Günəşin rəmzi - çillə qarpızı!

 

Adətlərimiz

 

Çox qədim zamanlarda qışın başlanması münasibətilə el-obada ilin ən uzun gecəsində keçirilən mərasimə "Şəbi-yelda” və ya "çillə gecəsi” də deyilir.

Bu mərasim çox vaxt Çillə bayramı da adlanır. Bayramda tonqallar yandırılır, ailə üzvləri onların ətrafına toplaşıb şadlıq edir, üstündən tullanırlar. Hər yerdə atəşfəşanlıq başlanır, maraqlı oyunlar, tamaşalar ifa edilir, çalıb oxuyur, oynayırlar.

Çillənin girdiyi gün şərəfinə açılmış süfrəyə müxtəlif yeməklər düzülür. Hamı süfrə başına yığışır. Böyük çillənin soyuğundan qorxmadıqlarını bildirmək üçün ortalığa yaydan saxlanılan qarpız gətirilir. Yaşıllıq, bolluq rəmzi olan qarpız çillə gecəsinin ən dəyərli payı hesab olunur.

Çillə qarpızı evin ağsaqqalı tərəfindən kəsilib dilimlənir, bütün ailə üzvlərinə paylanıb ləzzətlə yeyilir. Belə bir inam mövcuddur ki, çillə qarpızı yeyən adam az xəstələnər. Buna görə də xəstələrə çillə qarpızı ən böyük töhfə hesab edilir. Ondan nişanlı qızlara pay aparılır. Bu, el deyimlərində də öz əksini tapıb.

 

Bu qarpız çillə qarpız,

Düşübdü dilə qarpız.

Yığılıb xurcunlara,

Gedir yargilə qarpız.

 

Əlimi bıçaq kəsdi, oy,

Dəstə bıçaq kəsdi, oy,

Yarım çillə qarpızın

Yastı bıçaq kəsdi, oy.

 

Azərbaycan.- 2019.- 19 fevral.- S.10.