Azərbaycanın Xarici İşlər naziri Tbilisidə Gürcüstanın Baş Naziri ilə görüşüb

 

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirliklərinin rəhbərlərinin səkkizinci üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarov Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər arasında ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Giorgi Qaxariya dövlətimizin başçısı İlham Əliyevi 2020-ci ildə Gürcüstana dəvət etdi.

Müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivlərindən danışan Baş Nazir Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Azərbaycana təşəkkürünü ifadə etdi.

Öz növbəsində, nazir Elmar Məmmədyarov iki ölkə arasında strateji münasibətlərə toxunaraq bu münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdi. Nazir, eyni zamanda, Gürcüstanın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi.

Tərəflər enerji sahəsində qlobal əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, habelə iki ölkənin iştirak etdiyi digər regional əməkdaşlıq layihələrinin ikitərəfli münasibətlərin inkişafının əsaslarını təmin etməklə yanaşı, ümumən regionda sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğuladılar.

Aparılan fikir mübadiləsi zamanı iki ölkə arasında energetika sahəsində layihələrin həyata keçirilməsi və bərpaolunan enerji sahəsində hər iki ölkənin potensialının olduğu diqqətə çatdırıldı.

Nazirlər Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının fəaliyyəti barədə fikir mübadiləsi apardılar və dövlət sərhədinin delimitasiyası ilə bağlı komissiyanın növbəti iclasının yaxın zamanda keçiriləcəyini qeyd etdilər.

Görüş əsnasında, həmçinin qlobal təhlükəsizlik gündəliyindəki bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2019.- 24 dekabr.- S.16.