Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi olub

 

Milli Məclis və "ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə "Könüllülər Parlamenti-Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantının əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirin moderatoru "ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova bildirib ki, könüllülər hərəkatı ölkəmizdə 17 mindən çox gənci birləşdirir. Təşkilat 500-dən çox layihə həyata keçirib və 50 minədək gənci əhatə edib. Bu layihə də təşkilat üçün mühüm əhəmiyyətə malikdir.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib ki, bu layihənin həyata keçirilməsi birgə səylərin nəticəsidir. Milli Məclisin sədri Oqtay Əsədovun göstərişinə əsasən tədbir ən yüksək səviyyədə təşkil olunubkeçirilib. Gənclər Milli Məclisdə olduqları müddətdə komitə sədrləri və komitə sədrlərinin müavinləri ilə bir sıra görüşlər keçirib, maraqlı müzakirələr aparıblar. Gənclər bizim gələcəyimizdir. İnanırıq ki, gənclərimizin Vətənə xidmət istəyi bundan sonra daha da güclənəcək. Azərbaycanın belə gəncliyi varsa, ölkəmiz daim irəli gedəcək, daha böyük zirvələri fəth edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev layihənin əhəmiyyətini yüksək qiymətləndirib və onun yüksək səviyyədə keçirilməsinə görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, bu layihə gənclərimizə müəyyən təcrübə əldə etmək üçün böyük dəstəkdir. Bu, onlara deputat olmağın məsuliyyətini dərk edərək həyatda öz yollarını seçməyə kömək edəcək.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev diqqətə çatdırıb ki, layihə çərçivəsində gənclər qanunvericilik prosesi ilə yaxından tanış olublar. Belə layihələr gənclərin liderlik qabiliyyətinin önə çəkilməsinə və onların şəxsiyyət kimi formalaşmasına dəyərli töhfədir. Ülvi Quliyev gənclərimizi sosial şəbəkələrdə fəal olmağa, Dağlıq Qarabağ və Xocalı həqiqətlərini dünyaya çatdırmağa səsləyib.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərin ölkə həyatında iştirakçılığının artırılması, könüllülük fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bildiriblər.

Sonra fəal gənclər və Milli Məclis Aparatının bu layihənin həyata keçirilməsində iştirak etmiş əməkdaşları təltif ediliblər.

 

Azərbaycan.- 2019.- 22 fevral.- S.3.