Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən tədbir keçirilib

 

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya və Azərbaycanın gənclər birliklərinin, diaspor təşkilatlarının təmsilçiləri, media nümayəndələri iştirak ediblər.

RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev təşkilatın sədri Leyla Əliyevanın adından qonaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi GününüYeni il münasibətilə təbrik edib, 2019-cu ildə görülən işlər barədə məlumat verib. O, RAGB-nin üzvlərinin sayının ilbəil artdığını vurğulayaraq deyib ki, təşkilat Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə uğurla əməkdaşlıq edir: "Biz birlikdə çox böyük yol keçmişik. Fəaliyyətimizə ən böyük qiyməti Leyla xanım Əliyeva verib. RAGB-nin 10 illiyi ilə bağlı keçirilən tədbirdə Leyla xanım təşkilatın zəngin keçmişinin, eləcə də parlaq gələcəyinin olduğunu söyləyib.

Emin Hacıyev Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclər adından dekabrın 24-də doğum gününü qeyd edən Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib: "Azərbaycan gəncləri harada yaşamasından asılı olmayaraq, hər zaman dövlətimizin və Prezidentimizin diqqətini və dəstəyini hiss edib. Biz buna görə cənab Prezidentə təşəkkürümüzü bildiririk.

Daha sonra RAGB-nin fəal üzvlərinə gənclər təşkilatının inkişafına verdiyi töhfələrə görə fəxri fərmanlar təqdim edilib.

Tədbir Rusiyada fəaliyyət göstərən incəsənət nümayəndələrinin ifasında milli musiqi və rəqslərdən ibarət konsert proqramı ilə davam etdirilib.

 

Azərbaycan.- 2019.- 26 dekabr.- S. 11.