Abidəyə çevrilmiş tarix

 

Qətlə yetirilmiş körpəsini qolları üstündə tutmuş ana... O, bu dünyanın ən böyük ağrısını, dərdini "danışır”. Təkcə bir xalqın deyil, bütövlükdə insanlığın faciəsi olan Xocalı soyqırımını haray çəkir... Baxışlarında hüzn də, fəryad da, işğala, işğalçılığa nifrət, müharibəyə etiraz da var. Bu abidələşmiş Ana XX əsrin ən dəhşətli faciələrindən birinin - Xocalı soyqırımının simvoludur.

"Ana fəryadı” adı verilmiş bu əsər heykəltəraşların təxəyyülündən yaranmadı. Müəlliflər heykəlin hazırlanmasında o dəhşətli hadisələri lentin yaddaşına köçürmüş, sonralar özü də şəhidlik mərtəbəsinə yüksəlmiş, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi videomateriallardan istifadə etdilər. Heykəldə şəhid edilmiş körpəsini köksünə sıxaraq işğalçıların zülmündən qaçan ana əksini tapdı.

Xatırladaq ki, 1993-cü ildə burada başqa bir abidə qoyuldu. Həmin "Ana fəryadı” abidəsində erməni cəlladları tərəfindən öldürülmüş körpəsini başı üzərinə qaldırmış gənc xocalılı qadın əks olundu. Müəllifi heykəltəraş Elçin Muxtarov olan həmin abidə də ermənilərdən canını qurtarıb qaçan Xocalı qadınlarının ümumiləşdirilmiş obrazıdır. Əsərdə 1992-ci ilin 25-dən 26-na keçən qarlı-şaxtalı gecədə evindən çıxmağa məcbur olmuş, ayaqyalın, böyük əzab-əziyyətlə meşələrdən, çaylardan keçib gələn ana təsvir edildi. Xocalı qadınlarının timsalı olan ananın görkəmində həm fəryad, imdad, həm də ittiham vardı. Onunla eyni taleyi yaşamış qadınların təmsilçisi olan ana sanki bütün dünyanı ittiham edir, onlardan cavab istəyir.

Sonradan Xətai Rayon İcra Hakimiyyəti tərəfindən burada daha böyük abidə ucaldılması qərara alındı. Yeni heykəlin yaradılması üçün Aslan, MahmudTeymur Rüstəmovlara müraciət olundu. Beləliklə, abidənin hazırlanması işinə heykəltəraşlar ailəsi cəlb edildi. Üzərlərinə düşən işin çox məsuliyyətli və ağır olduğunu bilən heykəltəraşlar bir neçə eskiz çəkdilər. Müzakirələrdən sonra onlardan biri qəbul edildi. Heykəltəraşlar həmin eskiz üzərində işə başladılar. Heykəlin digər müəllifi Teymur Rüstəmov sonralar bildirirdi: "Bir kompozisiyada Xocalı gecəsində baş vermiş bütün faciələri və dəhşətləri əks etdirmək lazım idi, əlində ölmüş uşaq tutmuş qadın bu təsvirdə açar rolunu oynadı”. Tarixi əsərin ərsəyə gəlməsindən danışan heykəltəraş Mahmud Rüstəmov isə belə demişdi: "Təbii ki, bunu işləmək asan deyildi. Faciəni əks etdirən şəkillər ürəyimizi pərən-pərən edirdi. Çoxuna baxmaq mümkün deyildi. Bu, böyük ağrıdır, çox ağır tarixdir. Bunu nəinki xalq, bütün dünya bilməlidir ki, ermənilər bizə qarşı belə soyqırımı törədiblər. Biz çalışdıq ki, bu abidə ilə bütün məlumatları çatdıra bilək”.

 

Bir günün şəhidləri...

 

2007-ci ilin sonu, 2008-ci ilin əvvəlində Bakı şəhərinin Xətai rayonunda, Şah İsmayıl metrosu yaxınlığında 25 min kvadratmetr ərazidə bərpa işləri görüldü və abidə kompleksi yenidən quruldu, 1993-cü ildə qoyulmuş "Ana fəryadı” heykəlinin yerində yenisi ucaldıldı. Abidə kompleksinin məzmununda elə ciddi dəyişiklik olmadı. Sadəcə birinci heykəldə ana öldürülmüş körpəsini başı üzərində qaldırıb, ikincidə isə qolları üstündə tutub.

2008-ci il fevralın 26-da - Xocalı faciəsinin ildönümü günü yeni abidənin açılışı oldu.

Aslan, MahmudTeymur Rüstəmovların həmmüəllifi olduqları tuncqara qranitdən hazırlanan abidənin hündürlüyü 8,6 metr, heykəlin hündürlüyü isə 3,2 metrdir. Abidənin postamentində yerləşdirilmiş barelyeflərdə Xocalı faciəsi zamanı qətlə yetirilmiş 613 nəfərin adı həkk olunub. Soyqırımı zamanı qətlə yetirilənlərdən 169-u uşaq və qadınlardır. Xocalı faciəsində elə ailələr var ki, bir neçə üzvünü itirdi, 8 ailə isə tamamilə məhv edilmişdi. Onların doğum illəri, ayları, günləri fərqli olsa da, ölüm günləri birdir - 26 fevral 1992-ci il... Buna görə də lövhədə ölüm günləri qeyd olunmayıb.

 

Xalqımızın ziyarət yeri...

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə yer üzündən silinən şəhərin şəhid edilmiş, ağrılı bir tarixin şahidlərinə çevrilmiş sakinlərinin fəryadını əks etdirən bu abidə xalqımızın ziyarət yerlərindən biridir. Hər il fevralın 26-da - Xocalı soyqırımının anım günündə dövlət, hökumət, ictimaiyyət nümayəndələri, eləcə də minlərlə paytaxt sakini Xocalı Abidəsi Kompleksini ziyarət edir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecəyə qədər xalqımıza qarşı törədilən qətliamlar, onların səbəbləri və həmin gecə Xocalıda əhaliyə qarşı törədilən vəhşiliklər lənətlənir. "Ana fəryadı” Xocalı soyqırımının real təsvirini verir. İşğalçı qüvvələrin xocalılılara qarşı vəhşiliklərini, uşaqdan böyüyədək kimsəyə aman vermədiklərini göstərir.

Bu abidə təkcə xocalılıların yox, ümumiyyətlə, zaman-zaman ermənilərin həyata keçirdikləri terrorların, soyqırımlarının, sui-qəsdlərin qurbanı olmuş Azərbaycan övladlarının daşlaşmış haray səsləridir. "Ana fəryadı” Xocalı şəhərinin fəryadıdır. Ancaq kədərlə ona dikilən baxışlardan yalnız imdad diləmir, həm də Xocalıya, xocalılılara ədalət tələb edir.

Xocalının səsini dünyaya bəyan etmək hər bir azərbaycanlının mənəvi borcudur. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində bu cür sənət əsərlərinin rolu isə danılmazdır.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.-22 fevral.- S.10.