Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir

 

Fevralın 18-də Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, işçi qrupun rəhbəri, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türkiyə-Azərbaycan əlaqələrindən danışıb. Bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, təhsil, səhiyyə sahələrində yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın, eləcə də parlamentlərarası əlaqələrin inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, Milli Məclisin 125 deputatından 65-i Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlığı qeyd edən Şamil Ayrım xüsusilə təhsil sahəsində əlaqələrin uğurlarından danışıb.

Enerji sahəsində əməkdaşlığa toxunan dostluq qrupunun rəhbəri “Starneft emalı zavodunun önəmini qeyd edib. Bildirib ki, bu, Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır.

Tərəflər parlamentlərarası əlaqələrin inkişafına hər zaman töhfələrini verməyə hazır olduqlarını bildiriblər.

 

Azərbaycan.- 2019.- 19 fevral.- S.5.