Ömrün azdır, qarşıda yazdır...

 

Rəvayət

 

Çillələrlə bağlı bir çox rəvayətlər dildən-dilə keçərək bu günümüzədək gəlib çatıb.

Deyilənlərə görə, "Qış” adlı bir kişinin Böyük çillə, Kiçik çillə, Boz ay adlı üç oğlu var imiş. Qış əvvəlcə ilkini - Böyük çilləni qırxgünlük səfərə göndərir ki, gedib el-obaları gəzsin, dünyaya tamaşa eləsin. Görsünvar, nə yox, adamlar necə yaşayır, necə işləyirlər?

Böyük çillə altdan-üstən bərk geyindi. qar yapıncısını da çiyinlərinə salıb yola çıxdı. Az getdi, çox dayandı, çox getdi, az dayandı, axır ki, dekabrın iyirmisində gəlib el-obaya yetişdi. Adamlar səhər yuxudan oyanıb çölə baxanda gördülər ki, hər yan ağappaq qara bürünüb. O saat barmaqlarını dişlədilər ki, Böyük çillə gəlib çıxıb. Deməli, nə az, nə çox, düz qırx gün dağda-düzdə, kənddə-kəsəkdə öz qar atını belədən-elə, elədən-belə çapacaq. Nə etməli, Böyük çillənin qarından-soyuğundan qorxub evin bir küncünə çəkilmək olmazdı ki! Bəs onda iş-gücün qulpundan kim yapışsın?

Çuvalların, küpələrin, xaralların ağzı açıldı, təndirlər yandırıldı, kürsülər quruldu, buğda götürülüb, səməni göyərdildi. Göyərdilmiş səməni taxta çanaqda, tabaqda döyülüb suyu sıxıldı. Yeddi qonşu evdən un alınıb bu səməni suyunda sıyıq xəmir düzəldilir, iri tavada ocaq üstə qoyulur. Başlayırlar səməni halvası bişirməyə. Halva bişənə yaxın onun içinə badam, qoz ləpəsi də salınır. Yeddi qabda yeddi evə pay göndərilir.

Qışı qarşılama mərasiminə "Kövsəc”, yolasalma mərasiminə isə "Çilləkəsdi” və ya "Çilləçıxartma” deyilmişdir.

 

Azərbaycan.- 2019.- 9 fevral.- S.7.