Kəmərlər Səngəçaldan “yola düşür

 

Xəzərin qoynundakı "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqlarından hasil olunan karbohidrogenlər sualtı kəmərlər vasitəsilə Səngəçal terminalına çatdırılır. Azərbaycan neftinin və qazının dünya bazarlarına yolu məhz buradan başlanır. Belə ki, bir neçə neftqaz ixracı kəməri, o cümlədən BTC öz başlanğıcını terminaldan götürür. BTC-nin baş nasos stansiyası da buradadır.

Səngəçal terminalı Bakıdan təxminən 55 kilometr cənubda yerləşir. "Cənub qaz dəhlizi” ilə bağlı son genişləndirmədən əvvəl də o, dünyanın ən böyük terminallarından biri idi. Obyektin 540 hektar ərazidə yerləşməsi terminalın sahəsinin necə geniş olduğunu göstərir. Mütəxəssislər yarıciddi-yarızarafat bu sahənin 600 futbol meydançasına bərabər olduğunu deyirlər.

Lakin Səngəçal terminalının nəhəngliyi təkcə bununla şərtlənmir. "Azəri-Çıraq-Günəşli”, "Şahdəniz” yataqlarından sualtı xətlərlə quruya çıxarılan karbohidrogenlər terminalda qəbul edilir, ilkin emaldan keçirilirmüvafiq ixrac kəmərlərinə vurulur. Müxtəlif təyinatlı çoxsaylı qurğuların işlədiyi, ən mürəkkəb əməliyyatların həyata keçirildiyi məkan olduğu üçünbu, ən böyük terminallardan biridir.

Hazırda Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və "Şahdəniz” qazı üçün təqribən 55 milyon standart kubmetrdir. Gündəlik ümumi qaz emalı və ixracı gücü isə (AÇG-nin səmt qazı da daxil olmaqla) gündə təqribən 75 milyon standart kubmetr təşkil edir.

Səngəçal terminalı "Əsrin müqaviləsi” imzalandıqdan sonra "İlkin Neft Layihəsi” çərçivəsində inşa edildi. Əvvəlcə o, yalnız "Çıraq” neftini ixrac etmək gücündə idi. Növbəti yataqlardan gözlənilən yüksək hasilat isə obyektin xeyli genişləndirilməsi zərurətini meydana çıxardı.

Səngəçal terminalının genişləndirilməsinə 2002-ci il fevralın 20-də başlandı.

2007-ci il Səngəçal terminalının genişləndirilməsinin axırıncı ili idi. May ayının sonunda "Dərinsulu Günəşli” hissəsinin tikinti işlərinin mexaniki başa çatmasına nail olundu. Oktyabr ayında burada beşinci və altıncı texnoloji xətlər istismara verildi. Bununla da genişləndirmə uğurla sona çatdı. Bütün bunlar terminalda neftin texnoloji emal gücünün gün ərzində 1 milyon bareldən yuxarı səviyyədə olmasına imkan yaratdı.

2007-ci il iyulun 7-də Səngəçal terminalı özünün həmin günə qədərki tarixində rekord həcmdə (999700 barel) nefti emaldan keçirərək ixrac etmişdi.

Səngəçaldan başlanan yollar Azərbaycanı getdikcə dünyanın daha uzaq ünvanları ilə birləşdirir.

 

Azərbaycan.- 2019.-7 fevral.- S.9.