Minimum əməkhaqqının növbəti artımı dövlətin sosial siyasətinin davamlı olduğunu təsdiqləyir

 

Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas məqsədi ölkənin ümumi inkişafı ilə yanaşı, əhalinin sosial rifahını yaxşılaşdırmaqdır. Son 15 ildə aparılan iqtisadi islahatların nəticəsinin təhlili göstərir ki, buna maksimum nail olunur. Belə ki, həmin müddətdə maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb.

Ötən ilPrezidentin müvafiq sərəncamları ilə bütün növ pensiyalar, təqaüdlər və sosial müavinətlər artırıldı.

Əhalinin sosial rifahının yaxşılaşdırılması siyasəti cari ildə də davam edir. Prezident İlham Əliyevin "Minimum aylıq əməkhaqqının artırılması haqqında” 8 fevral 2019-cu il tarixli sərəncamı məhz bunun təsdiqidir. Həmin sərəncamla cari il martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqı 180 manat müəyyən edilib. Sərəncamın imzalanması ölkə əhalisinin 600 min nəfərinin minimum 180 manat aylıq əməkhaqqı almasını təmin edir. Bu, istər dövlət, istərsə də özəl sektorlarda fəaliyyət göstərən həmin kateqoriyadan olan bütün insanlara aiddir.

Mütəxəssislər qeyd edirlər ki, həmin sərəncamdan sonra dövlət sektorunda çalışan 450 min, özəl sektorda işləyənlərdən isə 150 min nəfərin əməkhaqlarında 30 faiz artım olacaq. Ancaq dövlətin əsas hədəfi qarşıdakı illərdə minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaqdır.

Ümumiyyətlə, Prezident İlham Əliyev bütün kateqoriyadan olan ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına xüsusi önəm verir. Dövlət başçısı dəfələrlə çıxışlarında vurğulamışdır ki, həyata keçirilən iqtisadisosial siyasətin əsas məqsədi Azərbaycan vətəndaşının rifahını yüksəltməkdir. Həmin siyasət cəmiyyətin bütün təbəqələrini əhatə etsə də, diqqət daha çox ehtiyacı olan vətəndaşlara verilir. Prezident İlham Əliyev şəhid və Qarabağ müharibəsi əlillərinə mənzillər verərkən bu barədə demişdir: "Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə evlərin verilməsi prosesi davam etdiriləcək. Əgər keçən il 626 mənzil verilibsə, bu il ən azı 800 mənzil veriləcək. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Çünki bu ailələr buna layiqdir. Biz həmişə onların problemlərini diqqət mərkəzində saxlayırıq. Altı mindən çox ailə artıq dövlət tərəfindən evlərlə təmin edilib... Bu vətəndaşlara mənzil hədiyyə etmək hesab edirəm ki, bizim borcumuzdur. Bunu edirik və edəcəyik. Bu proses davam edəcək, bütün şəhid ailələrinin nümayəndələri evlə təmin olunacaqlar”.

Onu da qeyd edək ki, bugünədək 6650 ailə belə mənzillərlə təmin olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün qorunmasına xidmət edənlərə qayğı təkcə mənzillərin verilməsi ilə bitmir. Məlum olduğu kimi, dövlət tərəfindən şəhid ailələrinin vərəsələrinə 11 min manat vəsait verilir. İndiyədək 10 minə yaxın vərəsə qeydə alınıb və yaxın zamanda onların hamısına vəsaitin ödənilməsi təmin olunacaq. Şəffaflıqsosial ədalətə söykənən bu addımın atılmasında məqsəd hər bir şəhid ailəsinin vərəsəsinin dövlətin humanist addımından bəhrələnməsini təmin etməkdir.

Hərbçilərin də sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir. Keçən il 400-ə yaxın hərbçinin mənzillə təmin edilməsi və bu prosesin cari ildə də davam etdiriləcəyinin nəzərdə tutulması dövlətin daim əsgərinin yanında olmasını təsdiqləyir.

Lakin bu da həqiqətdir ki, dövlətin ən çox vəsait xərclədiyi sosial təbəqə qaçqın və məcburi köçkünlərdir. İndiyədək 300 min qaçqın və məcbur köçkün ailəsinin evlə təmin olunması adi fakt deyil. Təkcə ötən il 5800 köçkün ailəsinə mənzil verilib. Cari ildə də bu proses davam edəcək. İlkin hesablamalara görə, bu il 5000 köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.- 13 fevral.- S. 3.