Hesablama Palatasının nümayəndə heyəti Küveyt Dövlət Auditi Bürosunda olmuşdur

 

Fevralın 12-13-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Küveyt Dövlət Auditi Bürosunun prezidentinin vəzifəsini icra edən Adel Al-Saravinin dəvəti ilə Küveytdə səfərdə olmuşdur.

Səfər Azərbaycan Respublikası Hesablama Palatası və Küveyt Dövlət Auditi Bürosu arasında əməkdaşlığın hər iki ali audit qurumu üçün aktual sahələr üzrə daha da genişləndirilməsi məqsədini daşımışdır.

Küveyt Dövlət Auditi Bürosunun inzibati binasında keçirilən görüşdə Adel Al-Saravi Hesablama Palatası və DAB arasında mövcud münasibətlər, DAB-ın Azərbaycan AAQ-i tərəfindən təşkil edilən beynəlxalq tədbirlərdə iştirakı haqqında məlumat vermişcari görüşün hər iki qurumun potensialının artırılması istiqamətində verəcəyi töhfəyə əmin olduğunu bildirmişdir. Daha sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüqar Gülməmmədov Küveyt həmkarlarının dəvəti üçün minnətdarlığını bildirmiş və Azərbaycan Respublikasının dövlət maliyyə idarəetmə sistemi, Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericiliyin formalaşma tarixçəsi və Azərbaycan AAQ-i qarşısında duran hədəf və çağırışları diqqətə çatdırmışdır.

Təsdiq edilmiş proqrama əsasən görüş hər iki tərəfin təqdimatları formatında olması nəzərdə tutulmuşdur. Küveyt AAQ-nin təmsilçiləri auditin idarə edilməsinin elektron sistemi, illik təlim planı, 2018-ci il üzrə vətəndaş hesabatı, dövlət vəsaitlərinin qorunmasında Küveyt AAQ-nin heyəti tərəfindən bilik mübadiləsinin paylaşımında rolu və auditlərdə informasiya texnologiyalarının rolu mövzularında çıxış etmişlər. Çıxışları müşayiət edən intensiv müzakirələr zamanı Hesablama Palatasının nümayəndə heyətinin rəhbəri və nümayəndələri qeyd edilən sahələr üzrə analoji təcrübələrin mövcudluğu, həmçinin, bununla əlaqəli görülmüş işlər barədə qarşı tərəfi məlumatlandırmışlar.

Görüşün növbəti hissəsində Hesablama Palatasının nümayəndə heyəti palatanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq çərçivəsi və həyata keçirilən tvinninq layihəsinə dair təqdimatlar ilə çıxış etmişlər. Azərbaycan AAQ-nin dövlət büdcəsinin layihəsinə dair verdiyi rəy və onun hazırlanması metodologiyası Küveyt tərəfinin xüsusi marağına səbəb olmuşdur. Görüşdə iştirak edən Küveyt DAB-nin rəhbərliyi sözügedən sahə üzrə Azərbaycan təcrübəsini tətbiq etmək niyyətini və bununla əlaqədar əlavə müzakirə və görüşlərin keçirilməsinin vacibliyini vurğulamışdır.

Daha sonra Vüqar Gülməmmədov Küveyt DAB-nin xatirə kitabında qeydlərini etmişdir.

Hesablama Palatasının nümayəndə heyətini Büronun informasiya mərkəzi, onun fəaliyyəti və texniki bazası ilə tanış etmişlər.

 

Azərbaycan.- 2019.- 14 fevral.- S. 5.