Xalq-iqtidar birliyi bugünkü sabitliyin və müstəqilliyimizin əsas təminatıdır

 

Müasir dünyada dövlətlərin gücü, onların müstəqillik dərəcəsi daxili sabitliyin, xalq-iqtidar birliyinin səviyyəsi ilə müəyyənləşir. Geosiyasi proseslərin təhlili göstərir ki, hər hansı ölkədə xalq-iqtidar birliyi təmin edilməyibsə, nə zəngin təbii sərvətlər, nə də hansısa xarici maraqlara xidmət edən "dəyərlər” o ölkəni sabit və davamlı inkişaf yoluna çıxara bilməz. Azərbaycanın yeni və ən yeni dövr tarixində baş verən proseslər xalq-iqtidar birliyinin mövcud olmamasının hansı təlatümlərə və faciələrə gətirib çıxardığını göstərmişdir. 1991-1992-ci illərdə ölkədə yaranmış idarəolunmaz vəziyyət, Azərbaycanın dərin böhrana düçar olması, ölkəni xaos, anarxiya, özbaşınalığın bürüməsi məhz xalq-iqtidar birliyinin təmin olunmamasının nəticəsi idi.

Yalnız görkəmli dövlət xadimi Heydər Əliyev ölkədə xalq-iqtidar birliyini təmin edə bilmişdir. Məhz xalq-iqtidar birliyinin təmin olunması Azərbaycanın həqiqi müstəqillik yoluna qədəm qoymasına şərait yaratmışdır. 2003-cü ildə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev isə nəinki xalq-iqtidar birliyini möhkəmləndirmiş, həm də bu birliyin təminatçısı və qarantına - hər bir Azərbaycan vətəndaşının Prezidentinə çevrilmişdir. Azərbaycan tarixində İlham Əliyevin liderliyini ən orijinal şəkildə yalnız bu cür ifadə etmək mümkündür.

Dövlət başçısı İlham Əliyevin bütün fəaliyyəti milliyyətindən, dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən, cinsindən asılı olmayaraq hər bir vətəndaşa bərabər, tolerant, səmimi yanaşmadan və ən əsası azərbaycançılıq ideologiyasına sadiqlikdən xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk dəfə ali vəzifəyə seçilməsindən keçən dövr ərzində xatırlamalı olduğumuz daha bir məqam var. Ölkənin hər bir vətəndaşını, hətta vətən daşını sevən birinci VƏTƏNDAŞın siyasi olimpin zirvəsinə qalxarkən xalqı qarşısında səsləndirdiyi nitqdə mühüm bir məqam: "Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm”.

Bəli, bu, gənc, xarizmatik, praqmatik düşüncəli, işgüzar, xalqına, Vətəninə, millətinə bağlı yeni liderin sadəcə seçimsonrası vədi deyildi. Bu, Azərbaycan dövlətini, dövlətçiliyini möhkəmləndirmək, dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarmaq üçün müəyyən edilmiş müdrik siyasi yolun müdrik xalqa açıqlaması idi. Vətəndaşın Prezidenti vətəndaşına hansı yolla gediləcəyini bəyan edirdi.

Ötən illər ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yürüdülən sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların inkişafı sürətləndirilmiş, əhalinin rifah halı xeyli yaxşılaşdırılmışdır. Nəticədə Azərbaycan "Doing Business 2019” hesabatında dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilmiş, həmçinin dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Hesabatda Azərbaycan Respublikası 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider olmuşdur.

Məhz ölkə daxilində Prezident İlham Əliyevin liderliyində iqtidar-xalq birliyinin təmin olunması respublikamızın beynəlxalq aləmdə inamla addımlamasına qarant vermişdir. Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının hesabatlarında da dəfələrlə əksini tapmışdır. Məsələn, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda "Siyasətçilərə ictimai etimadadlanan kateqoriyası üzrə Azərbaycan dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərdiyi 20 ölkədən biri olaraq qiymətləndirilmişdir. Bu göstərici ilə "Böyük İyirmilik” ölkələrinin hər 4-dən 3-nü geridə qoyan Azərbaycan nəinki yerləşdiyi Qafqaz regionunun ölkələrini, ümumilikdə SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa etmiş bütün dövlətləri qabaqlamışdır.

Prezident İlham Əliyev 2019-cu il oktyabrın 28-də Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi münasibətilə təşkil edilmiş tədbirdə bu məqama xüsusi toxunaraq demişdir: "Xalqın hökumətə inamına görə indi biz birinci onluqdayıq. Bu, nəyi göstərir? Bunu biz demirik, bunu geniş təhlil aparan dünyanın ən mötəbər qurumları deyirbu da həqiqətdir. Bizim gücümüzün də mənbəyi budur. Çünki xalq-iqtidar birliyi bizim inkişafımızı şərtləndirir və bu dəstək bizə güc verir ki, biz öz sözümüzü deyək, öz mövqeyimizi müdafiə edək”.

Bir dövlətin varlığını beynəlxalq sistemdə təsdiq etməsinin əsas şərtlərindən biri onun daxilixarici siyasətinin digər bir dövlətin diktəsi ilə deyil, milli maraqların mənafeyi baxımından həyata keçirməsidir. Ötən illər ərzində Azərbaycan təkcə yerləşdiyi Qafqaz geosiyasi məkanında deyil, ümumilikdə bütün dünyada öz siyasi nüfuzunu, müstəqil siyasət yürütdüyünü dəfələrlə təsdiq etmişdir.

Azərbaycan İlham Əliyevin Prezidentliyi dönəmində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışdır. Bütün bu qələbələr sübut edir ki, Azərbaycan dünya xəritəsində nəinki özünə layiq yerini tuta bilmişdir, həm də dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini, hörmətini, inamını qazanmışdır. Bu günlərdə ölkəmizdə keçirilən Dünya dini liderlərinin II Sammiti Azərbaycan dövlətinin və dünyada sülhünsabitliyin bərqərar olması uğrunda yorulmadan fəaliyyət göstərən Azərbaycan Prezidentinin nüfuzunun göstəricisidir.

Dövlət başçısının xarici siyasətdə nümayiş etdirdiyi qətiyyətin təməlində isə daxili sosial-iqtisadi sabitliyin mövcudluğu, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi dayanır. Ölkədə bütün sahələrin dinamik inkişafının davamlı xarakter daşıması üçün ilk növbədə təhsilli, savadlı, dünyagörüşlü kadrların yetişdirilməsi əsas şərtlərdəndir. "Biz neft kapitalını insan kapitalına çevirəcəyik” deyən dövlət başçısı İlham Əliyevin bu strateji yanaşmasının bəhrələrini artıq hər birimiz görməkdəyik. Azərbaycanda istedadlı, savadlı, müasir dünyagörüşlü, əxlaqi keyfiyyətləri ilə seçilən gənclər ordusu formalaşıb. Yürüdülən siyasət, yaradılan şərait Azərbaycan vətəndaşına öz bilik və bacarıqlarını ümummilli inkişaf yolunda sərf etməsi üçün geniş imkanlar formalaşdırıb.

Bütün bunlar isə vətəndaşının maddi, mənəvi və fiziki təhlükəsizliyini təmin etməyə qadir olan oturuşmuş dövlətçilik sistemindən xəbər verir. Vətəndaş dövlətini, dövlətçiliyini qorumağı özünə mənəvi borc hesab edir. Bu isə ölkənin birinci

VƏTƏNDAŞInın hər bir vətəndaşın Prezidenti olmaq kimi ali idealının reallaşdığını göstərir.

 

Elnur KƏLBİZADƏ,

AMEA Qafqazşünaslıq

İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri,

tarix üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2019.-19 dekabr.- S.6.