Prezidentin Şamaxıya gəlməsi insanlarda ruh yüksəkliyi yaradıb

 

Onlar dar günlərində ölkə rəhbərinin yanlarında olmasını və verdiyi dəstəyi heç zaman unutmayacaqlar

 

Qədim Şamaxı torpağına bizi bu dəfə çəkib gətirən təbii fəlakət - zəlzələ idi. Baş verənləri yerindəcə görmək, dağıntıları fotokameranın yaddaşına köçürmək və sakinlərin təəssüratlarını bölüşmək istədik.

Fevral ayı olmasına baxmayaraq, hava günəşli idi. Digər tərəfdən də küçədə olan insanların çöhrələrində bir arxayınlıq duyulmaqdaydı. Bir gün əvvəl dövlət başçısı İlham Əliyevin insanların ən ağır, ən həyəcanlı günlərində yanlarında olması, qəzalı vəziyyətə düşən evləri bir-bir gəzməsi onların gələcəyə olan inamlarını xeyli artırmışdı.

Əvvəlcə Fövqəladə Hallar Nazirliyinin məsul işçisi Kamran Əliyevlə görüşdük. O, hadisə baş verəndən sonra zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı komissiyanın təşkil olunduğunu bildirdi. Dediyinə görə, ötən günlər ərzində evində dağıntılar baş verən insanlardan komissiyaya çoxlu sayda müraciətlər daxil olub. Komissiya üzvləri həmin müraciətləri yerində araşdırırlar. Rayon icra hakimiyyətində təşkil olunmuş qərargahda yekdil rəy əsasında qəzalı vəziyyətdə olan evlərdən təmir və ya yenidən tikilməsi ilə bağlı qərar verilir. İndiki halda isə hələlik 29 evin qəzalı vəziyyətdə olması rəsmiləşdirilib. Qalanları ilə bağlı bütün müraciətlərə baxıldıqdan sonra qərar qəbul ediləcək. Hazırda tikinti şirkəti rəsmiləşdirilmiş qəzalı binaların söküntü işlərinə başlayıb.

Sonra qəzalı vəziyyətdə olan evlərə baş çəkirik. Onlardan birincisi Prezident İlham Əliyevin də həyətində görüşdüyü 95 yaşlı Şamaxı şəhər sakini Saray Eyvazovadır. Oğlu, gəlini və nəvələri ilə birlikdə yaşayan Saray nənə həyatın hər üzünü gördüyünü, ömrü boyu zəhmətlə yaşadığını deyir. Əsas işi üzümçülük olub. İşinin çoxluğuna baxmayaraq, 8 övlad böyüdüb. Bildirdiyinə görə, evin bir hissəsinin uçub dağılması onları xeyli kədərləndirib. Nə edəcəklərini, evi necə bərpa edəcəklərini düşünüblər. Lakin elə ilk saatlardan fövqəladə hallar naziri Kəmaləddin Heydərov və rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovun hadisə yerinə gələrək təskinlik verməsi, kömək göstəriləcəyi vədi onları xeyli rahatlaşdırıb.

Saray Eyvazova söhbətini davam etdirir: - Fevralın 7-də Prezident İlham Əliyevin həyətimizə daxil olması bizi xeyli həyəcanlandırdı. O, dar günümüzün sahibi kimi yanımızda idi. Doğrusu, biz onun gəlməsini çox da təəccüblə qarşılamadıq. Çünki bizim gördüyümüz, bildiyimiz odur ki, rəhmətlik Heydər Əliyev kimi onun oğlu da həmişə xalqın yanındadır. Ən çətin günlərdə insanların nicat yolu onların xeyirxahlığından keçib. Allahdan İlham Əliyevə və onun xanımına uzun ömür və əbədi cansağlığı diləyirəm. Xalqın yanında olan, sadə insanların xeyir-duasını alan rəhbərlər ulu yaradanın da yanında sevilənlərdən olar.

Saray nənənin oğlu Rasim zəlzələ baş verən anı belə xatırlayır: "Təxminən saat 12-yə qalmışdı. Mən həmin vaxt həyətdə, evin qarşısındakı mətbəxdə idim. Əvvəlcə yüngül silkələnmə hiss etdim. Lakin məndə təzyiq olduğu üçün, sadəcə, onunla əlaqələndirdim. Ancaq bu zaman uğultulu bir səs eşitdim. Sanki ev dağılıb yerlə bir olacaqdı. Qapını açıb çölə çıxmaq istəsəm də, bunu edə bilmədim və içəridə yerə yıxıldım. Səsimi ucaldıb həyat yoldaşıma içəridə qaldığımı, uşaqları və anamı tez bayıra çıxarmasını tapşırdım. Hamımız evdən çıxan zaman qaranlığa qərq olduq, həyətdə işıq söndüyü üçün göz-gözü görmürdü. Toz-duman bir-birinə qarışmışdı. Sonradan evin bir hissəsinin tamamilə çökdüyünü, divarların isə əksər yerlərdə çatladığını gördük. Prezident İlham Əliyev həyətimizə gəlib hər şeyi öz gözü ilə görəndən sonra xeyli rahatlaşdıq. Bilirik ki, Prezident bizi mütləq bu problemdən çıxaracaq”.

Vidadi Məmmədov küçəsindəki 7 saylı evin sakini Mailə Quliyeva ilə də görüşdük. O, rayon polis şöbəsində xadimə işləyir. Dediyinə görə, zəlzələ zamanı nəvəsi də yanında olubyatmağa hazırlaşırmışlar. İlk təkan ciddi olmasa da, sonrakı təkan zamanı çölə necə çıxdıqlarını özləri də bilməyiblər. İşığın sönməsi, qaranlıq çökməsi onların həyəcanını daha da artırıb. Sonradan evin arxa divarının xeyli hissəsinin dağıldığını görüblər.

Bütün olanlara baxmayaraq, Mailə xanım ölkə rəhbərinin birbaşa hadisə yerinə gəlməsini və onlara təskinlik verməsini minnətdarlıq hissi ilə qeyd etdi. Onun sözlərinə görə, artıq onlara evi boşaltması və burada söküntüyə başlanacağı deyilib.

Şəhərdən çıxıb zəlzələnin fəsadlarının çox olduğu kəndlərdən birinə - Əngəxəran kəndinə yol alırıq. Bələdçimiz Məlhəm kənd inzibati ərazi dairəsinin nümayəndəsi İsaxan Səmədovdur. Nümayəndəliyə Məlhəm və Əngəxəran kəndləri daxildir. İ.Səmədovun dediyinə görə, təbii fəlakət baş verəndən 10 dəqiqə sonra Əngəxəranda olub. Burada 3 evdə qəzalı vəziyyət yaranıb. Növbəti gün səhər fövqəladə hallar nazirirayon icra hakimiyyətinin başçısı hadisə yerinə gəliblər. Fövqəladə hallar komissiyası bütün evlərə baxış keçiribaktlar tərtib edib.

Əngəxəran kənd sakini Maxfirət Baxşiyeva ilə söhbətləşirik. Onun dedikləri: - Yatmağa hazırlaşırdıq. Birdən evin silkələnməsini hiss edib tez bayıra çıxdıq. Üstündən az keçməmiş qonşu evimizin bir tərəfinin uçduğunu dedi. Vallah başımızı əməlli-başlı itirmişdik. Evin uçması həyəcanımızı daha da artırmışdı. Lakin az keçməmiş kəndin icra nümayəndəsi, səhəri gün isə rayon rəhbərliyinin gəlməsi bizi sakitləşdirdi. İnanırıq ki, dövlətimiz bizim üçün indikindən də daha işıqlı və təhlükəsiz evlər tikəcək. Prezidentin bu işlər üçün vəsait ayırması bizi çox sevindirir.

Kamil Mehdiyev də Əngəxəran kənd sakinidir. Deyir ki, 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə evdə oturub televizora baxırmışlar. Birinci dəfə yüngül titrəyiş hiss ediblər. Lakin ikinci təkan daha güclü olubbu anda işıqlar sönüb. Tələsik evi tərk ediblər. Hətta evin uçmasını da hiss etməyiblər. Bununla belə Kamil kişi kəndin icra nünayəndəsinin səhərə kimi yanlarında olduğunu dedi. Növbəti gün isə rayonun bütün icra strukturları onlara dəstək olublar.

Öyrəndik ki, təbii fəlakət baş verən zamandan başlayaraq rayonun mərkəzi xəstəxanası da gücləndirilmiş rejimində fəaliyyət göstərib. Mərkəzi xəstəxananın baş həkimi Səməd Fətəliyev bildirdi ki, rayonda olan həkim briqadaları ilə yanaşı, kəndlərdəki 34 həkim məntəqəsi də tam hazır vəziyyətə gətirilib. Xəstəxanaya təxminən 30 müraciət daxil olub. Həmin insanlar əsasən şəkərli diabet, hipertoniya və ürək işemiyası olanlardır. Bundan əlavə, 3 nəfər sınığı olan insanlar cərrahiyyə şöbəsinə müraciət edib. 1 nəfər isə həyəcandan nitq qabiliyyətini itirməsinə baxmayaraq, 8-10 saat ərzində səhhəti tamamilə normallaşıb. Artıq bütün xəstələr evə buraxılıb. Yalnız bir nəfər beyin silkələnməsi olan sakin müalicə alır. Onun da yaxın günlərdə evə buraxılması nəzərdə tutulur.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2019.- 9 fevral.- S.2.