Ağac üzərində xəttoyma

 

Qədim sənəti yaşadanlar

 

Oyma sənəti qədim zamanlardan daş, ağac, sümükbaşqa materiallar üzərində işlənilir. Oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub. Ölkəmizdə bu sənət əsərlərinin ilkin nümunələrinə Naxçıvan Muxtar Respublikasının ən qədim yaşayış məskənlərindən olan Gəmiqayada, eləcə də Bakının Qaradağ rayonunun ərazisində Qobustan qayalarında rast gəlmək mümkündür.

Mütəxəssislərin qənaətincə, oyma sənəti insandan istedad, dəqiqlik, səbirli və təmkinli olmaq, habelə incəlik tələb edir. Bunlar kompleks şəkildə olanda yaxşı əsər meydana gəlir.

Bu sənət bütün dövrlərdə maraqla qarşılanıb, elə indinin özündə də. Onun daşıyıcılarından və yaradıcılarından biri də Azərbaycanda ağacoyma, daha dəqiq, xəttoyma sənətinin ustadı və sənətkarı kimi tanınan AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Seyfəddin Mənsimoğludur. O, burada əvvəllər qədim əlyazma kitablarının surətini - müxtəlif xəttatların əsərlərini fotoya köçürməklə məşğul olub. Surətini köçürdüyü kitablar, xüsusilə ərəb əlifbası ilə yaxından təmasda olması onun yaradıcılığında yeni üfüqlər açıb.

Seyfəddin müəllim Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini və Mliyev adına İncəsənət İnstitutunu bitirib. Əməkdar incəsənət xadimidir. Neçə illərdir ki, xəttatlığın kufi, nəstəliq, süls, şikəstə və digər növləri ilə ağac üzərində gözəl əsərlər yaradır.

Bu sənətə 50 il bundan öncə ilk yaratdığı "Allah hər şeydən xəbərdardır” kəlamları ilə başlayıb. Bu bədii xüsusiyyətinə və incəliyinə görə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Elə o vaxtdan bu sənət onun yaradıcılıq laboratoriyasına çevrilib. Ustad ərəb və latın əlifbası ilə hazırladığı ağac oyma işlərində Azərbaycan klassiklərinə geniş yer verib. N.Gəncəvi, M.Füzuli, X.Şirvani, N.Tusi, İ.Nəsimi və digər klassiklərin adlarını ağac lövhələr üzərində xüsusi kompozisiyalarla işləyib. Maraqlıdır ki, bu əsərlərdə təkcə klassiklərin adları yox, həm də onların yaradıcılıq aləmi təsvir edilib. Qeyd edək ki, xəttatın yaradıcılığında Füzuli ənənəsi xüsusi yer tutur. İndiyə qədər 5 əl işi böyük şairlə bağlı olub. Bu əsərlərin bəzisi 6-7, bəzisi isə 2 aya hazırlanıb. Ümumiyyətlə, sənətkarın bir-birindən maraqlı 65-ə yaxın əsəri var.

Ustad yaratdığı əl işində heç bir texniki vasitədən istifadə etmir. Əl işlərinin parıltılığını və keyfiyyətini artırmaq üçün onların üzərinə parça arasında sıxılmış qozdan alınan yağdan sürtür. Belə olduqda illər keçdikcə əsərin forması itmir, görkəmi yaxşılaşır, parıltısı daha da artır.

Sənətkarın özüqeyd etdiyi kimi, onun ərəb qrafikasında işlədiyi əsərlərin çoxu güzgü simmetriyasında yaradılıb. Belə hazırlanan əsərləri qatlayanda bütün xətlər, naxışlar üst-üstə düşür, əksi o biri tərəfdə də görünür (yeri gəlmişkən, bizim qədim xalçalarımız da, onların üzərindəki naxışlar da belədir).

S.Mənsimoğlunun ağac üzərində oyma işləri bir çox ölkədə maraqla qarşılanıb. Almaniyada, Türkiyədə, Rusiyada və digər ölkələrdə onun yaradıcılığı və özü haqqında qəzet-jurnal məqalələri yazılıb, çəkilişləri təşkil olunub. Əl işləri dünyanın müxtəlif muzeylərində qiymətli sənət əsəri kimi saxlanılır. "Rəhil” və "Sultan Məhəmməd Təbrizi” əsərləri hazırda Almaniyanın Berlin şəhərindəki İslam Mədəniyyəti Muzeyində, güzgülü formada olan ilk işi isə Türkiyədə qorunur. 2007-ci ildə Səudiyyə Ərəbistanında, 2008-ci ildə Tunisdə, 2010-2012-ci illərdə isə Türkiyədə sərgiləri təşkil olunub.

Ustad söhbət zamanı bildirdi ki, işimlə bağlı Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Tunis və digər ölkələrdə olarkən gördüm ki, ağac üzərində xəttoyma sənəti heç yerdə yoxdur.

İki il bundan öncə ustad sənətkarın əl işlərinin izahlı toplusu olan "Xəttin sənət möcüzəsi” adlı kitabı "Şərq-Qərb” nəşriyyatı tərəfindən nəfis şəkildə işıq üzü görüb. Kitabın elmi redaktoru AMEA-nın akademiki, Milli Məclisin deputatı İsa Həbibbəylidir. Əməkdar incəsənət xadimi Seyfəddin Mənsimoğlu bu illər ərzində neçə-neçə ağac üzərində xəttoyma ilə məşğul olan sənətkar yetişdirib. İki övladının da aralarında olduğu həmin sənətkarlar müəllimlərinin yaratdığı bu nadir məktəbin layiqli davamçılarıdır.

Bu gün ağac üzərində oyma sənəti Naxçıvanda da yaşadılır, inkişaf etdirilir. Naxçıvan Regional Peşə Tədris Mərkəzində müntəzəm olaraq ağac üzərində oyma sənəti üzrə iki aylıq kurslar təşkil edilir. Bura sağlamlıq imkanları məhdud şəxslər də cəlb olunur. Kursları müvəffəqiyyətlə bitirən müdavimlər sosialyönümlü haqqı ödənilən ictimai işlərə cəlb edilirlər. Bununla həm qədim xalq sənəti yaşadılır, həm də sosial qayğıya ehtiyac duyan sağlamlıq imkanları məhdud şəxslərin məşğulluqları təmin olunur.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.-1 fevral.- S.10.