Leyla Əliyevanın paytaxta növbəti töhfəsi

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət” layihəsi paytaxt Bakıda uğurla davam edir.

Fevral ayının 18-də "Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nizami rayonu, Bəhruz Nuriyev küç. 39, 41, 46, 51, 53, 55, 55/57, 57 ünvanlarında 2500 nəfərə yaxın sakinin yaşadığı coxmərtəbəli yaşayış binalarını əhatə edir.

"Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad olması, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Layihə çərçivəsində abadlaşdırılan növbəti həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılmışdır. Gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 2 ədəd mini futbol meydançası, 2 ədəd şahmat meydançası, idman qurğuları, uşaqlar üçün döşəməsi xüsusi örtüklə örtülmüş uşaq əyləncə mərkəzi, 14 ədəd söhbətgah quraşdırılmış və oturacaqlar qoyulmuşdur. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılmış, binaların fasadları və giriş hissələri tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 800 m2 ərazidə yaşıllıq zolağı salınıb. Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

Nizami rayonunda sakinlərin istifadəsinə verilmiş bu həyət layihə çərçivəsində abadlaşdırılan on altıncı həyətdir.

 

Fərizə ƏHMƏDOV

 

Azərbaycan.- 2019.- 19 fevral.- S.11.