zəngin məlumatlar verir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.-7 dekabr.- S.7.