Paytaxt məktəblilərinin müəllifi olduğu yeni kitab çap edilib

 

Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında "Heydər Əliyev və Azərbaycan tariximövzusunda elmi-praktiki konfranslar keçirilmişbu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxışlar etmişlər. Yekun konfransında rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınmış və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitab işıq üzü görmüşdür.

Bakı Şəhər İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər İcra Hakimiyyəti və paytaxt üzrə təhsil idarəsinin məsul nümayəndələri, konfranslarda qalib seçilmiş məktəblilər, onların elmi rəhbərləri, paytaxt RİH-lərinin məsul əməkdaşları və bir sıra orta məktəblərin rəhbərləri, KİV nümayəndələrinin iştirakı ilə şagirdlərin özlərinin sədrlik etdiyi təqdimat mərasimi keçirilmişdir.

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla şöbəsinin müdiri Elmin İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, Səbail rayonu 6 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Gülşən Orucova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini Ədalət Teymurov, 132-134 nömrəli Təhsil Kompleksinin müəllimi Aygün Əfəndiyeva, Binəqədi rayonu 297 nömrəli orta məktəbin şagirdi Əntiqə Niftəliyeva və başqaları rayonlarda keçirilən konfranslar, şagirdlərin hazırladıqları referatlar barədə məlumat verərək bildiriblər ki, əsas məqsəd orta məktəb şagirdləri arasında tariximizə, mədəniyyətimizə, keçmişimizə və tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaqdır. Konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan tarixində rolu barədə elmi məqalələri ilə çıxışlar ediblər. Son nəticədə isə belə bir kitab işıq üzü görmüşdür.

Qeyd olundu ki, Bakı şəhər məktəblərində keçirilən konfranslarda Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunan, 1116 nəfər şagirdin hazırladıqları monoqrafiyaların paytaxtın hər rayonundan 5 referat olmaqla ümumilikdə 60 komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib.

Tarix konfransları və yekunda kitab çap edilməsinin ənənəvi olması qərara alınmışdır.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 26 dekabr.- S. 11.