Unudulmaz əziz xatirə

 

Hər ilin bu günləri laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü ərazisində - Laçın obalarında yüksək əhvali-ruhiyyə, bayram ovqatı müşahidə olunur. Əlbəttə, bu, səbəbsiz deyil. Laçın camaatının yaddaşına həkk olanheç zaman unudulmayacaq bu əlamətdar hadisə artıq tarixə çevrilib.

Respublika Prezidenti İlham Əliyev 50 yaşının tamamında möhtəşəm büllur saraylara deyil, laçınlı məcburi köçkünlərin yanına, Taxta Körpü qəsəbəsinə səfər etmişdi. O zaman dövlət başçısı Laçın camaatının istidoğma əhatəsində demişdi: "Mən demək istəyirəm ki, adətən öz ad günlərimi qeyd etmirəm. Ancaq bu il belə qərara gəldim ki, öz ailəmlə bunu qeyd edimbu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz. Eyni zamanda mən çox şadam ki, bu günü hamımız üçün müqəddəs olan Qarabağ torpağında qeyd edirəm...”

O zamandan illər keçsə də, o hadisə uşaqdan böyüyə hər bir laçınlının yaddaşında heç bir zaman unudulmayacaq şirin xatirəyə, vətənini, xalqını, rəhbərini sevən hər kəsin haqlı qürur mənbəyinə çevrilib. Heç şübhəsiz bu şirin xatirəni tarixə çevirən, qədirbilən bir elin yaddaşına həkk edən Prezident İlham Əliyevin mənsub olduğu xalqa sonsuz məhəbbəti, böyük ehtiramıdır. Dövlət başçısı 50 yaşının tamamında laçınlı məcburi köçkünlər üçün inşa edilmiş 552 ailəlik yüksək rahatlığa, bütün infrastruktura malik yeni qəsəbənin açılış mərasimində iştirak etmişdi. Nə xoş ki, bu qayğı, bu doğmaisti münasibət bu gündavam edir. Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilən üç qəsəbədə, bütövlükdə 645 ailəlik yeni yaşayış massivində artıq son tamamlama işləri görülür.

Yeni qəsəbələrin inşası üçün 155 hektar torpaq sahəsi ayrılmışdır. Vağazinda 256, Qarakeçdidə 245, Şeylanlıda 144 evdən ibarət qəsəbələr tikiləcək. Mənzillərin 62-si birotaqlı, 260-ı ikiotaqlı, 260-ı üçotaqlı, 63-ü isə dördotaqlıdır. Yeni qəsəbələrdə hər ev üçün 12 sot həyətyanı sahə ayrılmışdır. Əvvəlki layihələrdən fərqli olaraq hər ev üçün fərdi sanitar qovşağı inşa edilmiş, kombi istilik sistemləri quraşdırılmışdır.

Yeni qəsəbələrin ərazisində zəruri infrastruktur da yaradılmışdır. Ərazidə ikisi 192, biri 108 şagird yerlik olmaqla üç məktəb binası, eyni zamanda inzibati bina, tibb məntəqəsi də inşa edilmişdir. Yeni yaşayış massivi, içməli su, elektrik enerjisi, təbii qazrahat asfalt yollarla təmin edilmişdir.

Beləcə Prezident İlham Əliyevin qayğısı ilə tezliklə daha 645 laçınlı məcburi köçkün ailəsi rahat mənzillərlə təmin olunacaqdır. Mənzil rahatlığına qovuşacaq çoxsaylı ailələrdən birinin başçısı, Vağazin obasının sakini Mirzə Kərimovun dedikləri:

- Doğma yurdumuzdan, isti yuvamızdan perik salınıb, uzun illərdən bəri çətin günlər yaşasaq da, ağır məhrumiyyətlərə dözsək də, hər zaman qayğısını üzərimizdə hiss etdiyimiz, isti nəfəsini duyduğumuz dövlət yanımızda olub, bizə yaşamaq həvəsi verib. Hər bir laçınlının ürəyində Prezident İlham Əliyevə bir məhəbbət abidəsi var. Bu, xeyirxahlıqdan doğan, ali mərhəmət hissinin qarşılığında yaranan bir abidədir. Bu günlərdə yüzlərlə laçınlı ailə yenirahat mənzillərə köçəcəkdir. Onlardan biribizim ailə olacaqdır. Bütün səmimiyyətimlə dövlət başçısına təşəkkür edirəm. Sağ ol, əziz Prezidentim!

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2019.- 26 dekabr.- S. 5.