Ekran sənətinin sərrafı

 

Tofiq Tağızadə- 100

 

Onun filmləri insan taleləri haqqındadır. Dövrü, qarşılaşdıqları hadisələr fərqli olsa da, onların heç biri tamaşaçıya yad, uzaq görünmür. Çünki rejissor öz kino qəhrəmanlarını bütün hissi, həyəcanı, dərdi, sevinci, dürüstlüyü, yanlışlıqları ilə real şəkildə təsvir etməyə nail olub. Sənətkar bəzən tarixdə mühüm rol oynayan, bəzən isə heç əhəmiyyət vermədiyimiz həyat hadisələrinin dərin qatlarında necə böyük mətləblər olduğuna tamaşaçını inandırır. Ona görə Tofiq Tağızadənin ekran ömrü verdiyi filmlər bu qədər baxımlı və seviləndir.

 

Həyatın sınaqlarında...

 

O, 1919-cu ilin 7 fevralında ziyalı ailəsində dünyaya gəldi. Orta məktəb illərindən incəsənətə maraq göstərdi. Kinonu uşaqlıqdan çox sevirdi. Güclü musiqi duyumu və zövqü var idi. Beş il oxuduğu musiqi məktəbində musiqi sənətini öyrəndi. Ancaq orta məktəbi bitirdikdən sonra başqa bir sahəyə üz tutdu. Energetika Texnikumuna daxil oldu.

1938-ci ildə isə sənədlərini Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsinə verdi. Amma bu institutda təhsilini başa çatdıra bilmədi. Müharibə Tofiq Tağızadənin də həyatını məcrasından çıxardı. Üçüncü kursda təhsilini yarımçıq qoyaraq cəbhəyə yollandı. 1941-ci ildə Rostov yaxınlığında gedən döyüşlərdən birində ağır yaralandı. Döyüş yolu bununla bitsə də, o dəhşətli günlərin xatirələri yaddaşından heç zaman silinmədi...

Geri döndükdən sonra Sənaye İnstitutunda təhsilini davam etdirmədi. Qəlbində kök salmış arzularının ardınca Moskvaya yollandı. 1946-cı ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinə daxil oldu. Arzusunda olduğu bir aləmə düşdü. Bu ali təhsil ocağında məşhur kino xadimlərindən və pedaqoqlardan dərs aldı. Özü kimi istedadlı gənclərlə birlikdə çalışdı. Sonralar onların hər biri kinorejissor kimi tanındı, şöhrət qazandı.

Tələbəlik illəri çox maraqlı, unudulmaz günlərlə yaddaşına köçdü. 1953-cü ildə təhsilini uğurla başa vuran bu istedadlı gənci işləmək üçün "Mosfilm” kinostudiyasına göndərdilər. Bir müddət Moskvada çalışdı. Ancaq Tofiq Tağızadə vətənində yaşamaq, işləmək arzusundaydı. Bu istək onu 1954-cü ildə Bakıya gətirdi. Cəfər Cabbarlı adına "Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başladı.

Kinoya sevgisi qəlbində erkən boy versə də, rejissor kimi işə otuz beş yaşında başladı. O zamanadək həyatın çox dolanbaclarından, ağır sınaqlardan keçmişdi. İlk filmini - "Görüş” kinokomediyasını 1955-ci ildə çəkdi. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğundan bəhs edən bu film kino tariximizdə iki ölkənin aktyorlarının ilk müştərək ekran işi kimi dəyərləndirildi. Tofiq Tağızadə quruluşçu rejissor kimi öz işinin öhdəsindən layiqincə gəldi. Bu ekran əsəri rejissora uğurlu bir yolun qapısını açdı.

Tofiq Tağızadə müharibənin odundan, alovundan keçmiş, ağrı-acılarını çəkmişdi. Milyonlarla insanın həyatına son qoyan, şəhərləri, kəndləri xarabalığa çevirən bu dəhşətli bəlanı təsvir edən film çəkmək fikri onu rahat buraxmırdı. Çox gözləməli olmadı. 1958-ci ildə Həsən Seyidbəyli və İmran Qasımovun ssenarisi əsasında ekranlaşdırdığı "Uzaq sahillərdə” müharibənin gətirdiyi fəlakətləri gözlər önündə canlandırır, Azərbaycanın igid oğlu, şücaəti dillərdə dolaşan, əfsanələşən partizan Mixaylonu - Mehdi Hüseynzadəni geniş tamaşaçı kütləsinə yaxından tanıdır.

"Uzaq sahillərdə” həm rejissora, həm ssenari müəlliflərinə, həm də aktyorlara böyük şöhrət gətirdi. Film 1959-cu ildə Kiyevdə keçirilən Ümumittifaq Kinofestivalında diploma layiq görüldü. Görkəmli bəstəkar Qara Qarayevə isə filmin musiqisinə görə kinofestivalın ikinci mükafatı verildi.

Bundan sonra Tofiq Tağızadə "Əsl dost”, "Mateo Falkone”, "Mən rəqs edəcəyəm”, "Arşın mal alan”, "Mən ki gözəl deyildim”, "Yeddi oğul istərəm”, "Qızıl qaz”, "Dədə Qorqud”, "Babamın babasının babası”, "Bağ mövsümü”, "Evin kişisi”, "O dünyadan salam” və başqa filmlərə quruluş verdi. Bu ekran əsərlərinin hər biri öz süjeti, rejissorun mövzulara özünəməxsus yanaşma tərzi ilə fərqlənir.

Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda yüksək təhsil alan, rus kino məktəbinin ənənələrini mükəmməl şəkildə öyrənən rejissor bütün bunlarla yanaşı, vətənini, xalqını çox sevirdi. Onun milli duyğuları ekran əsərlərində də təcəssümünü tapırdı. Tofiq Tağızadə öz filmlərində Azərbaycanın tarixini, mədəniyyətini, məişətini, adət-ənənələrini böyük ustalıqla əks etdirirdi.

 

O, kinonu sevirdi...

 

1965-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı musiqili komediyası əsasında rəngli "Arşın mal alan” tammetrajlı bədii filmi çəkildi. Üzeyir bəyin möhtəşəm əsəri bu dəfə rejissor Tofiq Tağızadə quruluşunda maraqlı ekran həllini tapdı.

Rejissor 1968-ci ildə yenidən müharibə mövzusuna döndü. Bu dəfə o, arxa cəbhədə insanların üzləşdiyi çətinlikləri ekranlara gətirdi. "Mən ki gözəl deyildim” adlı filmi tamaşaçıları inandırır ki, arxa cəbhədə özü, yaxınları aclıq çəksə də, gecə-gündüz çalışıb düşmənlə vuruşanları ərzaqla, geyimlə təmin etmək, eyni zamanda, cəbhədəki əzizlərindən bir məktub ümidi ilə yol gözləmək, gələn qara xəbərlərin iztirablarına dözərək işdən ikiəlli yapışmaq da misilsiz hünər, böyük rəşadətdir. Müharibənin amansız qanunları arxa cəbhədə Səidə, Məzahir kimi gəncləri də sınağa çəkir. Ancaq ən ağır məqamlarda da insan yaşamağa can atır.

Tofiq Tağızadə 1930-cu illərin amansız repressiyasının şahidi olmuşdu. Millət sevgisinin, milli düşüncənin bəzən faciələrlə nəticələndiyini görmüşdü. Buna baxmayaraq, ayrı-ayrı filmlərində milli kökümüzə bağlılığı əks etdirirdi. Onun 1970-ci ildə çəkdiyi "Yeddi oğul istərəm” filmi də ziddiyyətli məqamları ilə diqqəti cəlb edir. Rejissor Gəray bəyin, komsomolçu Bəxtiyarın münasibəti və münaqişələri fonunda insanları üz-üzə qoyan, doğmaları bir-birinə nəinki yad, hətta düşmən edən ictimai bəlaların səbəblərini axtarırdı. Tofiq Tağızadə sənətkarlığı və milli duyğuları Gəray bəyə münasibətində xüsusi nəzərə çarpır. O, sovet hökumətinin düşmən elan etdiyi bəyi yeddi komsomolçunun heç birinin əli ilə öldürmür. Gəray bəy öz qətlinə özü hökm verir və son anlarındakı duruşu, baxışları və gülüşü ilə tamaşaçıda qalib insan təəssüratı yaradır.

Kinoşünaslar Tofiq Tağızadənin yaradıcılığını həm də "Kitabi-Dədə Qorqud” dastanının motivlərini kinoya gətirən ilk kinorejissor kimi yüksək dəyərləndirir, onun 1975-ci ildə çəkdiyi "Dədə Qorqud” filmini Azərbaycan kino sənətinin dönüş nöqtəsi sayırlar.

Rejissorun 1985-ci ildə ekranlaşdırdığı "Bağ mövsümü” filmi adi, gündəlik həyatımızda baş verən, bəzən o qədər də diqqətimizi cəlb etməyən hadisələrin içərisindəki böyük mətləbləri diqqətə çatdırır, əsl dəyərin var-dövlət, pul olmadığını göstərir. Filmdə sadə bir ailənin timsalında yüksək əxlaqi keyfiyyətlər, halallıq, dürüstlük təbliğ olunur.

1991-ci ildə böyük Mirzə Cəlilin "Ölülər” tragikomediyası əsasında çəkilən "O dünyadan salam” filmi rejissor Tofiq Tağızadə yozumunda olduqca maraqlıdır.

Tofiq Tağızadə kinorejissor olmaqla yanaşı, bir çox filmlərdə rol aldı, "Qızıl qaz”, "Qəribə adam”, "Bəxt üzüyü”, "Anlamaq istəyirəm”, "Ac həriflər” və başqa ekran əsərlərində maraq doğuran kadrlarda öz aktyorluq bacarığını nümayiş etdirdi.

 

"Sənətdə söz deyib nöqtə qoymaq qeyri-mümkündür”

 

T.Tağızadə uzun illər respublikamızda kino işinin təşkilində, milli kadrların hazırlanmasında böyük işlər gördü. Bir müddət "Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri oldu. O, həm də Kinematoqrafçılar İttifaqında katib vəzifəsində çalışdı. Dəfələrlə keçmiş ittifaqın Ali Sovetinə Azərbaycandan deputat seçildi.

Bu qədər işlərə vaxt tapa bilən, işgüzarlığı heyranlıq doğuran sənətkar üçün ən böyük arzu, ən sevimli məşğuliyyət isə rejissorluq idi. Tofiq Tağızadə kinonu çox sevirdi. O, həm özünə, həm də başqalarına qarşı olduqca tələbkar idi. Sənət naminə güzəştə getməzdi. Rejissorun məsuliyyəti, işgüzarlığı, tələbkarlığı bütün yaradıcı heyətə, çəkiliş meydançasına sirayət edirdi. Bəzən bütün bunlar xoş qarşılanmır, ondan inciyənlər də tapılırdı...

Tofiq Tağızadə filmlərə çəkiləcək aktyorları özü axtarıb tapırdı. Seçimi isə hər zaman doğru olurdu. Bunu bütün ekran əsərlərində uğurlu aktyor oyunu təsdiq edir. Filmlərinin musiqiləri də həmişə uğurlu olurdu. Çünki həmin musiqilərin müəllifləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Emin Sabitoğlu, Xəyyam Mirzəzadə və başqa istedadlı bəstəkarlardır.

Ömrünün 40 ilə yaxını kinoda keçdi. Bu illər ərzində o, Azərbaycan kinosunun ən nadir nümunələrinin rejissorlarından biri kimi tanındı. Tofiq Tağızadə elə filmlər çəkdi ki, onların əksəriyyəti nə mövzu və ideya baxımından aktuallığını itirir, nə də sənət nöqteyi-nəzərindən diqqət və maraqdan kənarda qalır.

Tofiq Tağızadə gördüyü işlərin, çəkdiyi filmlərin dəyərini yaxşı bilirdi. Ancaq sənətin bir ümman olduğunu da unutmurdu. Buna görə əminliklə deyirdi: "Sənətkar əgər yaratdığı əsərlərdə öz sözünü deyib qurtarırsa, deməli, onun yaradıcılığında qapanma əmələ gəlir. Sənətdə söz deyib nöqtə qoymaq qeyri-mümkündür”.

Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaratdı. Amma amansız əcəl işlərini yarımçıq qoydu. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişdi.

Zəngin həyat və yaradıcılıq yolu keçmiş sənətkarlar unudulmur. Bunu 2019-cu ilin 24 yanvarında dövlət başçısı İlham Əliyevin Azərbaycan kino sənətinin inkişafında böyük xidmətlər göstərmiş Tofiq Tağızadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncam bir daha təsdiq etdi.

Bütün filmləri Azərbaycan kino sənətinin uğuru sayılan Tofiq Tağızadə öz parlaq istedadını, sənətə ehtiramını, xalqına, Vətəninə məhəbbətini sevə-sevə izlədiyimiz filmlərində yaşadır.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 7 fevral.- S.11.