Ümummilli liderlik: miqyası və missiyası

 

Azərbaycanın özü qədər əbədi

 

Çoxəsrlik ənənələrə malik olan Azərbaycan dövlətçiliyi tarixində görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan epoxa xüsusi əhəmiyyətə malikdir.

Əvvəla, siyasi olimpin zirvəsinə doğru inkişafda Heydər Əliyev adidən aliyə doğru bütün pillələri addım-addım keçmiş, zəngin həyat təcrübəsi əldə etmiş və mükəmməl dövlət idarəçiliyi mədəniyyəti qazanmışdır. Naxçıvan Pedaqoji Məktəbində, Bakı Dövlət Universitetində və Leninqrad Təhlükəsizlik Orqanları Məktəbində yiyələndiyi biliklər onun gələcək böyük həyata hazırlanmasında mühüm rol oynamışdır.

O, eyni zamanda Sovet İttifaqının "daxili dünyasına” dərindən bələdçilik üçün əvəzsiz imkanlara malik olan təhlükəsizlik orqanlarındakı fəaliyyəti dövründə də ciddi təkamül prosesləri yaşamış, siyasi sistemin bütün dərinliklərinə bələd olmaq fürsətini qazanmışdır. Ən başlıcası, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi, Heydər Əliyev rəhbərlik etdiyi respublikanın ictimai-siyasi və iqtisadi-mədəni həyatının bütün sahələrinə dərindən nüfuz edərək, cəmiyyətdə gedən prosesləri izləmiş, irəliyə doğru inkişaf üçün zəruri olan bütün addımları atmışdır.

Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq görkəmli dövlət xadimi Heydər Əliyev Ümummilli Lider səviyyəsini fəth etmişdir.

Daha doğrusu, məhz Ulu Öndər Heydər Əliyevin çoxillik siyasi və dövlətçilik fəaliyyəti sayəsində Azərbaycanda dövlət rəhbərliyi Ümummilli Lider statusu qazanmışdır.

Heydər Əliyev Azərbaycan dövlətinin çoxəsrlik tarixində birinci Ümummilli Liderdir.

Ümummilli liderlik Heydər Əliyevin milli dövlətçilik istedadının ardıcıl və məqsədyönlü fəaliyyətinin mühüm nəticəsidir.

Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, ümummilli liderlik üçün ən zəruri şərtlərdən biri siyasi şəxsiyyətin mübarizəsində ümummilli idealların aparıcılıq təşkil etməsi, xüsusi yer tutmasıdır. Görkəmli dövlət xadimi Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində: sovet hakimiyyəti illərində, keçid proseslərində və müstəqillik mərhələsində həmişə mənsub olduğu xalqın azadlığı və tərəqqisi üçün çalışmış, xalqını və ölkəsini ümummilli idealların işığında böyük hədəflərə doğru aparmışdır.

Sözün əsl mənasında, Azərbaycan və onun taleyi, xalqın ümidləri və gələcəyi Heydər Əliyev siyasətinin mahiyyətini müəyyən etmişdir. Bu böyük dövlət xadiminin baxışlarında ölkəsini və xalqını dünya azərbaycanlıları ilə birlikdə geniş miqyasdatam halda təsəvvür etmək miqyasında düşünülmüş bir qavrayışın ifadəsindən ibarət olmuşdur.

Uzaqgörən dövlət xadimi kimi Heydər Əliyevin Azərbaycan anlayışında dünyada gedən proseslərin fonunda ölkəsinin və çoxmilyonlu xalqının taleyinin ən əsas faktor kimi nəzərə alınması, istiqamətləndirilməsi həmişə ön mövqedə dayanmışdır. Beləliklə, Heydər Əliyevin timsalında ümummilli liderlik rəhbəri olduğu ölkənin fövqünə qalxmağı bacarmaq, mənsub olduğu xalqın böyük gələcəyinə xidmət etmək deməkdir.

Ümummilli liderlik ölkə maraqlarını ümumdünya proseslərinin fonunda dəyərləndirib nəticələr çıxarmağı tələb etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev ölkə maraqlarını ümumdünya prosesləri ilə üzvi surətdə uzlaşdırmağı, milli dövlətçilik mənafelərinə xidmət edən qərarlar qəbul etməyi və həmin qərarları zamanında və qətiyyətlə həyata keçirməyi bacarmışdır.

Bu mənada ümummilli liderlik üçün ümummilli maraqlarla eyni səviyyədə, bəlkə bir qədər də artıq dərəcədə geniş siyasi-ideoloji dünyagörüşə və dövlətçilik təfəkkürünə malik olmaq zəruri şərtlər sırasında xüsusi yer tutur. Aydın, dərin və geniş dünyagörüşə malik olmaq cəhətdən Heydər Əliyev dünyanın müxtəlif ölkələrinin ən adlı-sanlı dövlət başçıları ilə, məşhur siyasi xadimlərlə müqayisə oluna bilər.

Heydər Əliyev universal zəka sahibi olan görkəmli dövlət xadimi idi.

Cəmiyyət həyatının ən müxtəlif sahələrinə kamil mütəxəssis səviyyəsində dərindən bələd olmaqda onunla müqayisə edilə biləcək dövlət xadimi göstərmək çətindir. Haqlı olaraq onun adını dünya siyasətində özünü təsdiq etmiş Corc Vaşinqton, Vilyam Çörçil, Şarl de Qoll, Mustafa Kamal Atatürk kimi qüdrətli dövlət xadimləri ilə bir sırada çəkirlər.

Həqiqətən dünyada gedən siyasi prosesləri dərindən təhlil edib dəyərləndirməkdə, nəticələr çıxarmaqda, həll yollarını proqnozlaşdırmaqda da Heydər Əliyev əlçatmaz zirvədə dayanır.

Heydər Əliyev SSRİ adlanan superdövlətin liderləri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvləri arasında geniş dünyagörüşü, təhlil və müqayisə etmək bacarığı, gələcəyə baxışları ilə fərqlənmişdir.

Sovetlər Birliyinin rəhbərliyində Heydər Əliyevə bəslənən qısqanclıq meyillərinin kökündə duran əsas səbəblərdən biri onun parlaq və aydın zəkası, geniş dünyagörüşə malik olması, müstəsna idarəçilik qabiliyyəti idi.

Heydər Əliyev zəngin və geniş dövlətçilik təfəkkürünə malik olan nadir dövlət xadimlərindən biridir.

Dövlətçiliyin nəzəriyyəsi ilə təcrübəsinin möhkəm vəhdətinə nail olmaqbütün bunları özünün intellektual qabiliyyətləri ilə əlaqələndirməyi bacarmaq Heydər Əliyev fenomeninin əsaslarını təşkil edir.

Dünyanın görkəmli dövlət xadimləri və böyük siyasətçiləri, elm və mədəniyyət xadimləri Heydər Əliyevin dövlətçilik təcrübəsinə həmişə heyrətlə yanaşmış, onun qeyri-adi qabiliyyətə malik olduğunu dönə-dönə etiraf etmişlər.

- Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klinton Heydər Əliyevi dünyanı idarə etmək qabiliyyətinə malik olan dövlət xadimi kimi qiymətləndirmişdir.

- Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Heydər Əliyevdən böyük dövlətçilik və idarəetmə məktəbi yaratmış görkəmli dövlət xadimi kimi bəhs etmişdir.

- Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl onu türk dünyasının əsas lideri kimi ucada görmüşdür.

- Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun aşağıdakı sözləri görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik istedadına verilmiş obyektiv qiymətin ifadəsidir: "Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü Müstəqil Dövlətlər Birliyi məkanında, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. … Heydər Əliyev yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti - müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi sayəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir”.

Beləliklə, ümummilli liderlik üçün zəruri olan kamil dövlətçilik təfəkkürü, uzaqgörənlik, ümummilli hədəflərin müəyyən olunması və geniş siyasi dünyagörüş və qətiyyətli addımlar Heydər Əliyev fenomeninin miqyasını müəyyən etmişdir. O, sözün əsl mənasında, Çingiz Aytmatovun dediyi kimi, "tarixi və əfsanəvi bir şəxsiyyət” kimi diqqəti cəlb etmişdir.

Ümummilli liderliyin geniş miqyası dövlət xadiminin uzaqgörənliyini və qətiyyətini müəyyən edir. Ümummilli idealları həyata keçirmək üçün zəruri olan uzaqgörənlik, qətiyyət və cəsarət liderliyin bu fazasında ideyadan əmələ doğru gedişatın əsas hərəkətverici qüvvəsinə çevrilir.

Heydər Əliyevin simasında dövlətçilik baxımından müdriklik və uzaqgörənlik nəzəri-metodoloji baxışlar sisteminin, qətiyyət isə əməlin, hərəkətin siyasi ifadəsindən ibarətdir.

Ümummilli hədəflərin müəyyən edilməsi, üstəgəl atılacaq addımların siyasi mahiyyətinin dərindən təhlil edilib qiymətləndirilməsi və tələb olunan anda qətiyyətli mövqe nümayiş etdirilməsi ümummilli liderlik anlayışının miqyasını müəyyənləşdirir. Bu məqamda ümummilli liderliyin ideya-nəzəri miqyası dövlət xadiminin xalq və ölkə qarşısındakı missiyasını həyata keçirməkdə göstərdiyi dönməz, qətiyyətli mövqe ilə şərtlənir.

Dünya siyasətində və ölkə rəhbərliyində təmsil olunduğu qırx ilə yaxın bir dövrdə Heydər Əliyevin timsalında ümummilli liderliyin miqyası ilə missiyası həmişə bir-birini üzvi surətdə tamamlamışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev xalqının gələcəyini qabaqcadan görmək və ölkəsini həmin ideal gələcəyə doğru real surətdə aparmaq qabiliyyətinə malik olmuşdur. Sovet hakimiyyəti illərində kommunist ideologiyasının hakim olduğu şəraitdə Heydər Əliyevin azərbaycançılıq siyasətini addım-addım həyata keçirməsi, milli-mənəvi dəyərləri ön mövqeyə çəkməyi bacarması nəticə etibarilə xalqda müstəqil dövlətçilik şüurunun formalaşdırılmasında mühüm rol oynamışdır.

Doğma vətəni özünün qibləgahı hesab edən Heydər Əliyevə görə "Azərbaycanı sevmək - azərbaycançılıq hissiyyatını özündə cəm etmək deməkdir”. Azərbaycançılıq isə Heydər Əliyev üçün ümummilli idealmilli dövlətçilik ideologiyası mənasını daşımışdır.

Heydər Əliyevin milli dövlətçilik təlimində azərbaycançılıq ideologiyası xalqın tarixi keçmişi ilə müasir reallıqlarının və gələcəyinin vəhdətdə nəzərə alınması, milli-mənəvi dəyərlərin mövcud şəraitə uyğun olaraq yaşadılması kimi prinsipləri özündə cəmləşdirir. Dahi rəhbərin ifadə etdiyi "milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, milli xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bugünü və gələcəyi ilə bağlı olmalıdır” tezisi azərbaycançılığın düsturuna çevrilmişdir.

Eyni zamanda, Heydər Əliyevin iradəsi ilə 1978-ci ildə Azərbaycan Sovet Respublikasının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunda yer alması da zamanı qabaqlayan hadisə idi. Beləliklə, sovet dövründə ardıcıl şəkildə və uğurla həyata keçirdiyi azərbaycançılıq siyasəti xalqın milli şüurunun inkişafında böyük rol oynamış, onu milli azadlıq uğrunda mübarizəyə hazırlamışdır. Bu isə öz növbəsində Azərbaycanda müstəqil dövlət qurulduqdan sonra azərbaycançılıq təliminin milli dövlətçilik ideologiyasına çevrilməsi ilə nəticələnmişdir.

Bütün bunlar Heydər Əliyev tərəfindən ictimai-siyasi proseslərin gələcəyini vaxtında görmək, zamanı qabaqlamaq sayəsində baş tutmuşdur. SSRİ dağılandan sonra müstəqil Azərbaycan Respublikasında azərbaycançılığın dərhal milli dövlətçilik statusu qazanması ilə ölkəmiz digər yeni qurulmuş dövlətləri qabaqlamışdır.

Çünki məhz Heydər Əliyevin sayəsində müstəqillik statusu əldə etmiş digər dövlətlərin yeni cəmiyyət quruculuğu zamanı yaşadığı milli ideologiya axtarışlarını Azərbaycan Respublikası sovet hakimiyyəti illərində keçmişdir. Deməli, müstəqil Azərbaycan Respublikası milli dövlətçilik ideologiyasını müəyyən etməkdə eyni taleyə malik olan başqa gənc respublikadan bir addım qabaqda olmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın taleyi ilə əlaqədar məsələlərdə gələcəyi öncədən görmək və zamanı qabaqlamaq baxımından atdığı addımlardan biri də dövlət müstəqilliyi ərəfəsində taleyin hökmü ilə Naxçıvan Muxtar Respublikasında siyasi fəaliyyətlə məşğul olduğu illərdə həyata keçirdiyi tədbirlərlə bağlı idi.

Belə ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Sovet Respublikası Ali Sovetinin iclasında üçrəngli dövlət bayrağının ölkəmizin dövlət bayrağı kimi qəbul edilməsinə nail olması da xalqın milli azadlığı uğrunda gedən proseslərdə bu böyük dövlət xadiminin zamanı qabaqlamaq missiyasını gerçəkləşdirməsi demək idi. Hələ sovet hakimiyyətinin mövcud olduğu bir dövrdə həmin derjavanın dövlət rəmzlərindən imtina edilməsi və praktiki olaraq gələcək müstəqil dövlətin bayrağının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının iqamətgahı olan binanın üzərində dalğalandırılmasına nail olması nəinki zamanı qabaqlamaq, sözün əsl mənasında, qəhrəmanlıq nümunəsi göstərmək idi.

Əslində, hələ dövlət müstəqilliyinin bərpa edilməsinə 11 ay qalmış Naxçıvan Muxtar Sovet Sosialist Respublikası ifadəsindən "sovet sosialist” sözlərinin çıxarılması da, sovet ordusu birləşmələrinin muxtar respublikanın ərazisindən dinc yolla uzaqlaşdırılması da, SSRİ-nin saxlanmasına dair referendumdan imtina edilməsi də ölkəmizdə milli azadlıq hərəkatını qabaqlamış hadisələrdir.

Belə taleyüklü hadisələrin gedişində nümayiş etdirdiyi uzaqgörənlik və qətiyyət Heydər Əliyevin ümummilli liderlik missiyasını həyata keçirmək bacarıqlarının təntənəsidir.

Bugünün zirvəsindən baxanda həmin hadisələr tarixin inanılmaz ibrət dərsləridir.

Dünya təcrübəsində öz xalqının milli və dövlətçilik maraqlarına xidmət edən Konstitusiyanın qəbul edilməsi ümummilli liderlik missiyasının həyata keçirilməsinin təməl prinsiplərindən biri hesab olunur. Görkəmli dövlət xadimi Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdən biridir ki, o, həm 1978-ci ildə, sovet dövründə, həm də 1995-ci ildə, müstəqillik mərhələsində iki dəfə ölkəsinin dövlət Konstitusiyasının hazırlanıb qəbul edilməsinə nail olmuşdur. Bundan başqa, tale Heydər Əliyevə fərqli ictimai-siyasi quruluşlarda qəbul edilmiş həmin konstitusiyaları həm də xalqının mənafeyinə uyğun surətdə həyata keçirməyə şərait yaratmışdır. Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin yazdığı kimi, "Azərbaycan xalqı bilir ki, dövlətimizin ilk müstəqil və demokratik Konstitusiyasının - Ana Qanununun müəllifi Heydər Əliyev... ilk əvvəl Konstitusiyada adı həkk olunmuş müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir”.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının Heydər Əliyev Konstitusiyası adlandırılması görkəmli dövlət xadiminin dövlətimizin Əsas Qanununun həm dahiyanə yaradıcısı və həm də qətiyyətli və bacarıqlı icraçısı olmasına verilmiş obyektiv qiymətin ifadəsidir.

Azərbaycan Respublikasını böhrandan xilas edərək yeni inkişaf yoluna çıxarması da Heydər Əliyevin ümummilli liderlik missiyasını həyata keçirməsi yollarında atdığı tarixi addımlardandır.

Heydər Əliyev sovet hakimiyyəti illərində Azərbaycan dövlətinə rəhbərlik edərkən respublikanı iqtisadi cəhətdən keçmiş ittifaqa daxil olan 15 müttəfiq respublika arasındakı axırıncı yerlərdən birincilər sırasına çıxarmağa müvəffəq olmuşdur. Adı geridə qalmış aqrar ölkə kimi çəkilən, yalnız xammal mənbəyi kimi tanınan Azərbaycan sovet respublikası qısa müddətdə bütün yönləri ilə inkişaf etmiş keçici bayraqlı respublika səviyyəsinə yüksəldilmişdir.

Müstəqillik dövrünün başlanğıc illərində isə Heydər Əliyev xalqımızı cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş siyasi-iqtisadi, hərbi böhrandan çıxarmış, beyin axınından xilas etmişyeni inkişaf yoluna çatdırmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aşağıdakı sözləri Ulu Öndərin həmin sahədəki tarixi xidmətlərinin qiymətləndirilməsinin obyektiv ifadəsidir: "Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb, inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir”.

Mənsub olduğu xalqı öz ətrafında birləşdirmək, onu taleyüklü çağırışlar uğrunda mübarizəyə səfərbər etmək də ümummilli liderlik missiyasını yerinə yetirmək deməkdir. Ulu Öndər Heydər Əliyev dövlətçilik fəaliyyətinin bütün dövrlərində həyatını doğma xalqına həsr etmiş, ümumxalq ehtiramı qazanmışdır. Xalq həmişə ona inanmış, bu böyük dövlət xadiminin çağırışlarına tam mənası ilə yekdilliklə səs vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən və Azərbaycan Respublikasının Prezidenti ikən Naxçıvanda və Bakı şəhərində törədilmiş dövlət çevrilişi cəhdləri zamanı xalqımızın dərhal Heydər Əliyevin çağırışlarına qoşularaq dahi rəhbərin ətrafında sıx birləşməsi, ümumxalq həmrəyliyi nümayiş etdirməsi Heydər Əliyevə ümummilli liderlik statusu qazandıran tarixi hadisələrdir.

Xalqın sarsılmaz birliyi vasitəsilə dövlət çevrilişi cəhdlərinin qarşısının böyük qətiyyətlə alınması Heydər Əliyevin ümummilli liderlik missiyasını həyata keçirməsinin əməli ifadəsidir.

Bu mənada "xalq - Heydər, Heydər - xalq” həmrəyliyinin sarsılmaz qüvvəyə çevrilməsi Heydər Əliyevin dövlətçilik məharətinin dahiyanə əməli ifadəsi olmuşdur.

Bundan başqa, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan coğrafiyasında tarixən yaşayıb fəaliyyət göstərən bütün xalqların və etnik qrupların həmrəyliyinə və birliyinə nail olması da ümummilli liderlik fəlsəfəsinin əməli ifadəsidir.

Təsadüfi deyildir ki, Heydər Əliyev keçmiş Sovet İttifaqının rəhbərliyində millətlərarası münasibətlərin tənzimlənməsi üzrə əsas fiqur kimi qəbul edilmişdir. XX əsrin yetmiş-səksəninci illərində baş vermiş Qazaxıstandakı hakimiyyət dəyişməsi iğtişaşlarının tənzimlənməsində, Özbəkistandakı Fərqanə hadisələrinin nizamlanmasında Siyasi Büro Heydər Əliyev faktoru ilə razılaşmalı olmuşdur. Azərbaycan Sovet Respublikasında yaşayan bütün xalqlar da Heydər Əliyev simasında özlərinin əsl müdrik rəhbərini görmüşlər.

Dövlət müstəqilliyinin başlanğıc illərinin gərgin hadisələri zamanı da Ulu Öndəri ölkəmizdə yaşayan bütün xalqlar və eyni zamanda dünya azərbaycanlıları eyni məhəbbət və inamla ürəkdən dəstəkləmişlər.

Beləliklə, Heydər Əliyev geniş mənada Azərbaycan xalqının Ümummilli Lideri statusu qazanmışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin strategiyasını, yaxın və uzaq gələcək üçün inkişaf yollarını müəyyən etmək mənasında da Ümummilli Lider olmuşdur.

Ümummilli liderlik Heydər Əliyevə Azərbaycan xalqının həm tarixində, həm də gələcək taleyində əbədiyaşarlıq qazandırmışdır. Azərbaycan xalqına özündən sonrakı dövr üçün ən layiqli siyasi varisi yetişdirib hazırlaması da Ulu Öndərin tarixi xidmətidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil dövlətimizin yeni tarixi mərhələdəki yüksək və hərtərəfli inkişafını təmin etməklə müstəqil dövlətimizi qətiyyətlə irəli aparır. Dünyada baş verən müasir hərbi-siyasi proseslərə, iqtisadi çalxalanmalara, yeni sənaye inqilablarına çağırışlara, habelə multikultural dəyərlərə fərqli baxışlara uyğun olaraq müstəqil dövlətimizin inkişaf strategiyası və taktikasını daim yeniləşdirən və zənginləşdirən Prezident İlham Əliyev özünün dərin analitik təfəkkürü və çoxcəhətli yorulmaz fəaliyyəti ilə XXI əsrin əsl modern dövlətçilik nümunəsini göstərməkdə davam edir.

Dövlət rəhbərimizin fəaliyyətinin hər anı, hər səhifəsi Azərbaycan xalqının bugünkü inkişafına və daha xoşbəxt gələcəyinə xidmətin əməli ifadəsidir. Məhz Prezident İlham Əliyevin apardığı məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətin nəticəsində müstəqil Azərbaycan Respublikası qısa müddətdə nəinki regionda, dünya miqyasında söz sahibinə çevrilmişdir.

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçilməsi dövlət rəhbərimizin həyata keçirdiyi siyasətin beynəlxalq aləmdə tam dəstəklənməsinin göstəricisidir.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi, TANAP layihəsinin Avropaya ayaq açması, "Şimal-Cənub” tranzit nəqliyyat dəhlizinin yaradılması Prezident İlham Əliyevin adı ilə bağlı olan beynəlxalq əhəmiyyətə malik layihələrdir.

Ölkəmizdə neft sektorundan asılılığın aradan qaldırılması üçün aqrar sahənin, nəqliyyat və turizm sektorlarının gəlir gətirən sahələrə çevrilməsi, regionların böyük sürətlə inkişaf etdirilməsi möhtərəm Prezidentin müdrik siyasətinin mühüm nəticələridir.

Elm, təhsil, mədəniyyət və səhiyyə sahəsində əldə edilmiş nailiyyətlər Azərbaycanda yeni bir inkişaf mərhələsinin formalaşmasına böyük töhfələr vermişdir. Dövlət səviyyəsində aparılan multikulturalizm və tolerantlıq siyasəti respublikamızda sabitlikbirliyin möhkəmləndirilməsinə uğurla xidmət edir.

Ölkəmizdə xalq ilə rəhbər arasında yaranmış sarsılmaz birlik möhtərəm Prezidenti xalqımızın lideri səviyyəsinə yüksəltmişdir.

Dünyanın ən mötəbər xitabət kürsülərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni tarixi epoxanın görkəmli liderlərindən biri kimi çıxış edir.

Eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə də dövlət başçımızın dərin məzmunlu nitqləri, çağırışları planetimizdə sülhə, sabitliyə, əməkdaşlığa geniş üfüqlər açır.

Bütün bunlara görədir ki, inkişaf etmiş dünya dövlətlərinin liderləri sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi yeri var. Ölkəmiz və xalqımız Prezident İlham Əliyevin liderliyi ilə daha böyük gələcəyə doğru inamla yol gedir.

 

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının

vitse-prezidenti, Milli Məclisin

Elm və təhsil komitəsinin sədri, akademik

 

Azərbaycan.- 2019.- 12 dekabr.- S.1; 3.