Tablolarda tarixləşən faciə

 

XX əsrin faciəsi - Xocalı soyqırımı

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı faciəsi bütün bəşəriyyəti dəhşətə gətirdi. Həmin o qarlı-çovğunlu gecədə ermənilər tərəfindən 7 min nəfərdən çox əhalisi olan Xocalıya qarşı soyqırımı siyasəti həyata keçirildi.

Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına aid 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyada döyüş maşını, 180 nəfər peşəkar hərbçisi və xeyli canlı qüvvəsi ilə dinc Xocalı əhalisinin üzərinə hücum etdilər, dünyada ağla gəlməyən ən qəddar vəhşiliklər törətdilər. Çoxsaylı ağır texnika ilə qədim tarixə malik Xocalı şəhəri tamamilə yerlə yeksan edildi, insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Uşaqlar, qızlar, gəlinlər, qocalar, xəstələr rəhm edilmədən güllələndi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər qorxunc şəklə salınanlar çoxluq təşkil edirdi. Şəhərdən canını götürüb qaçan insanlar dağlarda, dərələrdə, qarlı çöllərdə soyuqdan donub öldülər, sağ qalanların çoxu donvurmadan əlil oldu, xəstəliyə tutuldus. Dünyanın tərəqqipərvər insanları ermənilərin o gecə Xocalıda törətdikləri soyqırımını indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirir. Xocalı faciəsini tarixin yaddaşına əbədi həkk olunmuş Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, RuandaSrebrenitsa kimi dəhşətli faciələrdən fərqləndirmirlər. Adları çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuşbütün dünyada geniş əks-səda doğurmuşdur.

 

Fəryad

 

27 ildir ki, Xocalı faciəsi dünyanın mötəbər məclislərində gündəmə gətirilir, siyasətçilər danışırlar, şairlər, yazıçılar, jurnalistlər yazırlar, kinoşünaslar ekranlaşdırırlar, rəssamlar isə tablolarda, təsviri sənətdə yaşadırlar. XX əsrin əvvəllərində - 1918-ci ilin 31 martında da xalqımıza qarşı soyqırımı həyata keçirilib, Azərbaycanın müxtəlif bölgələrində insanlar vəhşicəsinə qətlə yetirilib. Bu tarixi düşmənçilik və xalqımıza qarşı nifrət hissləri ötən əsrin sonlarında Xocalı soyqırımı ilə özünün son həddinə çatdı, beynəlxalq cinayət aktı kimi tarixə düşdü. Bu qəsbkarlıq mövqeyi, cəllad erməni şovinistlərinin insanlıqdan uzaq əməlləri hələ əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycanın görkəmli qələm sahibləri Məmməd Səid Ordubadinin "Qanlı illər” və Mir Möhsün Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı əsərlərində əsl gerçək mahiyyəti ilə əksini tapıb.

Erməni vandalları havadarlarının köməyi ilə Azərbaycanın əzəli torpaqlarında törətdikləri qırğınlar, qətlə yetirdikləri adamlar, insanları öz doğma torpaqlarından didərgin salmaları o zaman Azərbaycan professional rəssamlıq sənətinin banilərindən olan Bəhruz Kəngərli yaradıcılığında geniş və təsirli şəkildə təcəssüm etdirilib. Qaçqınlar mövzusu B.Kəngərli yaradıcılığında xüsusi yer tutur. Rəssam yüksək vətəndaşlıq duyğusu və ağrısı ilə doğma el-obasından didərgin düşmüş uşaqların və qadınların yaddaqalan və sarsıdıcı şəkildə silsilə portretlərini yaradıb. 1920-1921-ci illərdə "Gənc qızın portreti”, "Xanım adlı qaçqının portreti”, "İki qaçqın qız”, "Qaçqın qadın”, "Ayaqyalın qadın”, "İki qadın fiquru”, "Oturmuş qaçqın oğlan”, "Qaçqın İmran” və başqa portret əsərlərlə rəssam bir daha erməni xislətinin və vəhşiliyinin ürək dağlayan səhnələrini təsvir edib. Tədqiqatçıların fikrincə, rəssam portretlərini yaratmış şəxslərə yemək və geyim verib, hətta onlara müəyyən miqdarda maddi kömək də göstərib. Təəssüflər olsun ki, bu əsərlərə sovetlər dövründə mütəxəssislər tərəfindən düzgün qiymət verilməyib.

Xocalı faciəsində vəhşicəsinə və amansızlıqla qətlə yetirilmiş uşaq, qadın, qocaların, həmçinin məhv edilmiş Xocalı şəhərinin, tariximaddi mədəniyyət abidələrinin təsirli səhnələri Azərbaycan təsviri sənətində və rəssamların yaradıcılığında xüsusi bir səhifə təşkil edib. Xocalı faciəsinin fəryadı, acı səhnələri və dəhşətli mənzərəsi bir çox rəssam və heykəltəraşların yaradıcılığında tam əyaniliyi ilə özünün bədii əksini tapıb.

Azərbaycan Milli İncəsənət Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında rəssamlarımızın Xocalı soyqırımının qurbanlarına həsr olunmuş əsərlərinin sayı ildən-ilə artmaqdadır. Xalq rəssamı Mais Ağabəyovun "Xocalı faciəsi”, əməkdar rəssamlar Bəyim Hacızadənin "Xocalı”, "Ömrünün axırıncı dəqiqəsi”, Fərman Qulamovun "Azadlığa doğru”, "Xeyir və Şər”, Rafael Muradovun "Qaçqınlar”, Həmzə Abdullayevin "Yandırılmış Vətən. Qaçqınlar”, "Xocalı. Güllələnmiş insanlar”, Rza Avşarovun "Xocalı faciəsi”, Sirus Mirzəzadənin "Xocalı”, istedadlı rəssamlar Nazim Məmmədovun "Vətənpərvər qız”, "Xocalının son günü”, Məmməd Orucovun "Xocalı qaçqınları”, Eldar Babazadənin "Axırıncı döyüşçü”, "Ana fəryadı”, Arif Hüseynovun "Xocalı”, heykəltəraşlardan xalq rəssamı Xanlar Əhmədovun "Ana körpəsi ilə”, "Qoca”, "Torpaqlarımız uğrunda”, istedadlı heykəltəraşlar Sahib Quliyevin "Soyqırımı”, Zakir Əhmədovun "Çingiz Mustafayev”, Nəriman Məmmədovun "Qarabağ süitası”, Məmməd Rəşidovun "Haray” və başqa əsərlərin adlarını qeyd etmək olar.

 

Acı kədər

 

Müəllifi heykəltəraşlar Aslan, TeymurMahmud Rüstəmovlar olan "Xocalı” abidəsi paytaxt Bakı şəhərində yerləşən və Xocalı soyqırımına həsr edilmiş ən yaddaqalan abidələrdən biridir. Bu gün dünyanın bir çox ölkəsində Xocalı soyqırımına həsr edilmiş abidələr ucaldılıb. Bu abidələr, eləcə də rəssamlarımızın Xocalı soyqırımına həsr etdikləri əsərlər güclü vətəndaşlıq duyğuları, acı sarsıdıcı kədər, hüzn, iztirabdramatik ovqatla doludur. Onlara tamaşa edərkən əsrin Xocalı soyqırımı qurbanlarının faciəsini hiss etməmək və onların acılarını duymamaq mümkünsüzdür. Hər il bu tarix nəinki ölkəmizdə, eləcə də dünyanın bir çox ölkəsində, şəhərində ürək ağrısı ilə qeyd olunur. Xocalı faciəsi insanlıq tarixində ən dəhşətli faciələrdən və qətliam hadisələrindən biri kimi artıq bir çox dünya ölkələri tərəfindən tanınır. Ölkəmizin müxtəlif bölgələrində Xocalı faciəsini əks etdirən xatirə-memarlıq kompleksləri inşa edilmiş, monumental heykəllər ucaldılmış, bu mövzuda kinofilmlər çəkilmiş, tamaşalar səhnələşdirilmiş, musiqi və ədəbi əsərlər yazılmışdır. Bu gün artıq təsviri sənətdə soyqırımı mövzusu kifayət qədər geniş işlənmişdir. Təsadüfi deyil ki, Xocalı faciəsinə müraciət edən fırça və tişə ustalarının sayı ildən-ilə artmaqdadır. Ən səthi hesablamalara görə, bu müəlliflərin sayı 50-dən artıqdır. Üstəlik, rəssamların mövzu daxilinə nüfuz etmələrinin müxtəlif dərəcələrini aydın müşahidə etmək olur. Tanınmış rəssam Nazim Məmmədov kimi sənətkarlar var ki, onlar soyqırımı mövzusuna bütöv rəsmlər seriyası həsr etmişlər. Bəzi müəlliflər mövzu ilə bağlı birdəfəlik aksiya qismində ayrı-ayrı müsabiqələrdə, tematik sərgilərdə bir-iki əsərlə iştirak edib. Xocalı soyqırımı mövzusu yaradıcılığının əsas xəttinin təbii davamı olan rəngkarlar, heykəltəraşlar və qrafiklər çoxdur. Onlardan biri də tanınmış rəssam Əşrəf Heybətovdur. Soyqırımı mövzusu onun üçün "Türk süitası” obrazlarının davamına çevrilmişdir. Son onillikdə Azərbaycan rəssamları tərəfindən yaradılmış bu tip əsərlər təsviri sənətin müəyyən süjet-tematik ənənəsinə daxil olmuşdur. Bu ənənənin əsasını qoyan isə, yuxarıda qeyd etdiyimiz kimi, Bəhruz Kəngərlidir. Hələ 1918-1920-ci illərdə o, özünün məşhur "Qaçqınlar” seriyasını yaratmışdı.

Bakı şəhərində Xocalı soyqırımına həsr edilimiş abidə ölkəmizin hər bir vətəndaşının üz tutduğu, Xocalı soyqırımı qurbanlarının ruhlarına ehtiram göstərdikləri and yeridir. Hər il bu abidəni Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bütün dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Bakıda yerləşən diplomatik nümayəndəlikləri, həmçinin paytaxt sakinləri böyük izdihamla yad edir, şəhid Xocalıya və xocalılılara sayğı və ehtiramlarını bildirirlər.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.-20 fevral.- S.6.