Naberejnıye Çelnı Dövlət Pedaqoji Universitetində Azərbaycanda multikulturalizm siyasətindən bəhs edilib

 

Naberejnıye Çelnı Dövlət Pedaqoji Universitetində "Mədəniyyətlərin dialoqu təhsil fəaliyyəti kontekstində” mövzusunda Ümumrusiya Elmi-Praktik Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Tatarıstan Respublikasının Təhsil və Elm Nazirliyinin himayəsi ilə keçirilən konfransda həmyerlimiz, fəlsəfə doktoru, Rusiya Elmlər Akademiyasının Rusiya Fəlsəfə Cəmiyyətinin beynəlxalq məsələlər üzrə vitse-prezidentinin müavini Ariz Gözəlov "Mədəniyyətlər dialoqunun fəlsəfi aspektləri” mövzusunda plenar məruzə ilə çıxış edib. A.Gözəlov Azərbaycan multikulturalizmindən, Bakıda mədəniyyətlərin dialoqu mövzusunda dövlət səviyyəsində həyata keçirilən layihələrdən söhbət açıb.

Naberejnıye Çelnı Dövlət Pedaqoji Universitetinin rektoru Alfinur Qaliakberova "Mədəniyyətlərin dialoqu təhsil məkanının inkişafı kontekstində” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qloballaşma şəraitində mədəniyyətlər dialoqunun artan rolunu qeyd edib. Fransalı qonaq, Reyms Universitetinin Pedaqoji İnstitutunun filialının rektorunun müavini Ruanar Paskalın məruzəsi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Konfransın işində 400-dən çox adam - təhsil sahəsinin mütəxəssisləri, elmi işçilər, magistrant və tələbələr iştirak edib.

 

Azərbaycan.- 2019.-13 dekabr.- S. 5.