Yenə Vətən yaxşı

 

30 ilə yaxın idi ki, qardaş Türkiyənin İstanbul şəhərində yaşayırdı. 1993-cü ildən İstanbul Universitetində riyaziyyat fənnini tədris edirdi. Xoşbəxt ailə başçısı idi, ziyalı ömrü yaşayırdı ailəsi, uşaqları ilə birlikdə. Hər il, əsasən yay aylarında Bakıya, oradan da doğulub boya-başa çatdığı, orta təhsilini başa vurduğu doğma Salyana gələr, əziz anası, bacı-qardaşları, qohumları, dost-tanışları, müəllimləri, məktəb dostları ilə görüşüb hal-əhval tutar, onların xeyir-şərində iştirak edər, sonra yenə İstanbula qayıdardı. Bu dəfə isə belə olmadı.

Salyana növbəti gəlişi oktyabr ayının sonlarına təsadüf etmişdi. Nəzərdə tutmuşdu ki, gəlmişkən yeganə bacısı İradə müəllimənin oğlunun nişan mərasimində iştirak etsin, sevincli günlərində bacısı, doğmaları ilə birlikdə olsun, ata əvəzi kimi öz xeyir-duasını versin. Amma dövrün, zamanın bəlası olan ürək tutması onu qəfil yaxaladı. Qardaşlarının, doğmalarının dediyinə görə, heç vaxt ürəyindən şikayətçi deyildi. 68 yaşın içində olmasına baxmayaraq, özünü gümrahsağlam hiss edir, gündəlik olaraq idmanla məşğul olurdu.

Bunları gördükcə, eşidib duyduqca dünyanın qəzavü-qədərinə, alın yazısına inanmaya bilmirsən. Bir el bayatısında deyilən "Ölməyə vətən yaxşı” sözləri yada düşür. Ei-oba, bütün Salyan əhli Məhəmməd müəllimin ölümünə acıdı, onu böyük bir izdihamla torpağa tapşırdı.

Məhəmməd Tağıyev Salyan şəhərində ziyalı ailəsində anadan olmuşdu. Atası Həmid Tağıyev, anası Sevil xanım müəllim olduqlarından məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə yanaşı, övladlarının da yaxşı oxuması, gələcəkdə bacarıqlı mütəxəssis, nümunəvi vətəndaş olması üçün daim əmək sərf etmiş, onları düzgün istiqamətləndirmişlər. Övladlarının hamısı ali təhsil almış, sevib seçdikləri peşəyə yiyələnmişlər.

Ailənin böyük oğlu Məhəmməd xüsusi istedada malik olduğu üçün hələ orta məktəbdə oxuyarkən riyaziyyatçı olmağa qərar vermişdi. 1967-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi qızıl medalla bitirən gənc Məhəmməd indiki Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Dərs əlaçısı olduğundan 3-cü kursda onu

M. Lomonosov adına Moskva Dövlət Universitetinə dəvət etmişlər. O, universiteti fərqlənmə diplomu ilə bitirmiş, bu nüfuzlu təhsil ocağında saxlanılmışdır. Parlaq istedadı və gərgin əməyi nəticəsində az müddət ərzində əvvəl namizədlik, sonra da doktorluq dissertasiyası müdafiə edən M.Tağıyev bir müddət həmin təhsil ocağında çalışmışdır. Sonra vətənə qayıdıb Bakı Dövlət Universitetində dərs demişdir. 1993-cü ildə isə İstanbul Universitetindən dəvət almış və qardaş ölkədə professor kimi fəaliyyət göstərmişdir. Səmərəli və gərgin işinin nəticəsi olaraq türk komandasını riyaziyyat üzrə dünya olimpiadalarına çıxaran aparıcı mütəxəssislərdən biri olan Məhəmməd müəllimin olimpiadaya çıxardığı neçə-neçə tələbəsi indi dünyanın müxtəlif elm ocaqlarında - ABŞ, Braziliya, Meksika, Amaniyada, habelə Türkiyənin özündə çalışırlar.

M. Tağıyevin təhsil sahəsindəki xidmətləri Türkiyə dövləti tərəfindən layiqincə qiymətləndirilmişdir. O, Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl tərəfindən Çan Qaya köşkünə dəvət olunmuş, Türkiyə Təhsil Nazirliyinin "Təqdirnamə”lərini almışdır. Son illər Milli Təhsil Nazirliyində "Elmi Olimpiada Akademiyası”nın qurucusubaş konsultantı kimi fəaliyyət göstərmişdir.

Məhəmməd müəllim üç övlad atası idi. Onların üçü də atalarının yolunu davam etdirirlər. Bu isə onun zəhmətinin hədər getmədiyi, ocağının daha gur işıq saçacağı deməkdir.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2019.- 18 dekabr.- S. 7.