Mənəviyyatın, saflığın və müqəddəsliyin nümunələri

 

"Ulu yurdum-nur ocağım” toplusunda inanc və ibadət yerləri, dini-tarixi abidələr barədə, seyid və övliyaların ömür yolları haqqında dolğun məlumatlar əks olunub

 

Hər yeni nəşr özündə müəyyən tarixi dövrləri, zamanın gerçəkliklərini ədəbi-bədii dildə gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Bir neçə belə toplunun müəllifi olan Həşim Həsənoğlunun yeni işıq üzü görən "Ulu yurdum-nur ocağım” kitabı da bu baxımdan diqqətçəkəndir.

Kitabda respublikamızda, eləcə də vaxtilə Azərbaycan əraziləri olmuş Zəngəzur mahalında yaşamış, qədim tarixi köklərə malik seyid və övliyaların həyatları, el ağsaqqalı və ağbirçəklərinin nümunəyə çevrilmiş ömür yollarından, adət-ənənələrdən həmin bölgənin (bu gün isə Ermənistan adlandırılan) etnoqrafiyası, inanc, ibadət yerləri və dini-tarixi abidələrindən soraq verilir.

Nəşrin redaktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, BDU-nun İlahiyyat fakültəsinin dekanı və Qafqaz Müsəlmanları İdarəsi Elmi-dini şurasının sədri olmuş, mərhum professor Hacı Vasim Məmmədəliyev ön söz yerində qeyd edir ki, müasirlərimizə örnək olan belə nümunələr oxucuda mənəvi yüngüllük, paklıq, ruhi sakitlik yaradır, Tanrını dərk etmək, sevgili peyğəmbərimizi sevmək, müqəddəs "Qurani-Kərim”i uca tutmaq, seyid-peyğəmbər övladlarına hörmətlə yanaşmaq kimi dərin hisslər aşılayır: "...Müəllifin böyük zəhməti hesabına ərsəyə gələn kitab məhz bu baxımdan güclü mənəvi-psixoloji təsir qüvvəsinə malikdir...”

Kitab boyu təqdim edilən materiallar müqəddəs kitabımızın ayətləri ilə nurlanmış, yer üzünün sonuncu peyğəmbərinin və imamlarımızın hədis və kəlamları ilə zinətlənmiş, klassik şairlərimizin şeirlərindən nümunələrlə, qiymətli və müdrik nəsihətlər, kəlamlar, ibrətamiz rəvayət və deyimlərlə zənginləşmişdir.

Toplunun dəyərini artıran çox səbəblər var ki, onlardan biri də mənbələrin müxtəlifliyi və çox olmasıdır. Bunlardan öncə isə imperiyaların şovinist, Ermənistanın isə məkrli, çirkin niyyətli siyasətinin qurbanları - Qarabağ və qədim, ulu türk yerləri olmuş Zəngəzur ellərində darmadağın edilmiş dini-tarixi abidələrimiz haqqında da bu kitabdan məlumatlar əldə etmək mümkündür.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 26 dekabr.- S. 11.