İslahatlar innovasiyalara əsaslanır

 

Müdafiə sənayesi kompleksinin daha da modernləşməsi Azərbaycanı hərbi güc mərkəzinə çevirəcək

 

Bu gün Azərbaycan əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sabitlikinkişaf kursuna söykənərək müasirləşmə və yeniləşmə, çoxşaxəli islahatlar yolu ilə inamla irəliləyir. Respublikamız müasir dövrün çağırışlarına və təhdidlərinə cavab verən, zamanın reallıqlarına uyğun dinamik inkişaf yolundadır. İnkişaf həm də təkmil idarəetmə deməkdir. Hər bir inkişaf etmiş dövlətin tarixi sübut edir ki, onun yüksəlişinə uyğun olaraq idarəetmə aparatı da daim yenilənib. Çünki inkişaf dövlət idarəçiliyi sisteminin səmərəliliyinin yüksəldilməsini, çevik və məqsədyönlü fəaliyyət göstərən idarəetmə strukturunun formalaşdırılmasını tələb edir. Ölkənin çevik idarəçilik sisteminin olması inkişafın əsas şərtlərindən biridir.

Müdafiə sənayesi də diqqət mərkəzində və daim yeniləşməli olan innovativ sektordur. Bu sfera müvafiq malların alınması üzrə idxaldan asılılığın azaldılması, xərclərə qənaət edilməsi, silah-sursat, hərbi texnika və digər vasitələrə olan tələbatın ödənilməsi, həmçinin istehsal edilən məhsulların dünya bazarına çıxarılaraq gəlir əldə olunması baxımından mühüm sahədir. Bir çox inkişaf etmiş dövlətlərdə tarixən müdafiə sənayesi sonralar mülki məqsədlər üçün istifadə edilən texniki vasitələrin təkmilləşdirilməsi və hazırlanması mərkəzlərinə çevrilib. Bunlar bizə yaxşı məlum olan internet, ratsiyanaviqasiya vasitələri, eləcə də mülki təyinatlı digər məhsullar portfelini yaradan iri aviasiyaavtomobil konsernləridir.

Ölkəmizin mühüm, həm də gərgin və mürəkkəb coğrafi-siyasi məkanda yerləşməsi, eləcə də müharibə vəziyyətində olması belə bir sənaye sahəsinin yaradılmasını vacib edib. Bu xüsusatlar nəzərə alınmaqla 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi yüngül-atıcı silahların, döyüş sursatının, hərbi xarakterli müxtəlif texniki və nəqliyyat vasitələrinin, o cümlədən mülki sahədə gərəkli ola biləcək məhsulların hazırlanmasında nailiyyətlər əldə edib. Bununla belə, müasir gerçəkliklər, iqtisadiyyatın, rəqəmsal və biznes proseslərinin dinamikası günün reallıqlarına daha çevik yanaşılmasını tələb edirdi. Prezident İlham Əliyev bütün digər sahələrdə olduğu kimi, bu yönümdə də transformasiyanın vacibliyinə və imkanlarına əhəmiyyət verərək Müdafiə Sənayesi Nazirliyinin bazasında "Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına dair sərəncam imzaladı. Bu, dövlət aktivlərinin idarə edilməsinə yeni yanaşma, biznes məntiqinin və menecmentinin tətbiq edilməsi deməkdir. Belə dəyişikliklərin məqsədi xərclərin optimallaşdırılması, dövlət büdcəsinin yükünün azaldılması, tədqiqat və xüsusi hazırlıq mərkəzinin formalaşdırılması ola bilər. Həyata keçirilən islahatların mülki və hərbi təyinatlı innovativ məhsullar portfelinin yaradılması üçün biznesin müdafiə sənayesi ilə sıx əməkdaşlığına təkan verəcəyi gözlənilə bilər.

Dünya təcrübəsi oxşar islahatların müxtəlif nümunələri ilə zəngindir. Məsələn, ABŞ-da müdafiə sənayesində islahatların əsasının qoyulmasında həmin ölkənin müdafiə naziri Robert Maknamaranın böyük rolu olub. İlk dəfə olaraq dövlət qurumunda biznes fəaliyyəti prosesləri tətbiq edilibbiznes mütəxəssislərindən ibarət komanda bu işə cəlb olunub. Hazırda ABŞ-da DARPA (Müdafiə sahəsində Qabaqcıl təcrübənin Öyrənilməsi və İnkişafı Agentliyi) innovasiya mərkəzi fəaliyyət göstərir. Həmin mərkəz silahlı qüvvələrin ehtiyaclarının müntəzəm qiymətləndirilməsini, bu sferada yerli podratçıların cəlb edilməsi ilə müdafiə sahəsində innovasiyalar bazarının konsolidasiyası, xarici tərəfdaşlarla əməkdaşlıq əsasında birgə çalışmaqla müvafiq məhsulların hazırlanmasını təmin edir.

Bu baxımdan, İsrail hərbi-sənaye kompleksi kommersiyalaşdırılmanın daha bir bariz nümunəsidir. Belə ki, bu ölkədə istehsal edilən müvafiq məhsulların 80 faizi ixraca yönəldilib. Müdafiə sənayesi üzrə yüksək texnologiyalar sferasında İsrail digər ölkələrlə müqayisədə böyük üstünlüyə malikdir. Bundan başqa, İsrailin Hərbi-Sənaye Kompleksi təmir-modernləşdirmə işlərində yaxşı təcrübəyə malikdir. Türkiyə və Rusiya da bu sahədə liderlərdən sayılırlar.

Göstərilənləri nəzərə alaraq, strateji təyinatlı dövlət aktivlərində, o cümlədən "Azərsilah” ASC-də də dəqiq şəkildə işlənmiş biznes planinnovativ idarəetmə sistemlərinin yaradılması üzrə islahatlar aparılması vacibdir.

Rentabelli məhsullar buraxan hərbi yönümlü zavodlarda mütəmadi şəkildə istehsalat xətləri olmalı, eləcə də yerli və beynəlxalq bazarlarda tələb olunan məhsul çeşidlərinin genişləndirilməsi üçün əlavə istehsal xətləri açılmalıdır.

Hərbi-Sənaye Kompleksinin sözsüz ki, başlıca məqsədlərindən biri ölkənin Silahlı Qüvvələrinin və qanunvericiliklə yaradılan digər silahlı birləşmələrin ehtiyaclarının vaxtaşırı və obyektiv qiymətləndirilməsi, habelə avadanlığa texniki xidmət göstərilməsi üçün onlarla işçi səviyyəsində əlaqəli fəaliyyətdir.

Göstərilənlər baxımından, hərbi-sənaye kompleksi sektorunda islahatların müəyyən faktorları özündə ehtiva etməsi fikrimizcə, daha effektiv nəticə verər. Buraya sistemin auditi, rəqəmsal texnologiyaların tətbiqi və xərclərin optimallaşdırılması kimi məqamlar aiddir.

Beləliklə, yeni yaradılmış "Azərsilah” ASC-nin qarşısında daim axtarış, yeniləşmə və inkişaf kimi mühüm vəzifələr durur. İnanırıq ki, "Azərsilah” bu işlərin öhdəsindən layiqincə gələcək.

 

Tamerlan VAHABOV,

sahibkar

 

Azərbaycan.- 2019.- 19 fevral.- S.7.